Torpaq sahəsi almaq istəyənlər təkcə Bakı və Bakıətrafı ərazilərə deyil, bölgələrə də üz tuturlar. Lakin insanların sayının artması, iqlim dəyişikliyi və kütləvi köç səbəbi ilə 21-ci əsrdə qarşı-qarşıya qaldığımız problemlər arasında torpaq problemi mühüm yer tutur.
Mövzu ilə əlaqədar tikinti bazarı və əmlak məsələləri üzrə ekspert Elnur Azadov MediaPost-a açıqlama verib.
Ekspertin sözlərinə görə, şəhərdə torpaq sahələri tapmaq müşkül məsələyə çevrilib:
“Hazırda mənzil almaq çox sərfəlidir. Vacib seqment olan torpaq bazarının qiymətlərində əhəmiyyətli dəyişikliyi müşahidə edirik. Torpaqların qiymətləri artmaqdadır. Paytaxtın torpaq bazarında qiymətlər yüksəlib. Qiymətlərin artmasına ən böyük təkan verən səbəb torpaq sahələrinin qıt olmasıdır. Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən yeni binaların tikintisi ilə bağlı tələblərdə dəyişiklik oldu. Bu dəyişikliyə görə, artıq binaların tikintisi üçün daha çox torpaq sahəsi – bir mərtəbəli binanın tikintisi üçün təxminən 40 sota yaxın yer tələb olunur. Bu isə daha geniş torpaq sahələri əldə etmək istəyən sahibkarların qarşısına mühüm şərtlərdən biri kimi qoyulur. Şəhərdə isə torpaq sahələri tapmaq müşkül məsələyə çevrilib. Təkliflər 1 sotu 20 min manatdan 350 min manat arasında dəyişir. Əsasən Xətayi, Nizami, Nərimanov, Səbayil rayonlarında boş topraq sahəsini tapmaq çox çətindir. Əvvəllər Nərimanov rayonunda 200-250 min manata torpaq sahəsi almaq mümkün olurdusa, artıq bu, mümkün deyil. Yeni tikili binalarda da qiymət artımını görəcəyik”.