RU

Bu il 43 xəstəxanada ionlaşdırıcı şüa mənbələri ilə işləyən qurğuların fəaliyyətinə icazə verilib

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzi ilə Fövqəladə Hallar Nazirliyi Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq genişləndirilir.

"Report" xəbər verir ki, bu məqsədlə Mərkəzdə Agentliyin rəisi Nicat Əliyev və Mərkəzin direktoru Elçin Əmirovun iştirakı ilə tədbir keçirilib.

Bakı Baş Səhiyyə Mərkəzinin direktoru Elçin Əmirov radioaktiv şüa mənbələri sahəsində qəzasız fəaliyyətin, əhalinin radiasiya təhlükəsindən qorunması və sağlamlığının mühafizə edilməsi sahəsində əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə görə Agentliyin rəisi və əməkdaşlarına göstərdikləri böyük dəstəyə görə minnətdarlığını bildirib:

“Radiasiya təhlükəsizliyinin təmin edilməsi - təşkilati-hüquqi, mühəndis-texniki, sanitariya-gigiyena, tibbi-profilaktik, təlimat və təhsil xarakterli tədbirlər kompleksindən ibarətdir. Odur ki, cari ildə qarşılıqlı əməkdaşlıq çərçivəsində mövcud problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində maarifləndirmə işləri aparılıb, Mərkəzin strukturuna daxil olan tibb müəssisələrinə birgə baxış keçirilib, uyğunsuz hallar aradan qaldırılıb və ionlaşdırıcı şüa mənbələri ilə işləyən qurğuların fəaliyyətinə xüsusi icazələrin alınması üçün müvafiq təkmilləşmələr həyata keçirilib”.

Daha sonra çıxış edən Agentliyin rəisi Nicat Əliyev radiasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində güclü nəzarət mexanizminin tətbiq edilməsinin zəruriliyini və gələcəkdə prosesin təkmilləşdirilməsi üçün işlərin aparılacağını vurğulayıb.

İlkin səhiyyə xidmətinin inkişafı departamentinin rəhbəri Gülnarə Yusifova öz çıxışında bildirib ki, 2023-cü il ərzində artıq 43 tibb müəssisəsində ionlaşdırıcı şüa mənbələri ilə işləyən qurğuların fəaliyyətinə xüsusi icazələrin alınması prosesi yekunlaşıb. Növbəti ildə də prosesin davam etdiriləcəyi nəzərə çatdırılıb.

Tədbirin sonunda Mərkəzin və Agentliyin əməkdaşlarına radiasiya təhlükəsizliyinin təmin edilməsində göstərdikləri dəstəyə görə sertifikatlar təqdim olunub.

Избранный
79
4
report.az

5Источники