RU

Rusiyalı ekspert: Ermənistan öz ambisiyalarına görə Zəngəzur dəhlizindən kənarda qalır – MÜSAHİBƏ

Rusiyalı politoloq, Xəzər regionunun geosiyasəti üzrə ekspert, “Каспийский вестник” (Xəzər bülleteni) portalının redaktoru Vladislav Kondratyev “Caliber” analitik mərkəzinə müsahibəsində regionda gedən prosesləri və baş verən hadisələri şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik. - Dekabrın 5-də Moskvada Xəzəryanı dövlətlərin: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Nazirlərin görüşü nəyə həsr olunacaq, hansı məsələlər müzakirə olunacaq? - 2022-ci ildə Türkmənistanın paytaxtında keçirilmiş sonuncu Xəzər sammitinin yekunlarına əsasən, mövqelərin və birgə sənədlərin işlənib hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin hər il bir araya gəlməsi barədə razılıqlar əldə olunub. Yeri gəlmişkən, onların əksəriyyəti artıq hazırlanıb və hazırda müxtəlif istiqamətlər üzrə təsdiqlənmə prosesindən keçir. Türkmənistan Xarici İşlər Nazirliyinin rəhbəri Rəşid Meredovun bu yaxınlarda Xəzər Dənizi Günündə etdiyi çıxışında bu mövzuya- keçən il sammitdə əldə olunmuş razılaşmaların həyata keçirilməsinin zəruriliyinə toxunulub.Türkmənistan tərəfinin fikrincə, hazırda ekoloji problemləri, Xəzər dənizinin dayazlaşması məsələlərini, bunun regiondakı vəziyyətə necə təsir etdiyini, iqtisadi əməkdaşlıq, Xəzəryanı dövlətlərin iqtisadi fəaliyyətlərini müzakirə etmək xüsusilə vacibdir. Əvvəllər xarici işlər nazirlərinin belə görüşləri regional dövlətlərin birgə sammitlərindən dərhal əvvəl baş tuturdu. Lakin beştərəfli əməkdaşlığın intensivləşdirilməsinin yeni mərhələsinin gəlməsi ilə bu görüşlərin mütəmadi keçirilməsi qərara alındı. Bu, Xəzəryanı dövlətlərin mövqeyinin əlaqələndirilməsi üçün mühüm müsbət hadisədir və son dövrdə Xəzəryanı ölkələr arasında dialoqun səmərəliliyini qiymətləndirməyə imkan verir. - Keçən ay ABŞ dövlət katibinin köməkçisi O`Brayen Mərkəzi Asiyadan Xəzər dənizi ilə ixrac marşrutunun əhəmiyyətindən danışdı, həmçinin Zəngəzur dəhlizinin Ermənistan üzərindən çəkilməsinə çağırdı. ABŞ niyə birdən-birə Mərkəzi Asiya ölkələrindən və onların ehtiyaclarından narahatdır? Zəngəzur dəhlizi ABŞ-a nə üçün lazımdır? - ABŞ uzun müddətdir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TİTR) yaradılması üçün lobbiçilik edir və hətta deyərdim ki, bu cür tranzit kommunikasiyalarının yaradılması onların maraqlarına uyğundur. Xüsusən də Mərkəzi Asiyada, çünki amerikalılar əmindirlər ki, bu, həmin ölkələri Rusiyanın təsirindən çıxarıb öz təsirinə keçirməyə kömək edəcək. Onlar hesab edirlər ki, iqtisadi əlaqələrin gücləndirilməsi və iqtisadi artımın artması ölkələrin müstəqilliyinin möhkəmlənməsinə və onların güclü himayədarlardan qopmasına təsir edir. Üstəlik, bu, ABŞ-ın öz şəxsi şirkətlərini və Amerika biznesini yükdaşıma sahəsinə cəlb etmək maraqları ilə birbaşa bağlıdır.Zəngəzur dəhlizi Transxəzər dəhlizinin inkişafı variantlarından biridir və onu maraqlı edən də budur. Çünki indi Cənubi Qafqazdan Avropaya yeganə çıxış yolu Bakı-Tbilisi-Qars avtomobil yoludursa, Zəngəzur dəhlizi ilə yüklərin daşınması imkanları xeyli genişlənir. Türk Dövlətləri Təşkilatının son sammiti göstərdi ki, onun üzvləri Orta Dəhlizinin imkanlarını genişləndirməklə məşğuldur və vaxtaşırı bu mövzuda “saatların sinxronlaşdırılması” həyata