RU

"Oleq Bakinski" zavod direktorunu butulka ilə vurub?- Məhkəmə prosesi başladı

Bu gün, yanvarın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda daha çox Oleq Bakinski kimi tanınan Oleq Andreyeviç Krapivinin cinayət işi üzrə məhkəməyə hazırlıq iclası keçiriləcək.

Mia.az
-ın məlumatına görə, Oleq Bakinski ilə bərabər hakim qarşısına Konstantin Antonoviç Kuçer çıxarılacaq. Cinayət işi hakim Elnur Nuriyevin sədrliyi ilə araşdırılacaq.

Oleq Bakinski az ağır xəsarət yetirmə, xuliqanlıq, Konstantin Kiçer isə xuliqanlıq və dələduzluqda ittiham olunur.

İş üzrə zərərçəkən ABŞ sanksiyaları altına düşən Rusiyanın “Aviazapchast” ASC-nin sahibi Valeriy Nikolayeviç Zaxarenkovdur.

Onun rəhbərlik etdiyi ASC 2020-ci ildən ABŞ Dövlət Departamentinin sanksiyaları altına düşüb. Sanksiya tətbiqi şirkətin İran, Şimali Koreya və Suriyaya münasibətdə Kütləvi Qırğın Silahlarının (KQS) yayılmaması ilə bağlı Amerika qanunvericiliyini pozması ilə əsaslandırılıb.

Oleq Krapivinin vəkili Xeyransa Babayeva Musavat.com-a açıqlamasında deyib ki, müvəkkili ittihamı qəbul etmir: “Yazırlar ki, Oleq Krapivin Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə ittiham olunur. Əslində isə ona bu maddə üzrə ittiham verilməyib. İttihamda xuliqanlıq və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə maddələri yer alır. Oleq kimsəyə qarşı xuliqanlıq etməyib, kimsəyə xəsarət yetirməyib. Mətbuatdan da xahiş edirəm ki, dəqiqləşdirilməmiş məlumatları yazıb Azərbaycanı canı qədər sevən, müharibəyə qədər Ukraynada ən böyük diasporlardan olan diasporamızın ən tanınan üzvü haqda belə yanlış məlumatlar yaymasınlar. Oleq Krapivin sırf təsadüfən bu məsələnin mərkəzinə düşmüş şəxsdir. Onun bu cinayət işində adının hallanması da zərərçəkən Valeriy Nikolayeviç Zaxarenkovun onu görüşə dəvət etməsinə görədir”.

Vəkil bildirib ki, Rusiya vətəndaşı olan Valeriy Zaxarenkov 2024-cü ildə Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovla birgə Bakıya Konstantin Antonoviç Kuçerlə kommersiya məsələləri ilə bağlı danışığa gəliblər. Valeriy Nikolayeviç Zaxarenkov Bakıda öz yaxın tanışları vasitəsi ilə Oleq Krapivinlə əlaqə saxlayıb, ondan görüşdə iştirak etməsini xahiş edib:

“Oleq Krapivin həmin görüşdə Valeriy Nikolayeviç Zaxarenkovun dəvəti ilə iştirak edib. Görüşdə Valeriy Zaxarenkov xoşagəlməyən, etik normalara uyğun olmayan sözlər işlədib. Oleq Krapivin isə onu etik normalara uyğun davranışa dəvət etməklə sakitləşdirməyə çalışıb. Valeriy Zaxarenkov xoşagəlməyən danışığını davam etdirdikdə isə Oleq Krapivin ondan üzr istəməsini xahiş edib. Valeriy Zaxarenkov Oleq Krapivinin bu xahişindən sonra daha da kobud danışıb və yerindən qalxaraq Krapivinin üstünə yeriyib. Həmin vaxt ayağı masaya ilişərək səndələyib, yerə yıxılıb və başından xəsarət alıb”.

Vəkil qeyd edib ki, növbəti gün Valeriy Zaxarenkov Sergey Vladimiroviç Styopinlə birgə hüquq-mühafizə orqanlarına Oleq Krapivindən şikayət ediblər:

“Valeriy Zaxarenkov şikayətində yazıb ki, guya Oleq Karpivin onun başına butulka vurmaqla xəsarət yetirib. Əslində isə Oleq Krapivin Valeriy Zaxarenkova xəsarət yetirməyib, onu vurmayıb. Dünyaca məşhur idmançının butulka ilə kimisə vurması uydurmadır, nağıldır”.

Vəkil görüşdə iştirak edən Sergey Vladimiroviç Styopin və Vladislav Sergeyeviç Zryanovun işdə adı keçən “Aviazapçast” və “Promışlennıye Postavki Kazaxstan” Məhdud Məsuliyyətli Cəmiyyətlərinə aidiyyətləri olan şəxslər olduqlarını da deyib.

Mətbuat nümayəndələrindən xahiş edib ki, prosesdə iştirak etməklə həqiqəti olduğu kimi ictimaiyyətə çatdırsınlar.

Избранный
1
4
mia.az

7Источники