RU

Ağdam Sənaye Parkının 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb

Yanvarın 9-da İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkına KİV nümayəndələrinin tanışlıq səfəri təşkil edilib. Səfər çərçivəsində media mənsubları Sənaye Parkının ümumi fəaliyyəti ilə tanış olublar.

Bildirilib ki, Dövlət başçsının 2021-ci il 28 may tarixli Fərmanı ilə yaradılan Ağdam Sənaye Parkı 190 hektar ərazini əhatə edir və sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq Parkın 65 faizdən çox hissəsində sahibkarlar tərəfindən məskunlaşma qeydə alınıb. Ağdam Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikinci böyük Park hesab edilir.

Parkda ümumi investisiyalarının həcmi 271 milyon manat olan 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 33 sahibkarlıq subyekti tərəfindən Sənaye Parkında ümumilikdə 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək Sənaye Parkında görülmüş işlərə rezidentlər tərəfindən 97 milyon manata yaxın investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb. Hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir.

Bu müəssisələr elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların; dam və fasad örtüklərinin; havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının; divar kağızlarının; müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin, məsaməli hörgü bloklarının və s. məhsulların istehsalı ilə məşğul olurlar.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, Ağdam Sənaye Parkında istehsal edilən məhsullardan işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti-quraşdırma işlərində geniş istifadə edilir.

Bundan başqa artıq Sənaye Parkında istehsal edilən divar kağızlarının Gürcüstana ixracı həyata keçirilib ki, bu da ölkə tarixində divar kağızı istiqamətində ilk ixracdır.

Həmçinin Sənaye Parkının digər rezidenti tərəfindən istehsal edilən müxtəlif təyinatlı ayaqqabıların ixracı istiqamətində Avropa ölkələri ilə danışıqlar aparılır, bu istiqamətdə şirkət tərəfindən artıq sertifikat əldə edilib ki, bu da sözügedən şirkətə istehsal etdiyi məhsulu Avropa ölkələrinə ixrac etməyə imkan verir.

Hazırda Ağdam Sənaye Parkının bir çox rezidentləri tərəfindən layihələndirmə işləri həyata keçirilir, 10-a yaxın müəssisədə isə isə tikinti işləri görülür.

Cari ildə Ağdam Sənaye Parkında tütün məmulatlarının istehsalı müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edək ki, ölkəmizdə mövcud sənaye zonaları iş adamlarının investisiya yatırmaları baxımından ən əlverişli biznes platformasıdır. Burada sahibkarlıq fəaliyyətinin inkişafı üçün hər cür investisiya imkanları yaradılıb. Belə ki, sənaye zonalarında sahibkarlar dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Sahibkarlar “Plug and Play” prinsipindən istifadə etməklə sənaye zonalarında öz biznes layihələrini həyata keçirə bilərlər.

Bundan başqa sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar. Bir maraqlı məqamı diqqətə çatdırım ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində rezidentlər bugünə qədər 501 milyon manatdan çox, 2024-cü ilin 11 ayında isə 40,68 milyon manat vəsaitə qənaət ediblər.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.

Избранный
1
22
vergiler.az

10Источники