Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Səbinə xanım, məlum olduğu kimi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsindən artıq 75 il ötür. Bu, əlamətdar gün dünya ictimaiyyəti tərəfindən geniş qeyd olunub. Bu baxımdan istərdik ki, Sizinlə müsahibəyə mühüm əhəmiyyətə malik olan həmin beynəlxalq sənəd barədə qısa məlumatdan başlayaq.
- Ümumdünya İnsan Hüquqları Bəyannaməsi BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli qətnaməsinə əsasən qəbul edilib. 1950-ci ildən etibarən isə hər il dekabrın 10-u bütün dünyada Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd olunmağa başlayıb. Bəyannamə dünyada baş verən qlobal dəyişikliklər və obyektiv tarixi zərurətlə əlaqədar qəbul edilib. Bu məşhur sənədin əsas prinsipləri olan ayrı-seçkiliyin yolverilməzliyi, hüquq bərabərliyinin təmini məsələləri, habelə digər müddəalar bir çox dövlətlərin Konstitusiyasında və beynəlxalq müqavilələrdə əksini tapıb.
Qəbulundan uzun illər keçməsinə baxmayaraq, mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənəd hesab edilən Bəyannamə hüquq tətbiqetmə təcrübəsində rəhbər tutulan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. Bu Bəyannamə ümumbəşəri əhəmiyyət kəsb etməklə yanaşı, BMT-yə üzv dövlətlərin, o cümlədən Azərbaycanın milli qanunvericilik bazasının formalaşması üçün əsas mənbələrdən olub.
Həqiqətən də bu uzun illər ərzində insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində əsas baza rolunu oynayan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi dünyamızı əsaslı şəkildə dəyişməyə kömək edib. Bu sənəddə ilk dəfə olaraq hər bir insanın bərabərlik və ləyaqət hüququ, hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquq və azadlıqlara malik olduğu bəyan edilib.
- Bəyannamədə təsbit olunmuş insan hüquqları hazırda dünya dövlətləri tərəfindən nə dərəcə təmin olunur?
- İlk olaraq deyim ki, Bəyannamədə əksini tapan müddəalar dövlətlərin insan hüquqlarının müdafiəsi məsələsinə münasibətinin müsbətə doğru dəyişilməsinə səbəb olub. Lakin təəssüflə qeyd etmək istərdim ki, bu gün dünyada müxtəlif səbəblərdən hələ də milyonlarla insanın hüquqları pozulmaqdadır. Bəzi dövlətlər tərəfindən sərgilənən kolonializm, irqçilik, dözümsüzlük, ikili standartlar, ayrı-seçkilik hallarının artması və beynəlxalq təşkilatların buna biganə münasibəti insan hüquq və azadlıqlarının pozulmasına gətirib çıxarıb.
Beynəlxalq təşkilatlar və bütövlükdə dünya ictimaiyyəti bu ədalətsiz davranışa, Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq sənədlərdə təsbit olunmuş insan hüquqlarının kütləvi pozulması hallarına biganə qalır. Bu baxımdan dünyada dözümsüzlük, ikili standartlar və ayrı-seçkilik hallarından ən çox əziyyət çəkən ölkələrdən biri də Azərbaycandır. Ermənistanın uzun illər boyu azərbaycanlılara qarşı dünyanın gözü qarşısında kəskin nifrət zəminində apardığı etnik təmizləmə, deportasiya və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlı əhaliyə qarşı çoxsaylı sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri, soyqırımı, ekosid, urbisid və kultursid aktları törədilib.
Azərbaycanın otuz ilə yaxın bir dövrdə işğal altında saxlanılmış və 44 günlük Vətən müharibəsi ilə azad edilmiş ərazilərində aşkarlanan kütləvi məzarlıqlar, oradakı əksər, şəhər və kəndlərin, tarixi, mədəni, dini abidələrin dağıdılması, bir çox flora və fauna növlərinin məhv edilməsi, ərazilərimizin kütləvi şəkildə minalarla çirkləndirilməsi faktları bunu bir daha sübut edir. Bundan əlavə, Ermənistanın əsassız ərazi iddiaları ilə Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsi bizdə tamamilə haqlı olaraq narahatlıq hissi yaradır.
Əfsuslar olsun ki, bu gün özünü demokratiyanın beşiyi hesab edən, lakin bunun əksinə olaraq, islamofobiya, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir.
