RU

İrəvan deportasiya cinayətinin məsuliyyətindən qorxur

Mirzoyanın iddiasına görə, 100-ə yaxın azərbaycanlı həmin vaxt mənzillərini satıb, 160 mindən çoxu isə guya Ermənistan hökumətindən təzminat alıb

“Qarabağdan gedən ermənilərdən fərqli olaraq azərbaycanlılar kifayət qədər sivil şəkildə Ermənistanı tərk ediblər”. Musavat.com xəbər verir ki, belə bir görünməmiş həyasız iddia Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən səslənib. Erməni nazirin iddiasına görə, “100-ə yaxın azərbaycanlı həmin vaxt mənzillərini satıb, 160 mindən çoxu isə hətta Ermənistan hökumətindən təzminat alıb”.

Aydın

Aydın Hüseynov

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Ararat Mirzoyanın bu fikirləri  erməni həyasızlığının növbəti nümayişidir. Çox da uzaq olmayan, sübuta belə ehtiyacı olmayan real hadisələri-azərbaycanlıların tarixi torpaqlarından güclə deportasiya edilməsini “azərbaycanlılar sivil şəkildə Ermənistanı tərk ediblər” cümləsi ilə ifadə etmək üçün ancaq utanmazlığı adi həyat tərzinə çevirən erməni olmalısan. 300 mindən yuxarı azərbaycanlının Ermənistan adlanan Qərbi Azərbaycandan qovulması və qovularkən işgəncələrə məruz qoyulmaları, öldürülmələri faktdır: “Ortada bütün bunları təsdiq eləyən sənədlər, sübutlar var. Ermənilərin qətlə yetirdiyi azərbaycanlıların siyahısı mövcuddur, qohumları, ailə üzvləri yaşayır. Azərbaycanlıların zorla deportasiya edildiyini əslində Ararat Mirzoyan yaxşı bilir. Mirzoyan azərbaycanlıların öz tarixi torpaqlarına-Qərbi Azərbaycana qayıdışı məsələsinin Azərbaycan dövləti tərəfindən çox ciddi şəkildə qoyulduğunun fərqindədir və bilir ki, bu məsələdə Ermənistan gec-tez geri çəkilməli və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan tələbini yerinə yetirməli olacaq. Ona görə də erməni nazir erməni xislətinə uyğun davranaraq faktları danmaq yolunu seçib. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın Ermənistandan azərbaycanlıları deportasiya etdikləri, Ermənistanın bir neçə bölgəsində azərbaycanlıların sayının ermənilərdən çox olduğu və deportasiya nəticəsində Ermənistanda bir nəfər də olsun azərbaycanlının qalmadığı barədə 1993-cü ildə söylədiklərinin videosu bugünlərdə yayıldı.  Ararat Mirzoyanın dediklərini Ter-Petrosyanın həmin fikirləri də təkzib edir. Əslində keçmiş prezidentin hələ hakimiyyətdə olduğu zamanda dedikləri Ermənistan dövlətinin deportasiya cinayətinə yol verdiyinin rəsmi təsdiqidir. Xarici işlər naziri Mirzoyanı narahat edən və faktı inkar etməyə sövq eləyən həm də budur. Amma nə qədər inkar etsə də sübutlar, faktlar var. Ermənistanın ən düzgün addımı o olar ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Nikol Paşinyan Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşsün və azərbaycanlıların öz tarixi torpaqlarına qayıdışı məsələsini onların dilindən eşitsin, onlarla müzakirə eləsin. Yoxsa ki, faktları inkar etməklə Ermənistanın yol verdiyi cinayəti ört-basdır etmək və daha uzun müddət məsuliyyətdən yayınmaq mümkün olmayacaq”.

