RU

Ermənistandan Azərbaycana qarşı daha bir təxribat: "Rəhbərlik gülünc bəhanələr gətirir"

"Ermənistanın növbəti dəfə şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutması bu ölkənin nəinki sülh istədiyini, əksinə, təxribatçı addımlarla sabitliyin pozulmasına yönəlik fəaliyyətlərini davam etdirdiyini göstərir".

Azreform.info xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında hərbi ekspert Azər Bayramov deyib.

O bildirib ki, Ermənistanın əsas havadarı Fransa da daxil olmaqla digər ölkələr tərəfindən silahlanması bu ölkənin cəmiyyəti və ordusundakı revanşistləri daha da ruhlandırır:

"Deməli, Ermənistanın sülhlə bağlı danışıqları da cəfəngiyyatdan başqa bir şey deyil. Biz əməli olaraq Ermənistanın sürətli şəkildə silahlanmasını, ordusunun yenidən formalaşması üçün "islahat"ların aparılmasını, ehtiyatda olan hərbçilərin yenidən orduya cəlb olunması istiqamətində fəaliyyətlərini izləyirik. Ermənistanın baş havadarı Fransanın hərbçisinin də Ermənistan ordusuna müşavir təyin olunması bu təxribatlarda Ermənistan ordusunun tək olmadığını bir daha təsdiqləyir.

Məhz belə təxribatçı fəaliyyətlərlə yanaşı, Azərbaycan-Ermənistan şərti sərhədinə yaxın ərazilərdə "Yerkrapa" terror qruplaşmasının üzvlərini yerləşdirməklə belə təxribatlar üçün şərait yaratmağa çalışırlar ki, bundan da Ermənistanın hərbi-siyasi rəhbərliyi məsuliyyət daşıyır.

İndi hər hansı bir formada Ermənistanın hərbi-siyasi rəhbərliyi riyakarcasına yaxasını kənarda tutmağa çalışır və bir çox gülünc bəhanələr gətirərək, prosesin gedişatının onun iradəsindən kənar olduğunu cəmiyyətə sırımağa çalışır. Əlbəttə ki, bunların hamısı absurddur. Biz əminik ki, bu təxribatların arxasında ilk növbədə Ermənistanın hərbi-siyasi rəhbərliyi dayanır. Ermənistan ordusu daha çox silahlandıqca biz şərti sərhəd bölgələrində daha çox təxribatın şahidi olacağıq.

Azərbaycan bu təxribatlara hələ ki səbirlə yanaşır, bu problemin həlli və sülh sazişinin imzalanması üçün danışıqlar yoluna üstünlük verir, lakin təəssüf ki, biz qarşı tərəfdən bizim humanist yanaşmanın qarşılığı olaraq təxribatçı fəaliyyətləri izləyirik".

"Bununla yanaşı, Avropa İttifaqının dırnaqarası müşahidə missiyası hazırda da Ermənistan ərazisində fəaliyyət göstərir, lakin bu təxribatlara görə İrəvana hər hansı xəbərdarlığın edildiyini görmürük. Bu da bir daha həmin dırnaqarası missiyanın riyakarlığından xəbər verir. Ancaq Ermənistan və havadarları unutmamalıdırlar ki, belə təxribatlara Azərbaycan çox da səssiz qalmayacaq, əksinə, zamanı gəldiyində bütün zəruri və adekvat tədbirləri həyata keçirəcək. Yaranacaq nəticələrdən isə Ermənistan və ona havadarlıq edən dövlətlərin hərbi-siyasi rəhbərlikləri məsuliyyət daşıyacaqlar", - ekspert əlavə edib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, yanvarın 5-i saat 22:00-dan 22:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ və Xanazax istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Yanvarın 6-sı saat 14:10 radələrində isə Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə Gorus rayonunun Dığ istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

Избранный
66
3
azreform.info

10Источники