RU

İssa Kabore “Mançester Siti”ni “Verder”ə dəyişdi

Burkina Faso yığmasının və İngiltərənin “Mançester Siti” klubunun futbolçusu İssa Kabore bundan sonra “Verder”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Almaniya klubunun rəsmi saytına istinadən xəbər verir.

Bundesliqa təmsilçisi 23 yaşlı oyunçunu cari mövsümün sonuna kimi icarəyə götürüb. Müqavilədə satınalmaya dair şərt nəzərdə tutulmayıb.

Xatırladaq ki, burkina-fasolu müdafiəçi cari mövsümün ilk yarısında “Benfika”nın (Portuqaliya) uğurları üçün çalışıb. O, bu klubun heyətində cəmi 7 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub. Sağ cinah müdafiəçisinin Portuqaliya klubunda kifayət qədər oynamaq şansı qazanmadığı üçün “Benfika”nı tərk etdiyi bildirilir.

İssa Kabore Burkina Fasonun “Rahimo” klubunun yetirməsidir. O, peşəkar karyerasına Belçikanın “Mexelen” klubunda başlayıb. “Mançester Siti” onu 2020-ci ildə 4,5 milyon avroya məhz “Mexelen”dən satın alıb. Amma müdafiəçi İngiltərə klubunun əsas komandasında debüt şansı qazanmayıb. Bu üzdən də “şəhərlilər” onu “Trua”, “Olimpik” (Marsel), “Luton Taun” kimi klublara icarəyə verib.

Kabore “Mançester Siti”nin əsas komandasında debüt şansı qazanmasa da, bu klubla İngiltərə Super Kubokunun qalibi olub.

Burkina Fasonun U-20 yığmasında da oynamış müdafiəçi 2019-cu ilin iyun ayında əsas millidə debüt edib. O, Burkina Faso yığmasının heyətində 45 oyuna çıxıb, 2 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı 23 yaşlı müdafiəçinin transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Избранный
25
arena.az

1Источники