Zəfər günləri ərəfəsində Abşeron rayonunun Xırdalan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin rəhbərliyinin təşəbbüsü ilə, Azərbaycan Yazıçılar Birliyində “İrs” komissiyasının üzvü, AYB-nin Sumqayıt şöbəsinin məsləhətçisi, həmçinin “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinin və “Zərif” Qadın Ədəbi Məclisinin sədri, “mitmedia.az” saytının rəhbəri, Prezident mükafatçısı, tanınmış şair Xatirə Fərəclinin rus dilinə tərcümə olunmuş “Зимние деревья” (“Zimniye derevya”) kitabının təqdimatı keçirildi.İlk əvvəl Dövlət himni səsləndirildi, Vətən torpaqlarının azadlığı və bütövlüyü uğrunda canlarından keçən qəhrəman oğulların - Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri giriş sözü ilə açan MKS-nin müdiri Rəşidə xanım Rzayeva gələn qonaqları salamladıqdan sonra, tədbir iştirakçılarını Xatirə Fərəcli yaradıcılığı ilə yaxından tanış etdi, həmçinin onun fərdi yüksək insani keyfiyyətlərindən söz açdı. O, nəfis şəkildə hazırlanmış 268 səhifəlik kitabda müəllifin 250-yə yaxın şeirinin 4 müəllif tərəfindən yüksək səviyyədə Rus dilinə tərcümə olunaraq oxucuların ixtiyarına verildiyini, bu addımın Azərbaycan ədəbiyyatının dünya miqyasında təbliğində önəmli rol oynadığını qeyd etdi. Sonra Xatirə Fərəclinin fəaliyyətini əks etdirən video-rolik təqdim olundu.(“Maarif” nəşriyyatında nəfis şəkildə çap olunan 268 səhifəlik kitabın redaktoru Samirə Şaqavatova, korrektoru Şəbnəm Hüseynova, rəssamı Sehran Allahverdidir).Çıxış edən natiqlər – Pedaqogika üzrə fəlsəfə doktoru Mehriban Abdullayeva, II Qarabağ müharibəsi veteranı Gülpəri Əhmədova, araşdırmaçı-yazar, sayt rəhbəri Zahir Məlikli, Cənubi Azərbaycandan olan şair Yaqoob Üsuli və şairlərdən Əzizə Ağahüseynqızı, Pərvanə Muradova, Qəzənfər Məsimoğlu, İdris Babayev və digər qələm sahibləri, xaricdə yaşayan azərbaycanlı qonaqlar Xatirə Fərəcli yaradıcılığından söz açaraq qeyd etdilər ki, özünəməxsus dəsti-xətti ilə seçilən və gözəl xasiyyəti, xarakteri ilə sevilən Xatirə Fərəclinin şeirləri axıcılığı, oxunaqlılığı ilə yanaşı, fəlsəfi fikirləri ilə insanı düşünməyə məcbur edir. Pozitiv enerjili, nikbin, qəlbi sevgi dolu olan xanımın şeirlərinin hər bir misrası insanda şairənin yaradıcılığı və həyata baxışı ilə bağlı müəyyən fikir formalaşdırır. Çıxışlar zamanı o da vurğulandı ki, kitab tərcüməsi ən çətin tərcümə sayılmaqla yanaşı, bu işə tam məsuliyyəti ilə yanaşmaq əsas şərtlərdən biridir. Belə ki, şairin düşüncələrini tam dərk etmək, mətnlərdəki bədii və poetik çalarları tərcümə olunacaq dildə düzgün anlatmaq peşəkarlıq tələb edir. Tərcümə işində, əsasən, geniş təfəkkür və zəngin dünyagörüşünə malik olmaqla, yüksək səviyyəli bir iş ortaya qoymaq gərəkdir. Xatirə Fərəcli yaradıcılığına daha yaxşı bələd olan və onu dərindən duymağı bacaran professional tərcüməçilər işlərinin öhdəsindən layiqincə gəlmiş, şairənin iç dünyasını oxuculara dolğun, düzgün tanıtmağı, söz çələngini çatdırmağı bacarmışlar. Kitabın tərcüməçiləri - Giya Paçxataşvili (şair) və Vaqif Rəsul (teatrşünas, şair, tərcüməçi) çıxış edərək müəllif haqqında ürək sözlərini söylədilər, onların zəhmətlərinə verilən yüksək qiymətə görə, təşəkkürlərini bildirdilər.
Tədbirdə iştirak edən şairlərin şeirlərini səsləndirməsi, xanəndə Hüsniyə İsmayıllının Azərbaycanın xalq mahnılarını böyük şövqlə ifa etməsi tədbirə xüsisi rəng qatdı.Sonda cıxış edən Xatirə Fərəcli təşkilatçılığa, səmimi qarşılanmaya, göstərilən diqqətə və maraqlı keçən görüşə görə, MKS-in rərbəri Rəşidə xanım başda olmaqla, bütün kollektivə öz dərin minnətdarlığını bildirdi. İştirakçılarla fikirlərini bölüşən şair, daha sonra yeni şeirlərindən bir neçəsini söylədi.
Çay süfrəsi arxasında davam edən maraqlı söhbətlər, fikir mübadilələri, həmçinin tədbir iştirakçılarının müəlliflə çəkdirdikləri şəkillər, yaddaqalan bir gündən xoş xatirə olaraq, tarixin yaddaşına həkk olundu.
İnanırıq ki, rus dilinə tərcümə olunan “Зимние деревья” (“Zimniye derevya”) kitabı təkcə qardaş ölkələrdə deyil, dünya miqyasında yayılacaq və müxtəlif xalqların nümayəndələri Azərbaycan dilinin, ədəbiyyatının zənginliyinin şahidi olacaq, isdedadlı qələm sahiblərimizi tanımaqla dostluq əlaqələrimiz daha da genişlənəcək. Nəzərə alaq ki, müxtəlif dillərə tərcümə olunmuş kitablarımız xaricdə yaşayan həmvətənlilərimiz üçün gərəkli vəsaitdir. Hər zaman axtarışda, yeni-yeni layihələr sorağında olan tanınmış, istedadlı şairimiz Xatirə Fərəcliyə cansağlığı, atdığı hər bir addımda müvəffəqiyyətlər diləyərək, “Uğur yolunuz hər zaman açıq olsun, Xatirə Fərəcli!”, - deyirik. Aygün HACIYEVA,
AJB, AYB, AAB-nin üzvü
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта