RU

Həmrəyliyə MÖHÜR vuran sərəncam - “Onların fəaliyyəti ortaya qoyulacaq”

“2023-cü il Azərbaycan tarixinə sözün əsl mənasında qızıl hərflərlə yazılacaq. Zaman ötdükcə biz həm 2020, həm 2023-cü ildə hansı böyük nailiyyətləri qazandığımızı dərk edə biləcəyik. İnsanın qavraması belədir ki, daha çox yaşadığı anlarda yox, zaman ötdükcə hər hansı bir məsələnin böyüklüyünü dərk etməyə başlayır”.

Bu fikirləri Musavat.com-a millət vəkil Vüqar İsgəndərov deyib.

Millət vəkili hesab edir ki, 2023 Azərbaycan tarixində əlamətdar bir ildir:

“Bu il müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi keçirildi. Həm Azərbaycanda, həm də ölkəmizdən xaricdə çox önəmli və uğurlu tədbirlərin şahidi olduq. Çox önəmli kitablar yazıldı, filmlər çəkildi. Hesab edirəm ki, bu, davamlı olacaq.

CUMHUR.jpg

Dünən isə Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, alim, jurnalist, ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında sərəncam imzaladı. Rəsulzadə digər müstəqillik qurucuları kimi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının dünyaya tanıdılması üçün çox işlər görüb. O vaxt hökumət başçısı kimi milli dövlətçiliyin qurulmasında, Azərbaycanın bir çox dəyərlərinin qazanılmasında əvəzsiz rol oynamış ictimai-siyasi xadimlərdən biridir.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Cənab Prezident Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalamaqla həmrəyliyə bir növ möhür vurmuş oldu. Bu, Azərbaycan adına canını, ruhunu qoymuş insanlara hörmət və ehtiramdır. Cənab Prezident bu sərəncamla bir daha həmin nümunələri ortaya qoymuş oldu. Zaman-zaman Azərbaycan Xalq Cümhuriyyətinin yubileylərinin qeyd olunması, şəhərin mərkəzində onların abidəsinin olması, zamanla ölkə başçısının həmin abidəni ziyarət etməsi, müstəqil Azərbaycanın qurucularının yubileylərinin keçirilməsi haqqında sərəncamların olması keçmişimizə hörmət, ehtiram əlaməti sayılmalıdır. Cənab Prezident bu sərəncamla dövlət, xalq üçün, onun tanıdılması, qorunması üçün canını fəda etmiş insanları bir növ nümunə kimi göstərir ki, hər bir insan dövlətinin hərtərəfli inkişafı üçün əlindən gələni etməlidir. Orada önə çıxan, lider olmuş insanlar isə hamı tərəfindən hörmətlə, ehtiramla yad edilməlidir.

Düşünürəm ki, Məhəmməd Əmin Rəsulzadənin timsalında digər qurucuların, liderlərin fəaliyyətləri bu sərəncamla daha da araşdırılacaq, tarixin səhvi, düzü ilə, olduğu kimi ortaya qoyulacaq. Bütün bunlar həm də böyüməkdə olan gənc nəslin tərbiyəsində çoz önəmli rol oynayacaq. Çünki hər bir azərbaycanlı bu ölkənin yaranmasında, qurulmasında, inkişaf etdirilməsində əməyi olan insanlara öz hörmət və ehtiramını bildirməli, onları tanımalı, onların keçdiyi yolun təbliğ olunması üçün əlindən gələni etməlidir”.

Aytən Novruz
Musavat.com

Избранный
258
50
musavat.com

10Источники