Buna görə də, hesab edirəm ki, bu gün dünyanın tərəqqipərvər ölkələri və beynəlxalq təşkilatlar hər kəsin yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması kimi fundamental insan hüquqlarının müdafiəsi naminə ikili standartlardan əl çəkməli və Azərbaycana münasibətdə ədalətli mövqe nümayiş etdirməlidirlər.
Təqdirəlayiq haldır ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Birinci vitse-prezident Mehriban Əliyevanın fəal dəstəyi ilə yeni dövrün tələbləri və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla aparılan genişmiqyaslı islahatlar fonunda insan hüquqlarının səmərəli təmininə xidmət edən mühüm addımlar atılır.
Hazırda Azərbaycanda insan hüquq və azadlıqlarının təmin və təşviq edilməsi daim diqqət mərkəzində saxlanılır, bu sahədə qanunvericilik bazası beynəlxalq hüquq normalarına müvafiq olaraq mütəmadi təkmilləşdirilir, müstəqil hüquq müdafiə mexanizmlərinin səmərəli fəaliyyət göstərməsi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsi, ölkəmizdə inklüziv cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsi üçün geniş imkanlar yaradılır.
- Bilirik ki, Ombudsman olaraq beynəlxalq qurumlara əməkdaşlığa böyük önəm verirsiniz. Sizin cari ildə Asiya Ombudsmanlar Assosiasiyasının vitse-prezidenti seçilməyiniz də məhz bunun bariz nümunələrindən biridir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirik. Zəhmət olmasa, bu barədə fikir və təəssüratlarınızı oxucularımızla da bölüşərdiniz.
- İlk növbədə, təbrikə görə minnətdarlığımı bildirir və qeyd etmək istəyirəm ki, bu gün zaman ötdükcə qloballaşmaqda davam edən dünyamızda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinə əməl olunması işinə dəyərli töhfələr verilməsi baxımından ombudsmanlar, habelə milli insan hüquqları institutları arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması və inkişafı çox mühüm əhəmiyyət kəsb edir.
Buna görə də öz fəaliyyətində beynəlxalq əməkdaşlığa hər zaman böyük önəm verən Azərbaycanın Ombudsman təsisatı ilə xarici ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatları və beynəlxalq insan hüquqları təşkilatları arasında ümumilikdə iyirmidən çox əməkdaşlıq haqqında saziş imzalanıb.
Qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan həmin sazişlərin əsas məqsədi təsisatların Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrin ərazilərində və müqavilənin tərəfi olan ölkənin və ərazi vahidinin vətəndaşlarının ölkəmizdə hüquq və azadlıqlarının pozulması halları barəsində bir-birini vaxtında məlumatlandırması və onların bərpa edilməsinə öz səlahiyyətləri daxilində yardım göstərməsidir. Bu sənədlərə əsasən Ombudsman təsisatları insan hüquqlarının müdafiəsi sahəsində çalışan əməkdaşlarının bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə vaxtaşırı təcrübə və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.
Azərbaycan Ombudsmanının təşəbbüsü ilə ənənəvi olaraq hər il Bakıda təşkil olunan ombudsmanların beynəlxalq konfransları və digər tədbirlərdə xarici ombudsmanların, o cümlədən ikitərəfli saziş imzalanmış ölkələrin milli insan hüquqları təsisatlarının nümayəndələrinin iştirakı beynəlxalq əməkdaşlığın daha da möhkəmlənməsi və inkişafında mühüm amilə çevrilib.
Təbii ki, müstəqil Azərbaycanın Ombudsmanı olaraq Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) Baş Assambleyasının Kazan şəhərində keçirilmiş 17-ci iclasında həmin Assosiasiyanın vitse-prezidenti seçilməyim beynəlxalq əlaqələrimizin daha da genişlənməsinə xidmət edir.
AOA Asiya qitəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətin təmin edilməsi sahəsində zəruri addımlar atır, həmçinin insan hüquqlarının qorunması və təşviqində mühüm rol oynayan ortaq dəyərlər və prinsiplər əsasında fəaliyyət göstərən ombudsman təsisatlarını öz ətrafında birləşdirir. Ümidvaram ki, AOA tərəfindən ombudsman təsisatları arasında yaradılmış səmərəli dialoq və şəbəkələşmə platformasının mövcudluğu insan hüquqlarının müdafiəsi istiqamətində yeni əməkdaşlıq imkanları yaradır. Təbii ki, Assosiasiya üzvləri insan hüquqlarının müdafiəsi sahəsində əldə etdikləri qabaqcıl təcrübələri bölüşməli, fəaliyyətlərinin təkmilləşdirilməsində bir-birinə dəstək verməlidirlər və biz də Ombudsman təsisatı olaraq hər zaman qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıyıq.
