RU

Universitetlər imtahana gəlməyən tələbələrə hansı hallarda güzəşt edir? - SORĞU

Universitetlərdə payız semestrinin qış imtahan sessiyası başlayıb. Bu münasibətlə tələbələr imtahanlara hazırlaşırlar. Bəzən isə müəyyən xoşagəlməz hallarla bağlı tələbələr imtahana daxil ola bilmirlər.

 

Maraqlıdır, semestr imtahanında hər hansısa səbəbdən iştirak edə bilməyən tələbələr üçün universitetlərdə güzəştlər olunurmu?

 

AzEdu.az Təhsil Portalı olaraq məsələ ilə bağlı universitetlərə sorğu ünvanladıq.

 

Bakı Dövlət Universiteti (BDU) Mətbuat xidmətinin rəhbəri Kəmalə Namazova bildirib ki, bu məsələ Nazirlər Kabinetinin 348 saylı qərarı, Elm və Təhsil Nazirliyinin imtahan sessiyasının təşkili ilə bağlı əmri və "Təhsil haqqında" qanunla tənzimlənir:

 

“Adıçəkilən sənədlərdə hansı qaydalar nəzərdə tutulursa, BDU ona əməl edir”.

 

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova sorğuyla bağlı qeyd etdi ki, təhsilalanların səhhəti ilə bağlı problemin yaranmasına dair təqdim etdikləri tibbi arayışları 3 nömrəli tələbə poliklinikası tərəfindən təsdiq etdiyi halda  imtahanda üzrlü səbəbdən iştirak etməmək üçün əsas yaradır:

 

“Təhsilalanın özünün toyunun olması (toy günündən əvvəlki və sonrakı maksimum 3 gün müddətində), bacısının - qardaşının toyunun olması (toy günündən əvvəlki və sonrakı maksimum 1 gün müddətində)

 

Təhsilalanın ailə üzvünün-atasının, anasının, bacısının, qardaşının, babasının, nənəsinin, ailəli olduğu  halda ərinin, arvadının dünyasını dəyişməsi (ölüm halı baş verdiyi gündən sonrakı 3 gün müddət ərzində) üzrlü səbəb kimi qəbul edilir. Üzrlü sayılanlar imtahan bitdikdən sonra 10 gün ərzində təkrar imtahan verə bilərlər”.

 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Media və PR bölməsinin rəhbəri Nicat Abdullayev sorğuya cavab olaraq bildirib ki, üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələr universitet rəhbərliyinə müraciət edirlər:

 

“Azərbaycan Memarlıq və İnşaat Universitetində payız semestrinin qış imtahan sessiyası başlanılıb. Tələbələr imtahanlarda mütəşəkkil şəkildə iştirak edirlər. Əgər tələbə üzrlü səbəblərdən imtahanlara daxil ola bilməyibsə, o zaman rektorun göstərişi ilə həmin tələbələrə yenidən imtahan vermələri üçün şərait yaradılır”.

 

Sorğuya cavab olaraq Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəhruz Nəzərov bildirdi ki, təhsilalanlar üzrlü səbəbdən imtahanda iştirak edə bilməyibsə və bununla bağlı universitetə arayışla müraciət edibsə, həmin tələbə fevral ayının 1-dən 14-dək ödənişsiz şəkildə imtahanda iştirak edə bilər:

 

“Tələbə neçə fənn üzrə imtahanda iştirak etməyibsə, 14 günlük semestr tətili boyunca o imtahanlara daxil ola bilər (Həmin müddətə neçə imtahan vermək mümkün olarsa).

 

Əgər tələbə üzrsüz səbəbdən imtahana daxil olmayıbsa, o zaman 2 fəndən artıq olmamaq şərti ilə imtahan veriləcək fənnin kreditinin 25%-i qədər ödəniş edərək fevralın 1-dən 14-dək həmin iki fənn üzrə imtahana daxil ola bilərlər”.

 

Bakı Mühəndislik Universitetinin (BMU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məsələ ilə bağlı qeyd edib ki, üzrlü səbəbdən imtahanlarda iştirak etməyən tələbələr olduğu təqdirdə onlar üçün müvafiq qanunvericiliyin tələblərinə uyğun şəkildə təkrar imtahanların təşkili təmin olunacaq:

 

“Bakı Mühəndislik Universitetində (BMU) ötən ayın 29-dan etibarən bakalavriat və magistratura səviyyələrində 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasına start verilib.

