RU

TƏCİLİ: "Sevilya" Juninyodan imtina etdi? - Əmrah Çəlikəl və menecerdən açıqlamalar!

Ümid edirik ki, “Futbol+” oxucusu bu yazının sərlövhəsini oxuyanda “yenə Juninyo...” deyib qaşlarını çatmaz...

Hər halda, “Qarabağ”ın hücumçusunun “Sevilya”ya keçidi hələ tamamlanmayıb. Bu üzdən qəzetimizin işıq üzü görmədiyi günlərdə prosesdə əldə olunan irəliləyişi diqqətinizə çatdırmaq üçün daha bir neçə xəbəri dərc etməyə ehtiyac var. Əvvəlcədən qeyd edək ki, Juninyo ilə bağlı hələ bir neçə yazı da oxumağınız mümkündü. Ona görə ki, danışıqların axarından xəbərdar olan təcrübəli menecer Tural Əsgərli dünən "Football-plus.az"a verdiyi açıqlamada prosesin bundan sonra azı 3-4 gün,bəlkə də daha uzun müddət davam edəcəyini bildirdi. İndi isə son ötən həftənin yenilikləri ilə tanış olaq.

Məlum olduğu kimi, “Sevilya”nın idman direktoru Viktor Ortanın yayda “Sevilya”ya cəlb etdiyi hücumçu - Kaleçi İheanaço ümidləri doğrultmadı. Nəticədə baş məşqçi Qarsiya Pimyenta Juninyonun transferinin reallaşdırılmasıyla bağlı müvafiq təlimat verdi və hər şey məhz bu tələbdən sona başladı. Dekabrın 29-da İspaniyanın bəzi media qurumları tərəflərin razılığa gəldiyini iddia etsə də, çox keçmədən bu xəbərlər təkzib edildi. Bəs proses niyə bu qədər yubanır? “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl təklif edilən məbləğin klubun tələblərinə cavab vermədiyini deyirsə, səbəb bəllidi. O da sirr deyil ki, Pimyenta transferin mümkün qədər tez reallaşmasında israr edir. O özü bunu jurnalistlərə açıqlamasında dilə gətirib. Əmrah bəyin ötən həftə dediyi sözlər isə diqqəti daha çox cəlb edir:

“Proses davam edir. Tərəflərin maraqlarına uyğun nələrsə dəyişə, iki klubdan biri imtina edə bilər. Amma danışıqlar davam edir, oyunçu da bu keçiddə maraqlıdı”.

Yeri gəlmişkən, tanınmış insayder Fabritsio Romano Juninyonun transferi ilə bağlı razılaşmanın təfərrüatlarını açıqlayıb. O, La Liqa təmsilçisinin “Qarabağ”a 4 milyon avro + 1 milyon avro bonus ödəyəcəyini qeyd edib. Həmçinin müqavilədə “Sevilya”nın hücumçunu gələcəkdə başqa kluba satacağı halda, məbləğin 20 faizini ağdamlılara ödəyəcəyi ilə bağlı bənd də yer alacaq.

İspaniyanın “Relevo” nəşrinin yaydığı xəbəri də diqqətdən kənarda saxlamayaq. Ona görə ki, bu nəşr “Sevilya” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə “Qarabağ”a 250 min avro ödəyəcəyini iddia edib. Bu, Juninyonun müqaviləsinin qüvvədə olduğu dövrü əhatə edəcək. Həmçinin nəşr bildirir ki, yuxarıda bəhs etdiyimiz 1 milyon avro bonusu ispanlar yox, Juninyo özü “köhlən atlar”a ödəyəcək. Lakin bu da son deyil. Qısası, indi Juninyonun “Sevilya” ilə 3 illik müqavilə bağlayacağı gözlənilir. Çəlikəl demişkən, təbii ki, klublardan biri imtina etməsə...

KƏNAN BAHADIR
Избранный
16
football-plus.az

1Источники