RU

Milli Məclisin plenar iclasında...

Avropa Parlamentinə cavab bəyanatı qəbul edilib

Sanksiya istəyinin əmsalı sıfıra bərabərdir

Oktyabrın 6-da Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

Əvvəlcə Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar deputatlar Səməd Seyidov, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Elman Nəsirov, Jalə Əliyeva, Azay Quliyev, Bəhruz Məhərrəmov, Vahid Əhmədov, Kamilə Əliyeva, Fəzail İbrahimli, Sahib Alıyev, Tahir Rzayev, Rasim Musabəyov, Zahid Oruc çıxış ediblər.

Bildirilib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi qorxaqlıq, gücsüzlük, islamofob qətnamədir. Qeyd edilib ki, Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə müdaxilə etmək imkanları əlindən alınıb. Bu qətnamə həmin qüvvələrin gücsüzlüyünü, qorxaqlığını göstərən qətnamədir. Heç bir qətnamə Azərbaycana təsir edə bilməz.

Sonra Avropa Parlamentinin 2023-cü il 5 oktyabr tarixli qətnaməsi ilə əlaqədar Azərbaycan Milli Məclisinin Bəyanatı qəbul edilib. Bəyanatı Deputat Tural Gəncəliyev təqdim edib.

Bəyanatda deyilir:

“Azərbaycan Respublikasının Milli Məclisi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin qərəzli və obyektivlikdən uzaq qətnamə qəbul etməsinə qəti etirazını bildirir və ölkəmizi hədəf alan bu hərəkəti şiddətlə qınayır. Xatırladırıq ki, Azərbaycanın Avropa Parlamenti qarşısında heç bir öhdəliyi yoxdur. Yaxşı olar ki, Avropa Parlamenti Avropada tüğyan edən islamofobiya, antisemitizm, miqrantların hüquqlarının kütləvi və kobud surətdə pozulması və digər bu kimi köklü problemlərlə məşğul olsun.

Sözügedən qətnamə Fransa hökumətinin təhriki ilə əksəriyyəti bu ölkədən olan anti-Azərbaycan, islamofob deputatların saxta məlumatları əsasında hazırlanmışdır. Avropa Parlamentinin bu addımı onun ikili standartlara əsaslandığının növbəti bariz nümunəsi olub, məsələlərə selektiv yanaşdığını sübut edir. Beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisinin 20 faizinin 30 ilə yaxın davam edən işğalının doğurduğu ağrı-acıya, etnik təmizləməyə, Xocalı soyqırımına, 1 milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə, şəhər və kəndlərin yerlə-yeksan edilməsinə, tarixi, mədəni və dini irsin dağıdılmasına etinasızlıq göstərən Avropa Parlamentinin Azərbaycan ərazisində qalmaqda davam edən Ermənistan Respublikası silahlı qüvvələrinin birləşmələrinə və qanunsuz erməni dəstələrinə qarşı həyata keçirilmiş anti-terror tədbirlərindən sonra Ermənistan Respublikası tərəfindən yaradılmış qondarma qurumun müdafiəsinə yönələn belə bir qətnaməni qəbul etməsi separatizmə açıq dəstək verməkdir.

Qətnamənin əsas təşəbbüskarı olan Fransa son illər Cənubi Qafqaz bölgəsində sülh və təhlükəsizliyin təmin edilməsi yolunda başlıca maneəyə çevrilmişdir. Dünyanın müxtəlif regionlarında iflasa uğrayan Fransa Cənubi Qafqaz bölgəsini yeni təhlükələrə sürükləyərək qeyri-sabit zonaya çevirməyə çalışır. Fransanın Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, özünün mənfur yeni müstəmləkəçilik təcrübəsini Cənubi Qafqaz bölgəsində tətbiq etməyə çalışması, xristianlıq amilini qabartması və keçmiş münaqişəyə dini təəssübkeşlik mövqeyindən yanaşması onun səlibçi siyasətinin təzahürüdür.

Qondarma “Dağlıq Qarabağ Respublikası” özünü buraxdığını elan etdikdən sonra Avropa Parlamentinin onu müdafiə etməsi siyasi riyakarlıqdan xəbər verir və bölgədə vəziyyətin yenidən gərginləşməsinə xidmət edir. Avropa Parlamenti Azərbaycan torpaqlarının işğalı dövründə bu qondarma quruma dəstək verməklə işğalın uzun illər davam etməsi, on minlərlə azərbaycanlının qətlə yetirilməsi üçün məsuliyyət daşıyır.

Məhz bu cür qərəzli və obyektivlikdən uzaq fəaliyyəti ilə Avropa Parlamenti öz nüfuzuna sarsıdıcı zərbə endirir, erməni lobbisinin və onu dəstəkləyən qüvvələrin əlində oyuncağa çevrildiyini göstərir. Avropa Parlamentinin anti-Azərbaycan və islamofob siyasətinin nəticəsidir ki, Avropa Parlamenti ilə Azərbaycanın münasibətləri aşağı səviyyədədir. Avropa Parlamentində təmsil olunan bir sıra deputatlar Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil edir. Belə davranış həm də şovinizmin, ifrat sağ düşüncənin təzahürüdür. Bu yanlış siyasəti ilə Avropa Parlamenti Avropa İttifaqının Cənubi Qafqaz siyasətini təhlükə altına atır.

Qətnamədə irəli sürülən iddialardan fərqli olaraq, Azərbaycan hökuməti Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və Azərbaycan dövlətinin himayəsindən istifadə etməsinə imkan yaradılması məqsədi ilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirir.

BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların səsləndirdiyi bəyanatlara tamamilə zidd olaraq, Avropa Parlamentinin bölgədən könüllü getmiş erməni sakinlərin ərazidən zorla köçkün düşdüyünü iddia etməsi beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin rəhbərliyini korrupsiyaya qurşanmış destruktiv və qərəzli qüvvələri dayandırmağa, Cənubi Qafqaz bölgəsində yaranmış yeni reallıqları əks etdirən obyektiv sənədlər qəbul etməklə bölgədə sülh və sabitlik yaradılması səylərinə dəstək göstərməyə çağırır”.

Serbiya Milli Assambleyasının sədri Milli Məclisdə

Sonra Azərbaycanda rəsmi səfərdə olan Serbiya Milli Assambleyasının sədri Vladimir Orliç Milli Məclisin plenar iclasını izləyib.

Daha sonra “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Mədəniyyət haqqında” və “Nağdsız hesablaşmalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi, Azərbaycanın 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında qanun layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi (birinci oxunuş), “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Dövlət qulluğu haqqında” qanunda və Azərbaycanın 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Ovçuluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Sosial xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) səsverməyə çıxarılaraq qəbul edilib.

Ardınca “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında prekursorlardan istifadə məqsədi ilə törədilən əməllərlə əlaqədar həmin prekursorların xeyli və külli miqdarının Siyahısı”nın təsdiq edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş), “Poçt haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş), Əmək Məcəlləsində və “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) səsvermə əsasında təsdiqlənib.

Beləliklə, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası yekunlaşıb.

Günel ABBAS

Избранный
143
9
yenimedia.az

10Источники