RU

6 magistral kanalın təmir-bərpasına başlanılıb -Su itkiləri azaldılacaq - FOTOLAR

2023-cü il bizim üçün cənab Prezidentin Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması, ölkə ərazisində, özəlliklə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən irimiqyaslı quruculuq işləri, Sərsəng su anbarının istismarının bərpa edilməsi, müsbət nəticələr əldə etdiyimiz suvarma mövsümü və digər yeniliklərlə yadda qalan oldu.

Bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Əsəd Şirinov 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirdə səsləndirib.

Agentlik rəsmisi deyib ki, ölkənin su təsərrüfatına özəl diqqət və qayğının göstəricisi olaraq 2023-cü ildə Suqovuşan və Xaçınçay su anbarlarının təmir-bərpadan sonra yenidən istifadəyə verilməsi, Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin təqdimatı və Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışı, Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlqoyma mərasimi, Qazax şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimlərində Prezident İlham Əliyev şəxsən iştirak etmişdir.

Onun sözlərinə görə, görülən tədbirlərdən söz açmışkən, su itkilərinin azaldılması məqsədilə ümumilikdə 6 magistral kanalın təmir-bərpasına başlanılmış, bundan 4 kanalın yenidən qurulması işləri artıq yekunlaşma mərhələsindədir: "Bu istiqamətdə 8 magistral kanalın texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması tamamlanmış, daha 12 kanal və Mil-Qarabağ kollektoru üçün isə müvafiq layihə sənədlərinin hazırlanması işləri sürətlə davam etdirilir. Tədbirlər nəticəsində ümumilikdə 700 km uzunluqlu suvarma kanallarının yenidən qurulması ilə 300 min hektar ərazinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, Bəhrəmtəpə hidroqovşağında qəza vəziyyətinin aradan qaldırılması və yenidən qurulması tədbirləri üzrə zəruri təmir-bərpa işləri tamamlanmışdır.

Ölkədə su ehtiyatlarının artırılması məqsədilə yeni su anbarlarının yaradılması istiqamətində Yengicə su anbarının tikintisi davam etdirilmiş, Əlicançay su anbarının tikinti işlərinə başlanılması üçün tender proseduru tamamlanaraq podratçı şirkətlə müqavilə bağlanılmışdır. Agentlik tərəfindən Viləşçay, Ağsuçay və Zəyəmçay su anbarlarının texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanmış, Qudyalçay, Vəlvələçay, Qaraçay və Qusarçay anbarları üçün ilkin araşdırma işlərinə, o cümlədən Türyançay su anbarının müvafiq sənədlərinin hazırlanmasına başlanılmışdır. İşğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası üçün ayrılan vəsait hesabına Tərtər rayonu ərazisində yerləşən Suqovuşan, Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarları, o cümlədən Tərtərçay sol sahil kanalının təmir-bərpası işləri başa çatdırılmış, Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarının təmir-bərpa işlərinin isə yaxın günlərdə tamamlanması nəzərdə tutulmuşdur. Ötən müddət ərzində Laçın rayonu ərazisində yerləşən Zabuxçay su anbarının tikintisi davam etdirilmişdir. Qız qalası su anbarından sugötürən magistral kanalın, Həkəriçay və Bərgüşadçay su anbarları və onlardan qidalanan kanalların inşası işlərinə isə qarşıdakı illərdə başlanılması nəzərdə tutulmuşdur. Qeyd olunan layihələr Azərbaycanda su təchizatı probleminin həllində çox böyük uğur olmaqla yanaşı, regionların, xüsusən də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafına önəmli töhfədir".

Əsəd Şirinov deyib ki, Azərbaycan Respublikası Prezidentinin “Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” və “Hövsan aerasiya qurğusundan Xəzər dənizinə axıdılan tullantı sularının təmizlənməsi və təkrar istifadəsi ilə bağlı pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında” müvafiq sərəncamlarının icrasına başlanılmış, o cümlədən suvarmada istifadəsi mümkün olan kollektor-drenaj sularının ehtiyatı müəyyənləşdirilmişdir: "Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamı ilə yaradılmış və Agentliyin də təmsil olunduğu Dövlət Su Komissiyası tərəfindən su anbarlarının iş rejimləri ciddi nəzarətə götürülmüş və mütəmadi olaraq rejimlərdə operativ dürüstləşmələr aparılmışdır. Məhz bu tədbirlər nəticəsində hazırda su anbarlarında 2020-ci ilə nisbətən 3,9 milyard, təkcə ötən ilə nisbətən isə 2,2 milyard kbm artıq həcmdə su toplanılmışdır. Bu da ötən il əkin sahələrinin su təminatına öz müsbət təsirini göstərmiş, həmçinin növbəti ilin suvarma mövsümü üçün daha nikbin proqnozlar verməyə əsas verir. Görülmüş tədbirlər nəticəsində cari ildə respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1,5 milyon hektar sahədə orta hesabla 3,4 dəfə suvarılmış, bu məqsədlə bütün suvarma mənbələrindən su istifadəçilərinə 7,5 mlrd. kbm su verilmişdir. Hazırda əsasən kənd əhalisinin kommunal-məişət su təchizatı ilə yanaşı, növbəti ilin məhsulu üçün payızlıq taxıl əkinlərinin suvarma suyu ilə təminatı davam etdirilir".

Sonda il ərzində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə səmərəli əməkdaşlığına görə bir qrup media nümayəndəsi təltif olunub.

Orxan Vahidoğlu, “İki sahil”

Избранный
31
6
ikisahil.az

10Источники