RU

Məhkəmə ekspertizasının fəaliyyəti rəqəmsallaşdırılır

Ədliyyə Nazirliyi “Məhkəmə ekspertizası mərkəzinin rəqəmsallaşdırılması” mövzusunda ictimai təqdimat keçirib.

"Report" xəbər verir ki, tədbirdə Ədliyyə Nazirliyinin rəhbərliyi və aidiyyəti məsul işçiləri, məhkəmə ekspertizalarını təyin edən dövlət orqanlarının rəhbər şəxsləri, rayon (şəhər), ixtisaslaşmış və apellyasiya instansiya məhkəmələrinin sədrləri və hakimləri, Azərbaycan Bank Assosiasiyasının prezidenti, ölkəmizdə fəaliyyət göstərən yerli və xarici bankların təmsilçiləri, vətəndaş cəmiyyəti və media nümayəndələri iştirak ediblər.

Ədliyyə Nazirliyinin insan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova bildirib ki, müasir dövrün əsas tələbi dövlət orqanlarının elektronlaşdırılmasıdır.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məhkəmə-hüquq islahatlarından söz açıb. O, bu sahədə mühüm “yol xəritəsi” olan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanının icrası ilə bağlı görülən tədbirlər barədə məlumat verib, ədalət mühakiməsinin həyata keçirilməsində və cinayətkarlığa qarşı mübarizədə Məhkəmə Ekspertizası Mərkəzinin mühüm rolunu qeyd edib.

Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Elçin Qasımov qurumun tarixi, fəaliyyət istiqamətləri, müasir imkanları və beynəlxalq əlaqələrin genişləndirilməsi ilə bağlı görülən işlərdən danışıb.

Daha sonra məhkəmə ekspertizası sahəsində fəaliyyətin rəqəmsallaşdırılması, ədliyyə xidmətlərinə əlçatanlığın yaxşılaşdırılması məqsədilə hazırlanmış ekspertizaların icra vəziyyətini izləməyə və nəticələri barədə məlumatlar əldə etməyə imkan verən yeni elektron xidmətin təqdimatı keçirilib, onun funksionallığı əyani nümayiş etdirilib.

Bildirilib ki, e-xidmət vasitəsilə işin nömrəsi, ekspertizanın növü, sənədin Mərkəzə daxil olma tarixi, onun icra vəziyyəti, əlavə sübutların təqdim edilməsi və ya tədqiqat obyektinə baxış keçirilməsi barədə ekspert tərəfindən vəsatət verildiyi halda onun tarixi, mahiyyəti və vəsatətə baxılması nəticəsi, habelə rəyin verilməsi tarixi, rəy verilmədiyi halda isə səbəbi və sənədin icra olunmadan geri qaytarılması tarixi barədə məlumatlar əldə etmək mümkündür.

Tədbir zamanı həmçinin məhkəmə ekspertizası sahəsində yeni qanunvericiliyin tələbindən irəli gələrək hazırlanmış Məhkəmə Ekspertlərinin Reyestri, Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri və Məhkəmə Ekspertizasının Metodik Fondunun mahiyyəti və əhəmiyyəti barədə təqdimat keçirilib.

Diqqətə çatdırılıb ki, sözgüdən elektron resursların informasiya təminatı Ədliyyə, Səhiyyə və Daxili İşlər nazirliklərinin müvafiq ekspertiza idarələrinin məlumatları əsasında formalaşıb.

Tədbir iştirakçıları ekspertiza sahəsində tətbiq olunan rəqəmsal innovasiyaları maraqla qarşılayaraq bu yeniliklərin ekspertiza fəaliyyətində şəffaflığın və operativliyin artırılmasına, istifadəçilər tərəfindən ekspertiza ilə bağlı məlumatların elektron və çevik qaydada əldə olunmasına xidmət edəcəyini vurğulayıblar.

Избранный
81
10
report.az

10Источники