RU

Ağdam Sənaye Parkı genişlənir

Burada 97 milyon manat investisiya ilə 380 nəfərlik daimi iş yeri yaradılıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə,  dövlət başçısının 2021-ci il 28 may tarixli fərmanı ilə yaradılan Ağdam Sənaye Parkının qarşısında işğaldan azad edilmiş ərazilərin bərpası, sənaye potensialının inkişaf etdirilməsi, ən əsası isə Qarabağa köçürülən əhalinin məşğulluğunun təmin olunması mühüm vəzifələr kimi qoyulub. 

Parkda indiyədək ümumi investisiyaların həcmi 271 milyon manat olan 29  sahibkarlıq subyektinə rezidentlik, 4  sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye zonasında, ümumilikdə, 2 min 400-dən çox iş yerinin yaradılması nəzərdə tutulub. Hazırda  burada   görülən işlərə 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. 

Bu gün sənaye parkında 9 müəssisə fəaliyyət göstərir. Burada istehsal edilən məhsullardan işğaldan azad olunan ərazilərdə aparılan tikinti-quraşdırma işlərində istifadə edilməklə yanaşı, daxili bazarda da satışı həyata keçirilir. Artıq ixrac istiqamətində də uğura imza atılıb. Belə ki, sənaye parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirilib ki, bu da ölkəmizin divar kağızı istiqamətində xaricə ilk satışıdır. Bundan başqa müəssisə tərəfindən MDB ölkələrinə, Türkiyə, İraq və s. ölkələrə divar kağızlarının ixracı istiqamətində danışıqlar aparılır.

Sənaye parkının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunublar.   

Ağdam Sənaye Parkında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma  aiddir.

Vaqif BAYRAMOV,
 Mirbağır YAQUBZADƏ 
XQ

 

Избранный
15
4
xalqqazeti.az

10Источники