Deputat vurğuladı ki, Ermənistandan azərbaycanlıların deportasiya edilməsi ilə ermənilərin Qarabağdan köçməsini müqayisə etməyin özü tamamilə yanlışdır: “Qeyd etdiyimiz kimi, azərbaycanlılar öz torpaqlarından Ermənistan hökuməti tərəfindən güclə çıxarılıblar. Bunu Ermənistanın prezidenti olmuş şəxs də hətta qürurlanaraq söyləyir. Qarabağdan köçən ermənilərin isə əvvəla xeylisi başqa ölkələrin, həmçinin Ermənistanın vətəndaşları idilər. Onlar Azərbaycan ərazisində qanunsuz yaşayırdılar. Bunu özləri də köçən zaman jurnalistlərə etiraf ediblər. Vaxtıilə Azərbaycan vətəndaşı olan Qarabağ ermənilərinə və onların ailə üzvlərinə gəlincə, Azərbaycan dövləti onlara köçməmək, Azərbaycan pasportu alıb Azərbaycan vətəndaşı olaraq yaşamaları üçün dəfələrlə müraciətlər etdi. Ancaq onlar bu müraciətləri və çağırışları qəbul etmədilər və könllü olaraq çıxıb getdilər. Onların qarşısını kəsin zorla Qarabağda saxlamaq onların hüquqlarının pozulması olardı. Ermənilər köçərkən bir nəfər də olsun ölən və yaralanan olmayıb. Köç zamanı ermənilər bəyan edirdilər ki, onlara Azərbaycan tərəfindən heç bir təzyiq olmayıb”.

Ayxan

 Ayxan Hacızadə 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə isə bildirib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən mətbuat konfransı zamanı Qərbi Azərbaycan İcması ilə ümumilikdə indiki Ermənistan ərazisindən azərbaycanlıların deportasiyası ilə bağlı səsləndirdiyi iddialar Ermənistan tərəfindən tarixin saxtalaşdırılmasıdır: “Ermənilərin son iki yüz il ərzində kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması tarixi faktdır. Mərhələ-mərhələ gerçəkləşdirilən bu plan nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi torpaqlarından qovularaq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri məhv edilib, 2000-dən çox toponimlərin adları dəyişdirilib. Yalnız 1948-1953-cü illər ərzində 150 minə yaxın azərbaycanlı indiki Ermənistan ərazisində öz tarixi torpaqlarından kütləvi surətdə və zorakılıqla deportasiya olunub. Bununla yanaşı, 1987-1991-ci illərdə azərbaycanlıların tarixi-etnik torpaqlarından növbəti deportasiyası baş verib, nəticədə 250 mindən artıq azərbaycanlı Ermənistandan qovulub. Bütün bunları sübut edən tarixi və hüquqi sənədlər mövcuddur.

Azərbaycanlıların bölgədə mövcudluğunu problem kimi təqdim etmiş, azərbaycanlılara qarşı etnik təmizləməni və Azərbaycan ərazilərinin işğalını “600 illik problemin həlli” olduğunu bildirmiş keçmiş Ermənistan prezidenti Levon Ter-Petrosyanın və sonrakı digər erməni liderlərinin səsləndirdikləri fikirlər və yürütdükləri siyasət göstərib ki, irqçi-şovinist milli məfkurəsi hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib. Qeyd edilənlərlə yanaşı, 2020-ci il müharibəsindən sonra Azərbaycanda silahlı qüvvələrini çıxarmaqdan imtina etmiş, erməni sakinlərin yerləşdiyi ərazilərdə hərbiləşmə siyasətini və qeyri-qanuni fəaliyyətini davam etdirmiş, erməni sakinlərin Azərbaycana reinteqrasiyası prosesinə mane olmuş Ermənistanın indi beynəlxalq hüquqdan danışması absurddur".

Nazirlik rəsmisi vurğulayıb ki, Ermənistan tərəfi indiki Ermənistan ərazisində öz doğma torpaqlarından zorla qovulmuş Qərbi Azərbaycan İcmasının nümayəndələrinin hüquqlarını tapdalamaq və onlarla dialoqun hər vəchlə qarşısını almaq əvəzinə, bu icmanın sülh yolu ilə, ləyaqətli və təhlükəsizlik şəraitində geri qayıdış məqsədli Ermənistanla dialoq çağırışlarına cavab verməlidir. Ermənistanın “etnik uyğunsuzluq” konsepsiyasından və “etnik təmizləmə əsasında monoetnik dövlət titulu”ndan əl çəkib, dinc birgəyaşayışı seçdiyinin praktiki göstəricisi məhz Qərbi Azərbaycan İcmasının üzvlərinin öz tarixi torpaqlarına qayıtmasına şərait yaratmaqdan keçə bilər.

Etibar SEYİDAĞA

Избранный
3
1
ekologiya.az

10Источники