RU

Kristofer Operi rəsmən “Başakşəhər”də

Kot-d’İvuar yığmasının və Fransanın “Havr” klubunun sol cinah müdafiəçisi Kristofer Operi bundan sonra “Başakşəhər”in formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu ilə 3,5 illik müqavilə imzalanıb. “Başakşəhər” bu transfer üçün Fransa klubuna 2,5 milyon avro ödəyəcək.

Kristofer Operi Fransanın “Kan” klubunun yetirməsidir. “Şatoru” və “Gent”də də oynamış müdafiəçi 2022-ci ilin iyul ayından “Havr”ın uğurları üçün çalışırdı. O, Liqa 1 təmsilçisinin heyətində 78 oyuna çıxıb, 5 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Operi 2024-cü ilin iyun ayında debüt etdiyi Kot-d’İvuar yığmasının heyətində 7 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 27 yaşlı müdafiəçinin transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, “Başakşəhər” Türkiyə Super Liqasında 26 xalla 7-ci sırada qərarlaşıb.

Yeri gəlmişkən, “Havr” gənc hücumçusu Stiv Nquranı da Belçikanın “Serkl Brügge” klubuna satıb. Liqa 1 təmsilçisi bu satışdan da 2,3 milyon avro qazanıb. 19 yaşlı fransalı forvard yeni klubu ilə 2028-ci ilin 30 iyununa kimi müqavilə imzalanıb.

Stiv Nqura “Havr”ın öz yetirəsidir. O, Fransa klubunun əsas komandasının heyətində 24 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nqura Fransanın U-17, U-19 və U-20 yığmalarında da çıxış edib.

“Transfermarkt” internet-portalı 19 yaşlı hücumçunun transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.

Избранный
48
arena.az

1Источники