RU

Vüsal Məsimov “Səbail”i “Şamaxı”ya dəyişdi

Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirən “Səbail” klubu sol cinah müdafiəçisi Vüsal Məsimov ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı oyunçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb.

Məsimovun yeni iş yeri də məlumdur. O, bundan sonra “Şamaxı”nın uğurları üçün çalışacaq. Müdafiəçi yeni klubu ilə ilyarımlıq (2025/2026-cı illər mövsümünün sonunadək) müqaviləyə imza atıb.

Xatırladaq ki, Vüsal Məsimov cari mövsümün əvvəlində “Kəpəz”dən azad agent kimi ayrılaraq “Səbail”ə keçmişdi. Həmin vaxt onunla 1 illik müqavilə imzalandığı açıqlanmışdı. Məsimov paytaxt klubunun heyətində 11 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub.

Məsimov karyerası ərzində “Kəpəz”, “Turan Tovuz” və “Qəbələ”nin də formasını geyinib. O, Azərbaycanın U-19 yığmasında oynasa da, sonradan milli komandalarımıza lazım olmayıb.

“Şamaxı” Məsimovdan öncə Cəlal Hüseynov (“Arda”, Bolqarıstan, icarə) və Murad Vəliyevi (“Levadiya”, Estoniya) heyətinə qatmış, Ramin Əhmədov və Qurban Səfərovla yollarını ayırmışdı.

“Səbail” isə bu qış fasiləsi dönəmində Marko Nikoliç (“Turan”, Qazaxıstan), İnnosent Nşuti (“One Knoxville”, ABŞ) və Mirabdulla Abbasovu heyətinə qatıb.

Избранный
18
arena.az

1Источники