RU

Ağrıkəsicilərdən mütəmadi istifadə sağlamlığa necə təsir göstərir?

Endokrinoloq bildirib ki,  mütəmadi olaraq ağrıkəsicilərdən istifadə insanın sağlamlığına zərər verə bilər.

İnsanlar müəyyən bir yerləri ağrıdığı zaman ilk olaraq ağrıkəsicilərə müraciət edirlər. 

Bəs, ağrıkəsicilərdən mütəmadi istifadə sağlamlığa necə təsir göstərir?

Məsələ ilə bağlı endokrinoloq Aygün Quliyeva "Operativ Media”ya bildirib ki, mütəmadi olaraq ağrıkəsicilərdən istifadə insanın sağlamlığına zərər verə bilər:

"Hər bir xəstəlik özünü simptomlarla biruza verir. Çox vaxt bəzi xəstəliklərin simptomları müəyyən ağrılar olur. Miqren adlı xəstəlik var ki, onun simptomu şiddətli baş ağrısıdır. Bəzi xəstəliklərin gedişatında ağrı, xəstəliyin son mərhələsinə yaxınlaşan bir simptom olaraq ortaya çıxır. İnsan xəstəliyini hiss etdiyi zaman ağrını da hiss edir və bu ağrını tez bir zamanda aradan qaldırmaq istəyir. Belə olduqda, aptekdən müxtəlif ağrıkəsici dərmanlara müraciət etməli olur. Bu zaman ağrı keçir, amma xəstəlik özü sağalmır, yalnız qısa müddətə susdurulur.

Lakin bu ağrı hər dəfə susdurulduqda xroniki problemə çevrilir. Mütəmadi olaraq ağrıkəsicilərdən istifadə insanın sağlamlığına zərər verə bilər. Ağrıkəsicilərin bir neçə növü vardır. İltihab əleyhinə dərmanlar, məsələn, paracetamol, beyinə birbaşa təsir edir. Bəzi ağrıkəsicilər isə mədəyə ziyan verə bilər.Ağrıkəsicilərdən istifadə etmək mədədə qoruma funksiyasını yerinə yetirən şirələrə zərər vurur və mədədə eroziyalar yarana bilər.

Uzun müddət bu dərmanlardan istifadə etmək, mədəyə, qaraciyərə və digər orqanizm funksiyalarına zərər verə bilər. Ağrıkəsicilər bədənin təbii ağrı hissini müvəqqəti olaraq susdursa da, onların davamlı istifadəsi nəticəsində bədənin dərmanlara qarşı dözümlülüyü artır. Bu zaman ağrının azalması müşahidə olunmur və insan ağrıkəsicinin dozasını artırmağa məcbur olur. Bu isə pasiyentin özündən irəli gələn bir problemdir.

İnsan yalnız ağrı zamanı bir dəfə ağrıkəsici istifadə edə bilər. Lakin mütəmadi şəkildə bir ağrı varsa, hər dəfə ağrıkəsicidən istifadə etmək düzgün deyil. İnsan dərhal həkimə müraciət etməli, xəstəliyin nə olduğunu araşdırmalı və xəstəliyin özünü müalicə etməlidir. Bir çox xəstəliyin simptomu ağrıdır.

Bildiyimiz kimi, ağrıkəsiciləri apteklərdən asanlıqla əldə etmək mümkündür. Digər dərmanlar isə həkimin reseptinə əsasən verilə bilər. Təəssüf ki, Azərbaycanda xəstələr istədikləri antibiyotikləri və hormon preparatlarını reseptsiz ala bilirlər. Hətta ixtisası olan həkimin yazdığı dərmanlar da reseptsiz əldə oluna bilər. Endokrinoloji, nevroloji və qaraciyər dərmanları da möhürsüz alına bilər. Yaxşı olardı ki, bu dərmanlar həkimin möhürü ilə satılsın".

Избранный
36
21
operativmedia.az

10Источники