Yeri gəlmişkən, İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının İdarə Heyətinin üzvü, Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının qurucu üzvü olan Azərbaycan Ombudsmanı digər beynəlxalq və regional təşkilatların da fəal iştirakçısıdır.
-İstərdik ki, ənənəvi olaraq ötən il də Ombudsman olaraq tərəfinizdən elan edilmiş “Uşaq Hüquqları Aylığı” çərçivəsində görülmüş işlər barədə məlumat verəsiniz.
- Uşaqlara diqqət və qayğının daha da artırılmasına, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaq məqsədilə hər il olduğu kimi, 2023-cü ildə də “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində - oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə tərəfimdən “Uşaq Hüquqları Aylığı” elan edilib. Bununla əlaqədar ünvanladığımız müraciətdə aidiyyəti qurumları bu Aylığa qoşulmağa dəvət edərək, təşəbbüsümüzə dəstək verməyə, Aylıq çərçivəsində uşaqların iştirakını təmin etməklə onların hüquqlarının müxtəlif aspektləri üzrə araşdırmaların aparılmasına, maarifləndirmə, təşviqat və digər tədbirlərin keçirilməsinə çağırmışdıq.
Dövlət və yerli özünüidarə orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları, media subyektləri, həmkarlar ittifaqları və digər müvafiq qurumlar həmin təşəbbüsümüzə qoşularaq bu istiqamətdə görülən işlərə öz töhfələrini veriblər. Ombudsman Aparatı və regional mərkəzləri tərəfindən mütəmadi olaraq paytaxt və regionlarda uşaq hüquqlarının müxtəlif aspektləri, uşaq əməyi, erkən evlilik, uşaqların istismardan və zorakılıqdan müdafiəsi, onlara qarşı ayrı-seçkiliyin qadağan olunması və digər istiqamətlər üzrə uşaqlar, valideynlər və uşaqlarla işləyən şəxslərin iştirakı təmin olunmaqla maarifləndirmə tədbirləri təşkil edilib. Bu il Aylıq çərçivəsində ilk dəfə olaraq, Ombudsman Aparatının əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasında yerləşən uşaq müəssisələrində də monitorinqlər aparılıb və maarifləndirici görüşlər keçirilib.
- Bir qədər də keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurdlarına geri dönmələrinin təmininə xidmət edən Böyük Qayıdış prosesi barədə danışaq.
- Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş çoxsaylı soydaşlarımızın beynəlxalq müqavilələrdə və milli qanunvericilikdə təsbit olunmuş fundamental insan hüquqları, xüsusən də yaşamaq, azadlıq və sərbəst hərəkət etmək, mülkiyyət, təhlükəsiz yaşamaq, sağlam ətraf mühitdə yaşamaq, sağlamlığın qorunması, şərəf və ləyaqətin müdafiəsi kimi hüquqları kütləvi və kobud şəkildə pozulub.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki bütün ərazilərimizdə həyat üçün zəruri olan bütün sosial-iqtisadi infrastruktur obyektləri, əksər yaşayış məntəqələri, qeyri-yaşayış sahələri yerlə-yeksan edilib, hətta tarixi-mədəni və dini abidələrimiz, o cümlədən məscidlər, qəbiristanlıqlar da tamamilə dağıdılıb, təbii sərvətlərimiz talan edilib, ətraf mühitə ciddi ziyan vurulub.
BMT Təhlükəsizlik Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş bir sıra qətnamə və qərarlarda Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunmasına baxmayaraq, 30 ilə yaxın dövr ərzində həmin sənədlərin icrası sadəcə kağız üzərində qalıb.
Azərbaycan tərəfindən Ermənistana dəfələrlə xəbərdarlıqlar olunsa da, qarşı tərəf təcavüzkar siyasətini davam etdirərək içərisində uşaqların, qadınların və digər sosial cəhətdən həssas əhali qruplarının olduğu mülki şəxsləri də hədəfə almaqdan çəkinməyib.
Azərbaycan beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına sadiq qalmaqla daim sülhsevər siyasət aparıb, uzun müddət səbr edərək, ərazi bütövlüyünü sülh yolu ilə həll etməyə çalışsa da, məsələnin dinc yolla həllinə yönəlmiş bütün bu xoşniyyətli cəhdlərin heç bir müsbət nəticəsi olmayıb.
Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü olan Azərbaycan buna cavab olaraq, BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş özünümüdafiə hüququndan istifadə edərək, Ermənistanın ölkəmizə qarşı hücumlarının qarşısını almaq və ərazi bütövlüyünü təmin etmək məqsədilə öz suveren ərazisində əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qalıb.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası, regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olunması naminə apardığı əks-hücum əməliyyatları nəticəsində Ermənistanın işğalı altında olan torpaqlarımız azad edilib və bununla da ölkəmiz BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrasına təkbaşına nail olub. Hazırda uzun illərdir ki, hər zaman doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşamış keçmiş məcburi köçkün soydaşlarımızın öz torpaqlarına təhlükəsiz şəraitdə qayıdışının təmini məqsədilə işğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı qurğulardan təmizlənməsi, bərpa-quruculuq işləri istiqamətində kompleks tədbirlər görülür.
Bununla əlaqədar işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki ərazilərimizə Böyük Qayıdış Azərbaycanın 2030-cü ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda, eyni zamanda, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda ilkin mərhələdə əhalinin təhlükəsiz, ləyaqətli və dayanıqlı əsasda planlaşdırılan məskunlaşmasına nail olunması nəzərdə tutulub. Azərbaycanda icra olunan bütün bu layihələr işğaldan azad edilmiş ərazilərdə davamlı inkişafa xidmət etməklə keçmiş məcburi köçkün probleminin tamamilə həllinə yönəlib.
- Böyük Qayıdış prosesinin sürətlə həyata keçirilməsinə ciddi maneə yaradan amillərdən biri də ərazilərimizin Ermənistan tərəfindən kütləvi şəkildə minalarla çirkləndirilməsidir.
- Çox doğru buyurursunuz. Ermənistanın qeyri-konstruktiv mövqeyi təkcə regionda deyil, bütünlüklə Cənubi Qafqazda dayanıqlı və ədalətli sülhün təmini, insanların həyat və sağlamlığı üçün mühüm təhlükə mənbəyi olaraq qalmaqda davam edir, dinc sakinlərimizin hüquqları hələ də pozulur. Hesab edirəm ki, burada mina problemini xüsusilə vurğulamaq lazımdır. Çünki istər işğal dövründə, istər Vətən müharibəsi zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış çoxsaylı mina və partlamamış hərbi sursatlar məsələsi hələ də problem olaraq qalmaqdadır. Dəfələrlə partlayışlar nəticəsində hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslərin də mina terrorunun qurbanına çevrilməsi, bununla da onların fundamental insan hüquqlarının kobudcasına pozulması faktları bunu əyani şəkildə təsdiq edir.
Bu gün böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, çoxsaylı insan itkilərinə, ağır xəsarətlərə və minlərlə insanın əlilliyinə səbəb olan qlobal mina terroru işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti-quruculuq, bərpa işlərinə, eləcə də ədalətli və davamlı sülhə ciddi maneə yaratmaqda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz qayıdışı prosesini ləngitməkdə davam edir.
Statistik məlumatlara əsasən, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə nəticələnmiş Vətən müharibəsinin başa çatdığı 2020-ci il no¬yabrın 10-dan indiyədək baş vermiş mina partlayışları arasında mülki şəxslərin üstünlük təşkil etdiyi 65 nəfərin həlak olması, 272 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnib. Ümumilikdə 1991-ci ildən bu günə kimi 357-si uşaq, 38-i qadın olmaqla, minadan zərərçəkən 3416 nəfər qeydə alınıb.
Məhz buna görə də həyatın normallaşması, Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində bütün keçmiş məcburi köçkünlərimizin öz tarixi yurdlarına təhlükəsiz qayıdışın təmin olunması üçün ilk növbədə həmin ərazilər minalardan təmizlənməli və orada tamamilə məhv edilmiş infrastruktur bərpa edilməlidir. Təbii ki, bunun üçün də uzun zaman və külli miqdarda maliyyə vəsaiti lazımdır.
- Bəs Azərbaycanda mina probleminin aradan qaldırılması ilə bağlı dövlət səviyyəsində hansı işlər görülür?
