RU

Bu il Azərbaycanda 780 kilometr içməli su xətləri çəkilib

Əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə cari ildə Azərbaycanda 780 kilometr içməli, 171 kilometr tullantı su xətləri çəkilib, 2 su anbarı və 480 bulaq tikilərək əhalinin istifadəsinə verilib.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov qurumun bu ilin yekunları ilə bağlı keçirdiyi tədbirdə deyib.

Onun sözlərinə görə, abonentlərin sayğaclaşma səviyyəsi 89,5 %-ə yüksəlmiş, o cümlədən qanunsuz qoşulma hallarının qarşısının alınması hesabına 4,2 milyon kubmetr həcmində itirilmiş sərfiyyat bərpa edilib.

"Ölkədə su ehtiyatlarının artırılması məqsədilə yeni su anbarlarının yaradılması istiqamətində Yengicə su anbarının tikintisi davam etdirilib, Əlicançay su anbarının tikinti işlərinə başlanılması üçün tender proseduru tamamlanaraq podratçı şirkətlə müqavilə bağlanılıb. Agentlik tərəfindən Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmış, Qudyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay anbarları üçün ilkin araşdırma işlərinə, o cümlədən Türyançay su anbarının müvafiq sənədlərinin hazırlanmasına başlanılıb. Respublikanın müxtəlif rayonlarında su təchizatının yaxşılaşdırılması məqsədilə 373 ədəd subartezian quyusunun yeri müəyyənləşdirilmiş və növbəti illərdə 4 mərhələdə qazılması nəzərdə tutulub. Cari ildə ayrılmış vəsaitə uyğun olaraq 1-ci mərhələ üzrə 68 ədəd subartezian quyusunun qazılması işlərinə başlanılmış və bu istiqamətdə müvafiq işlər davam etdirilir.

Su itkilərinin azaldılması məqsədilə ümumilikdə 6 magistral kanalın təmir-bərpasına başlanılmış, bundan 4 kanalın yenidən qurulması işləri artıq yekunlaşma mərhələsindədir. Bu istiqamətdə 8 magistral kanalın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanmış, daha 12 kanal və Mil-Qarabağ kollektoru üçün isə müvafiq layihə sənədlərinin hazırlanması işləri sürətlə davam etdirilir. Tədbirlər nəticəsində ümumilikdə 700 km uzunluqlu suvarma kanallarının yenidən qurulması ilə 300 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Bununla yanaşı, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri üzrə zəruri təmir-bərpa işləri tamamlanıb",- deyə o qeyd edib.

Ə. Şirinov 2023-cü ilin Azərbaycan Prezidentinin fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, ölkə ərazisində, özəlliklə Qarabağ və Şərqi Zəngəzur rayonlarında həyata keçirilən irimiqyaslı quruculuq işləri, Sərsəng su anbarının istismarının bərpa edilməsi, müsbət nəticələr əldə etdiyimiz suvarma mövsümü və digər yeniliklərlə yadda qalan olduğunu diqqətə çatdırıb.

O qeyd edib ki, bu il Suqovuşan və Xaçınçay su anbarlarının təmir-bərpasından sonra yenidən istifadəyə verilməsi, Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin təqdimatı və Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlqoyma mərasimi, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimlərində Prezident şəxsən iştirak edib:

"Agentlik tərəfindən bütün respublika ərazisində etibarlı su təchizatına nail olunması məqsədilə institusional, struktur və investisiyaların idarəolunması istiqamətlərində yeni islahatların həyata keçirilməsi, su itkilərinin azaldılması məqsədilə infrastrukturun müasir tələblərə uyğun olaraq müasirləşdirilməsi, həmçinin su anbarlarının tikilməsi və təmir-bərpası ilə ölkədə yeni su ehtiyatlarının yaradılması nəzərdə tutulub. Bu tədbirlər Bakı şəhəri və regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında, o cümlədən 2035-ci ilə qədər olan dövrü əhatə edən uzunmüddətli strategiyada da öz əksini tapıb".

Избранный
44
10
ikisahil.az

10Источники