Bakının Nərimanov rayonunda yerləşən məşhur "Şuşa" restoranı sökülür. Xezerxeber.az-ın məlumatına görə,
Təbriz küçəsi 61 ünvanında yerləşən 4 mərtəbəli tikilinin döşəməsi, tavanı, qapısı və pəncərəsi artıq sökülüb. Ərazidə hərəkət tam məhdulaşıdırılıb və xüsusi ağır texnikalar cəlb edilib.
Restorana aid əşyalar daşınır. Ərazidə çalışanlar bildirdilər ki, dünəndən etibarən restoranın binası ilə yanaşı, həyətindəki kabinələrin də söküntüsünə başlanılıb.
Nərimanov Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, söküntüsünə başlanan "Şuşa" restoranının ərazisi park statusuna malik olmasına baxmayaraq, illər öncə özəlləşdirilib və qeyri-qanuni olaraq sənədlər əldə edilib. Həmçinin parkda yerləşən ağaclara aqrotexniki qulluq göstərilməməsi və nəticədə onların quruması, parkın ərazisində yanğın təhlükəsi yaradacaq fəaliyyətlərin göstərilməsi, nəzarətsiz tonqal qalanması və ətraf ərazilərin bərbad vəziyyətdə olması isə ətrafda yaşayan sakinlərin haqlı narazılığına gətirib çıxarırdı. Bütün bunları nəzərə alaraq, sözügedən restoran binasının sökülməsi və park ərazisinin abadlaşdırılması qərara alınıb.
Layihə çərçivəsində Şəhriyar Parkında da yenidənqurma işləri aparılır. Parkın yay aylarında sakinlərin istifadəsinə verilməsi planlaşdırılır. Ərazidə 4 nömrəli şəhər poliklinikasının tarixi binasının bərpası və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının park ərazisinə köçürülməsi də nəzərdə tutulub.
Qeyd olunub ki, sahibkara alternativ ərazidə iaşə obyekti təklif olunsa da, o, bundan imtina edib. İcra Hakimiyyətindən o da bildirilib ki, hazırda məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır, sahibkarın mülkiyyət hüququnun pozulması halı təsdiq olunarsa, qarşı tərəfə qanunamüvafiq kompensasiya ödəniləcək.
Yayılan məlumatlarda İtaliya-Azərbaycan Universitetinin də sözügedən parkın ərazisində fəaliyyət göstərəcəyi iddia edilir. Məsələ ilə bağlı ADA Universitetindən "Xəzər Xəbər"in sorğusuna cavab olaraq bildirildi ki, İtaliya-Azərbaycan Universitetinin tikilməkdə olan tədris binası Əhmədbəy Ağaoğlu küçəsində, ADA Universiteti kampusunun ərazisində yerləşəcək. Bu ilin sonunda təhvil verilməsi gözlənilən binanın ətrafında yerləşən parkdakı yenidənqurma işləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.