İmtahana üzrlü səbəbdən gəlməyən tələbə 3 gün ərzində bununla bağlı dekanlığa rəsmi sənəd təqdim etməlidir. Belə tələbələrə növbəti semestr başlayana qədər təkrar imtahan vermək üçün şərait yaradılır və qabaqcadan tələbələr bu barədə məlumatlandırılır”.

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev bildirib ki, ADPU-da üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələr üçün güzəştlər tətbiq olunur:

 

“Belə ki, əgər tələbələr üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilmirsə, Pedaqoji Universitetin Elmi Şurasının 25 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Dövlət Pedaqoji Universitetində imtahan sessiyasının təşkili və keçirilməsi qaydaları"nın 2.7-ci bəndinə əsasən, 3 gün ərzində universitet rəhbərliyinə ərizə ilə müraciət edərək bu haqda məlumat verirlər. Semestr imtahanları yekunlaşdıqdan sonra həmin tələbələr üçün ödənişsiz təkrar imtahanlar təşkil olunur.

 

Qeyd edək ki, bu  25%-lik imtahan deyil. Bu imtahan yaranmış üzrlü səbəbə görə tələbələr üçün yaradılmış güzəştdir”.

 

Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Lalə Dilanova sorğuya cavabında qeyd edib ki, AU-da imtahanlarda üzrlü səbəblərdən iştirak edə bilməyənlərə yenidən imtahan vermək üçün güzəşt tətbiq olunur:

 

“Azərbaycan Universiteti 05.02.2024-cü il tarixli, 06 saylı Elmi Şurasının qərarı ilə təsdiq edilmiş "İmtahan sessiyasının təşkili və keçirilməsi qaydalarına dair ƏSASNAMƏ"nin 26.2 bəndinə əsasən "Üzrlü səbəbdən imtahanda iştirak etməyən və bu barədə rəsmi sənəd təqdim edən tələbələrə növbəti semestr başlayana qədər bir dəfə həmin fəndən (fənlər) ödənişsiz təkrar imtahan vermək imkanı yaradılır". Əlavə hər hansı güzəşt nəzərdə tutulmur”.

 

Azərbaycan Texniki Universitetinin (AzTU) Mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərova bildirib ki, bu il üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə fevralın 5-dən 15-dək həmin fənlərdən imtahan vermək üçün şərait yaradılacaq.

 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Mətbuat katibi Şəhanə Müşfiq sorğuya cavabında qeyd edib ki, üzrlü səbəblərdən semestr imtahanlarında iştirak edə bilməyən tələbələrə güzəşt tətbiq olunur:

 

“Tələbə hansı səbəbdən imtahanda iştirak edə bilmədiyini əsaslandırıqda, bunun üçün xüsusi sənəd, yaxud arayış təqdim etdikdə həmin tələbənin növbəti günlərdə imtahan verməsinə şərait yaradılır”.

 

Sorğumuza Lənkəran Dövlət Universitetinin (LDU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova cavabında bildirdi ki, LDU-da tələbə imtahanlarda tam müstəqil olaraq özünün hazır olduğu günləri seçir:

 

“Semestr imtahanlarının tarixi və zamanını universitet deyil, tələbə müəyyənləşdirir. Tələbə seçiminə uyğun sessiya müddətində istədiyi günü, günün saatlarını seçə və seçdikdən sonra ən sonuncu gün daxil olmaqla dəfələrlə dəyişə bilər”.

