RU

“SOCAR Türkiyə” regionda rolunu gücləndirir

“SOCAR Türkiyə”yə məxsus STAR Neft Emalı Zavodu (NEZ) 2024-cü il ərzində xam neft emalı həcmini 2,5 faiz artıraraq 13 milyon tona çatdırıb. Bu məlumatı  “SOCAR Türkiyə”nin baş icraçı direktoru Elçin İbadov şirkətin 2024-cü ilin yekunlarına həsr olunan illik ənənəvi mətbuat konfransında bildirib. 

Baş direktor onu da vurğulayıb ki, müəssisə Türkiyənin emal olunmuş neft məhsulları ehtiyacının 18 faizini təmin edib. Zavodun 2 ay müddətinə əsaslı təmirə dayandırılması və yenilənməsi layihəsinə 56 milyon ABŞ dolları həcmində investisiya yatırılıb. Fəaliyyətə başlamasından sonra ilk planlı dayandırılmaya əsasən, müəssisənin yenilənmə üçün hazırlıq müddəti 2,5 il, tətbiq müddəti isə 2 il olub.

Mətbuat konfransında  “PETKİM”, “SOCAR Depolama”, “SOCAR Petrol Ticaret” və “SOCAR AR-GE”nin ötən ilin yekunları ilə bağlı göstəriciləri də     açıqlanıb. Elçin İbadov bildirib ki, hesabat ilində “PETKİM”in istehsal həcmi 2 milyon ton olub ki, bu da Türkiyənin daxili məhsul ehtiyacını 11 faiz qarşılayıb. “SOCAR Türkiyə”nin baş direktorunun məlumatına görə, “Petkim Liman Moderniləşdirmə  Layihəsi”nə 70 milyon ABŞ dolları, “Petkim Tullantı Su Qurğusunun İnkişaf Layihəsi”nə isə 20 milyon dollar investisiya yatırılıb.

“SOCAR Depolama” şirkətinin 2024-cü il ərzində saxlama çənlərinin həcmi 530 milyon kubmetr yanacaq, 45 milyon kubmetr maye qaz olub. Ötən il ərzində işlənmiş məhsulların miqdarı 3 milyon ton, doldurulmuş tankerlərin sayı isə 127 minə çatıb. “SOCAR Petrol Ticaret” şirkəti yanacaq, hava və dəniz nəqliyyatı yanacağının topdan və pərakəndə satışı nöqtələrinin sayını 14-ə çatdırıb. Ötən il, həmçinin İstanbul Hava Limanına təyyarə yanacağının tədarükü üzrə müqavilə də imzalanıb.

Jurnalistlərə o da bildirilib ki, “SOCAR AR Ge” şirkətinə Aİ tərəfindən təmin edilən fond vasitəsi ilə 1,3 milyon manat dollar vəsait ayrılıb. Bu layihədə  ticarət üçün lazımi məhsul sayı 5, dayanıqlılıq sahəsində həyata keçirilən layihələr 13,  patentləşmə sayı isə 11 olub. Bütün bunlar onu göstərir ki, Azərbaycana məxsus “SOCAR Türkiyə” şirkəti  regionda strateji enerji təminatçısı rolunu gücləndirir.

“SOCAR Türkiyə” rəhbərliyinin İstanbulda keçirilən və 2024-cü ilin yekunlarına həsr edilən mətbuat konfransında şirkətin emal və neft-kimya biznes vahidinin rəhbəri Kənan Mirzəyev jurnalistlərin suallarına cavab verərkən qeyd edib ki, adıçəkilən layihələrin həyata keçirilməsi çərçivəsində 2025–2026-cı illər ərzində ilkin layihələndirmə sənədinin hazırlanması aparılacaq. Sənədin hazırlanmasına 50 milyon dollar həcmində sərmayə tələb olunacaq. Bundan sonra isə   investisiya qərarı veriləcək. 

Layihə yeni müəssisələrin yaradılmasını və “PETKİM”ın bazasında hazırda fəaliyyətdə olan zavodların güclərinin inkişafı və artırılmasını nəzərdə tutur. K.Mirzəyev, həmçinin SOCAR-ın 2008-ci ildən Türkiyənin “Petkim” neft-kimya kompleksinin zavodlarının istehsal davamlılığına əhəmiyyətli investisiyalarının həcminin 2 milyard ABŞ dollarına yaxınlaşdığını bildirərək əlavə edib ki, ötən il həmin göstərici 134 milyon dollar təşkil edib. 2008–2024-cü illər ərzində SOCAR-ın “PETKİM”in zavodlarının istehsal davamlılığına əhəmiyyətli investisiyalarının həcmi 
1 milyard 923 milyon dollar təşkil edib.

Şirkətin baş direktoru Elçin İbadov  bildirib ki, 2008-ci ildən fəaliiyyətə başlayan “SOCAR Türkiyə” şirkəti qardaş ölkə ilə strateji əməkdaşlığın simvoluna çevrilib. Hazırda Türkiyənin ən böyük xarici investoru olan SOCAR son 17 ildə bu ölkəyə, ümumilikdə, 18,5 milyard ABŞ dolları həcmində investisiya yatırıb.

İlqar RÜSTƏMOV
XQ

İstanbul

 

Избранный
31
xalqqazeti.az

1Источники