keçirilir. - Rusiya Transxəzər dəhlizinin perspektivlərinə necə baxır? Rusiya niyə Zəngəzur dəhlizində maraqlıdır? - Bir tərəfdən, Moskvanın Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) münasibəti qətidi- əgər layihə Rusiyadan keçməyi nəzərdə tutmursa, onu öz ərazisindən malların tranzitindən gəlir əldə etmək imkanından məhrum edir, ona görə də onun üçün sərfəli deyil və əvvəllər Rusiya ərazisindən keçən marşrutlarla ciddi rəqabət yaradır. Digər tərəfdən, Moskva da başa düşür ki, 2022-ci ildən sonra tərəfdaş ölkələr öz mallarını Avropaya daşımaq üçün sabit, etibarlı yollar axtarırlar. Əks halda, onlar da sanksiya təzyiqinə məruz qala bilərlər.Eyni zamanda, Rusiyanın da Orta Dəhlizdə öz marağı var, o, öz imkanlarından Azərbaycan və Türkiyə vasitəsilə Avropaya tədarük edə biləcəyi çoxlu iri sənaye müəssisələri və məhsulların olduğu Ural və Sibir regionları üçün istifadə etməyi gözləyir. Beləliklə, ümumilikdə Rusiyanın Orta Dəhlizlə münasibəti balanslaşdırılmış və praqmatikdir.Konkret olaraq Zəngəzur dəhlizindən danışırıqsa, onda bu marşrut Rusiya üçün də son dərəcə maraqlıdır, çünki Rusiya şirkətləri artıq Bakı-Tbilisi-Qars magistral yolundan fəal istifadə edirlər- metallurgiya məhsulları, taxıl və digər Rusiya ixracatları bu yolla daşınırdı. Beləliklə, Rusiya yükgöndərənləri Zəngəzur dəhlizinin açılmasına sevinəcəklər, çünki bu, əlavə maliyyə faydaları vəd edən yeni istiqamətdir. - Ermənistan TBNM-in bir hissəsi olmağa razılaşacaqmı? - Azərbaycan rəhbərliyi uzun müddətdir ki, ölkəni iki mühüm marşrutun: Şərq-Qərb və Şimal-Cənubun kəsişməsində fəaliyyət göstərən iri regional logistika qovşağı kimi formalaşdırıb. Azərbaycan öz ərazisindən tranzitlə bağlı istənilən layihədən faydalanır. TBNM isə Azərbaycan ərazisindən keçir, Bakı onun operatorlarından biridir.Ermənistana gəlincə, açıq-aydın görünür ki, öz ambisiyaları və Azərbaycana qarşı bəzi inciklikləri üzündən Zəngəzur dəhlizinin işə düşməsindən geri çəkilməklə çox şey itirir. Və Zəngəzur dəhlizi nəhayət Araz çayının digər sahilindən- İran üzərindən keçməklə fəaliyyət göstərsə, Ermənistan bu strateji imkanını həmişəlik itirə bilər. - Hazırda Çin üçün Orta Dəhliz nə dərəcədə maraqlıdır? - İlkin olaraq TBNM-ə Pekin tərəfindən moderatorluq edilirdi və əsasən Çin mallarının Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyə vasitəsilə Avropaya tədarükü marşrutu kimi düşünülürdü. Bununla belə, TBNM-də baş verən son tədbirlər zamanı bir detal nəzərə çarpır- nədənsə Transxəzər boyu Çin mallarının həcmində nəzərəçarpacaq artım yoxdur, iştirakçı ölkələrin ümid etdiyi o qədər də tranzit yük yoxdur. İndi TBNM Çindən daha çox Mərkəzi Asiya regionundan Avropaya malların çatdırılmasına yönəlib. Ola bilsin ki, fakt budur ki, Çinin özü Orta Dəhlizi öz yükləri ilə doldurmaqda hələ fəal deyil. Bunun izahı var: TBNM-nin maddi-texniki təminatı hələ tam tənzimlənməyib, A məntəqəsindən B məntəqəsinə yüklərin çatdırılması üçün həddən artıq çox sərhəd keçməlidir. Baxmayaraq ki, hazırda dəhlizin vahid operatorunun yaradılması üçün kompleks tədbirlər görülür, vahid tarif dərəcələri razılaşdırılır. Lakin bu proses hələ tamamlanmayıb. Beləliklə, düşünürəm ki, Çinin bu prosesə fəal qoşulması üçün daha bir neçə il lazım olacaq. Tərcümə - Elçin Bayramlı

Избранный
200
sesqazeti.az

1Источники