 

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki,  üzrlü səbəbdən imtahanda (imtahanlarda) iştirak etməyən tələbəyə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin imtahanı (imtahanları) vermək imkanı yaradılır:

 

“Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunacaq. Bütün hallarda təkrar imtahan verən tələbənin ümumi qiymətləndirilməsi zamanı onun fənni (fənləri) dinlədiyi semestrdəki cari qiymətləndirilmənin nəticələri nəzərə alınacaq və qazandığı kreditlər tədris planı üzrə həmin fənni (fənləri) dinlədiyi semestrə aid olunacaq. Üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbə növbəti semestrin dərsləri başlanana qədər imtahanda iştirak etdikdə, həmin fənn üzrə təkrar imtahan üçün ödəniş etmir, digər hallarda isə tələbənin imtahan üçün ödəniş haqqı bu Qaydaların 4.3-cü bəndinin tələblərinə uyğun həmin fənn üçün müəyyən edilən məbləğin 25 faizindən çox olmamaq şərtilə ali təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyənləşdirilir və həmin müəssisənin rəsmi internet səhifəsində yerləşdirilir. Bütün digər hallarda akademik borcu olan tələbə fənni yenidən dinləməli və həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənim-sənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir”.

 

Bakı Avrasiya Universitetinin (BAAU) İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis Qurban Qurbanzadə qeyd etdi ki, BAAU-da təhsil alıb, imtahanlarda iştirak edə bilməyən tələbələr üçün güzəştlər tətbiq olunur:

 

“Hazırda Bakı Avrasiya Universitetində 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Proses 2025-ci ilin 1 fevralına qədər davam edəcək.

 

İmtahanda hər hansısa bir səbəbdən iştirak edə bilməyən tələbələr öz keçərli səbəbləri ilə etdikləri müraciətə əsasən sessiya imtahanları başa çatdıqdan sonra onlar üçün təşkil edilmiş imtahanlarda iştirak edəcəklər”.

 

Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov bildirdi ki, üzrlü səbəblərdən imtahanlarda iştirak edə bilməyən tələbələr üçün müəyyən güzəştlər olunur:

 

“Universitet daxilində dekanlıqda əvvəlcədən yaradılmış komissiyalarda imtahanda iştirak edə bilməyən tələbələr müəyyənləşdirilir. Bundan sonra həmin təhsilalanların imtahanda iştirak etmələri üçün şərait yaradılır. Əgər səhhəti ilə bağlı problem səbəbindən tələbə imtahana gəlməyibsə, ondan müvafiq arayış tələb olunur.

 

İndiyə qədər bu qayda bütün semestrlərdə tətbiq olunub. Mövcud vəziyyətlə bağlı hər hansısa tələbə sıxışdırılmır. Təbii ki, sui-istifadə halları olmamaq şərti ilə”.

 

Azərbaycan İlahiyyat İnstitutundan sorğumuza cavabda bildirildi ki, tələbə üzürlü səbəbdən iştirak etmədiyini təsdiq edən sənədi təqdim etdikdən sonra ona bir dəfə həmin imtahanda (imtahanlarda)  iştirak etmək hüququ verilir:

 

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunda semestr imtahanlarında hər hansı üzürlü səbəbdən (infeksion xəstəlik, yaxın qohumunu itirmək və sair) iştirak etməyən tələbələrə qanunvericiliyə əsasən güzəştlər tətbiq olunur.

 

Belə ki, tələbə üzürlü səbəbdən iştirak etmədiyini təsdiq edən sənədi təqdim etdikdən sonra ona bir dəfə həmin imtahanda (imtahanlarda)  iştirak etmək hüququ verilir.  Bu imkandan istifadə etməyən tələbə üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə hesab olunur və növbəti semestr həmin fənndən (fənnlərdən) yenidən kreditləri dinləməli, cari qiymətləndirməyə əsasən imtahan (imtahanlarda) iştirak etməlidir”.

 

Qərbi Kaspi Universitetinin Mətbuat katibi Vüsal Məmmədov tələbələrə hansı hallarda güzəştlər edildiyi ilə bağlı məlumat verib:

 

“Əgər tələbə hər hansısa xəstəlik səbəbindən imtahanda iştirak edə bilmirsə, o halda müvafiq sənəd təqdim etdikdə, eləcə də ölkə üzrə ekstremal hallar ilə bağlı imtahana gəlmək mümkün olmadıqda, o halda həmin təhsilalanlara güzəştlər edilə bilər. Bu məsələlərlə bağlı Qərbi Kaspi Universiteti humanist və tələbəyönümlü yanaşma göstərir”.

Избранный
36
azedu.az

1Источники