RU

BSU-da bir qrup QHT sədri ilə görüş keçirilib - FOTOLAR

Dekabrın 22-də Bakı Slavyan Universitetində (BSU) bir qrup QHT sədri ilə görüş keçirilib. 

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, görüş inklüziv cəmiyyətin formalaşdırılması üçün ali təhsil və ictimai sektor arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi məqsədilə təşkil olunub.

Görüşdə BSU-nun rektoru Anar Nağıyev, universitetin professor-müəllim heyəti, «Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Eynalova və birliyin əməkdaşı Fərid Süleymanov, “Regional İnkişaf” ictimai birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin layihə koordinatoru Simuzər Fərəczadə, “Bacarıqlı Əllər Dünyası” ictimai birliyinin sədri Azadə Məmmədova, “House of Dreams” Cəmiyyətə İnteqrasiya Mərkəzinin rəhbəri Nərgiz Əliyeva, “Ahəng” psixologiya, reabilitasiya və inkişaf mərkəzinin rəhbəri Vüsalə Əmiraslanova iştirak ediblər.

BSU-nun rektoru Anar Nağıyev bildirib ki, bu gün görüşdə iştirak edən ictimai birliklərin fəaliyyəti cəmiyyətdə faydalı layihələrlə özünü göstərir. Rektor əlavə edib ki, biz bütün təhsil prosesini, bütün heyəti, mühiti inklüzivləşdirməliyik. 

O qeyd edib ki, BSU ibtidai sinif müəllimliyi, təhsildə sosial-psixoloji xidmət, məktəbəqədər təlim və tərbiyə ixtisasları üzrə kadrlar yetişdirir. «2018-2024-сü illərdə Azərbaycanda sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”ndan bəhs edən Anar Nağıyev universitetin, xüsusən, bu ixtisaslardan məzun olan kadrlarının da gələcəkdə bu proqramların həyata keçirilməsində peşəkar mütəxəssislər olaraq daha yaxından iştirak etməsinin vacib olduğunu bildirib. Məhz bu məqsədlə də ölkəmizdə bu sahədə təcrübəsi olan qurumlarla əməkdaşlıq etmək, tələbələrin layihələrdə iştirakına şərait yaradılmasının xüsusi əhəmiyyəti qeyd olunub. 

Anar Nağıyev həmçinin bildirib ki, BSU-nun birgə əməkdaşlıq təcrübəsi mövcuddur. 2022-ci ildə Dünya Autizm Maarifləndirmə Aylığı çərçivəsində təşkilatla birgə BSU-da silsilə tədbirlər, sərgilər və konfrans təşkil edilib.

Ötən ildən BSU-da autizm aylığı çərçivəsində bir çox tədbirlər, o cümlədən Elm və Təhsil Nazirliyi (ETN) və digər tərəfdaşların iştirakı ilə "İnklüziv təhsildən inklüziv cəmiyyətə (ITIC)" adlı birinci respublika elmi-praktik konfransının həyata keçirildiyini diqqətə çatdırıb. O əlavə edib ki, 2023-cü ildən etibarən BSU-da "İnklüziv təhsildən inklüziv cəmiyyətə (ITIC)" layihəsi genişləndirilib. BSU-da keçirilən müxtəlif tədbirlərlə yanaşı, ETN-nin dəstəyi ilə 4 regional təhsil idarəsində "İnklüzivliyə doğru növbəti addım" adlı regional görüşlər təşkil olunub, tədbirlər həyata keçirilib.

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsinin əsas ideyası pedaqoji profilli ali təhsil müəssisələrində inklüziv təhsil üzrə müəllim hazırlığı və ixtisasartırmaya dəstək olmaq, şəbəkələşməni gücləndirmək vasitəsilə cəmiyyətin inkişafında inklüziyaya dəstək verməkdir.

Daha sonra QHT sədrləri qurumların fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər, universitetlə tərəfdaşlığın istiqamətləri müzakirə olunub, görüləcək işlər haqqında təkliflər səsləndiriblər. 

Sonda Bakı Slavyan Universietinin rektoru Anar Nağıyev və "Birgə və Sağlam” ictimai birliyinin sədri Aytən Eynalova əməkdaşlığa dair Anlaşma memorandumu imzalayıblar. 

Aytən Eynalova sağlamlıq imkanları məhdud uşaqların hazırladığı əl işlərini və hədiyyələri Anar Nağıyevə təqdim edib.

Избранный
302
tehsil.biz

1Источники