RU

“Bornmut”da Evanilson şoku

İngiltərə Premyer Liqasında mübarizə aparan “Bornmut”un futbolçusu Evanilson cari mövsümün sonunadək meydana çıxa bilməyəcək.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Buna futbolçunun ayağının sınması səbəb olub. Onun ayağı Premyer Liqanın 20-ci turu çərçivəsində keçirilmiş “Everton”la matçda sınıb. “Bornmut”un 1:0 hesabıyla qalib gəldiyi oyunun 82-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalmış futbolçu artıq əməliyyat olunub. Braziliya millisinin üzvünün bərpa prosesinə start verilib. Amma onun cari mövsümün sonunadək meydana çıxması ehtimalı yoxdur. Evanilsonun ən yaxşı halda gələn mövsümün əvvəlində meydana çıxması gözlənilir.

Xatırladaq ki, Evanilson “Bornmut”a cari mövsümün əvvəlində 37 milyon avro müqabilində Portuqaliyanın “Portu” kollektivindən keçib. Bu, İngiltərə klubunun tarixinə ən bahalı transfer kimi düşüb. 25 yaşlı hücumçu sözügedən komandanın heyətində meydana çıxdığı 21 oyunda 5 qol vurub.

Braziliyalı hücumçu daha öncə “Portu”, “Fluminense”, “Samorin” kimi klublarda da forma geyinib.

Evanilson “Portu” ilə bir dəfə Portuqaliya çempionu (2021/2022) və üç dəfə Portuqaliya Kubokunun (2022, 2023, 2024) qalibi olub, Portuqaliya Liqa Kubokunu (2022/2023) və Portuqaliya Super Kubokunu (2023) qazanıb.

Braziliyalı forvard 2024-cü ilin iyun ayında debüt etdiyi ölkəsinin əsas yığmasında 2 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Избранный
20
arena.az

1Источники