- Ermənistan işğal altında saxladığı illərdə və sonrakı dövrdə ərazilərimizi minalarla çirkləndirməklə beynəlxalq humanitar hüququn norma və prinsiplərini kobud şəkildə pozub. Xüsusilə də “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarının, həmçinin onun müvafiq Əlavə Protokolunun tələblərini heçə sayan Ermənistan bunu rəsmi şəkildə bəyan etməklə, dünya ictimaiyyətinə açıq hörmətsizlik nümayiş etdirməkdən belə çəkinməyib.
İşğalçı Ermənistandan fərqli olaraq, Azərbaycan beynəlxalq humanitar hüquq normalarına sadiq qalaraq qarşı tərəfin dinc əhalisinin həyat və sağlamlığı üçün təhlükə yaradan bu kimi əməllərin törədilməsinə yol verməyib. Əksinə, Ümumi Qlobal Tərksilah siyasətinə uyğun olaraq mina hərəkatı qanunvericiliyinə və standartlarının yaradılmasına zəruri əhəmiyyət verən və bunun üzərində daimi olaraq çalışan Azərbaycan Respublikası 2007-ci ilin 5 dekabr tarixində BMТ Baş Assambleyasının Minaların Qadağan Siyasətinin universallaşdırılması və tam həyata keçirilməsini tələb edən 62/41 saylı illik Qətnaməsinin lehinə səs verməklə, öz humanitar mövqeyini bir daha ifadə edib.
Təqdirəlayiq haldır ki, ötən il martın 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə minatəmizləmə fəaliyyətinin Prezident İlham Əliyev tərəfindən 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi təşəbbüsü irəli sürülüb.
Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının 2023-cü il martın 6-da keçirilmiş 13-cü iclasının qərarı ilə təsdiq olunmuş “Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində 2023-cü il üzrə həyata keçiriləcək maarifləndirmə tədbirlərinin təşkilinə dair Fəaliyyət Planı”na minatəmizləmə ilə də bağlı bir sıra məsələlər daxil edilib.
Təbii ki, minatəmizləmə fəaliyyətinin 18-ci DİM kimi BMT-nin 2030 Gündəliyinə əlavə edilməsi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yenidənqurma prosesini və keçmiş məcburi köçkünlərin geri dönməsini sürətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan hökuməti dəfələrlə Ermənistandan mina xəritələrini tələb etsə də, qarşı tərəf buna adekvat cavab verməyib. Ermənistan tərəfindən bir xeyli əvvəl verilən mina xəritələri isə ümumi minalanmış ərazilərin çox kiçik faizini əhatə edib və həmin sənədlərdə verilən məlumatın dəqiqliyi və etibarlılığı çox aşağı səviyyədə olub.
- Ombudsman olaraq, Ermənistanın Azərbaycana qarşı törətdiyi insanlıq əleyhinə və müharibə cinayətləri, həmçinin mina terroru ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində hansı addımları atmısınız?
- Biz də öz növbəmizdə Ombudsman təsisatı olaraq, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq və regional təşkilatlara, müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim etdiyimiz hesabat, bəyanat və müraciətlərdə, habelə digər sənədlərdə Ermənistan tərəfindən insan hüquqlarının kobud şəkildə pozulmasına səbəb olan faktları, o cümlədən də mina problemini diqqətə çatdırıb və onlardan mandatları çərçivəsində təcili tədbirlərin görülməsini, işarələnməmiş minaların dəqiq xəritələrinin ölkəmizə verilməsini tələb etmişik. Bunun insanların həyat və sağlamlığı üçün son dərəcə əhəmiyyətli olmasına baxmayaraq, qarşı tərəf bu məsələyə hər hansı bir reaksiya verməyib.
Əksinə, Azərbaycanın BMT tərəfindən tanınmış və hazırda işğaldan azad edilmiş ərazilərində beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına, o cümlədən beynəlxalq humanitar hüquqa tamamilə zidd olaraq, 44 günlük Vətən müharibəsindən sonrakı illərdə də müxtəlif diversiya qrupları vasitəsilə torpaqlarımızı minalarla çirkləndirməklə, ətraf mühitə qlobal təhlükə yaratmaqla mina terroru və ekosid cinayətlərini törətməkdə davam edib. Azərbaycan ərazilərində Ermənistan tərəfindən təbii sərvətlərin qanunsuz istismarı və talan edilməsi nəticəsində ətraf mühit ciddi şəkildə çirkləndirilib.
Qeyd edim ki, 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının pozulması faktları ilə əlaqədar tərəfimizdən ümumilikdə 18 hesabat, 29 bəyanat, 7-si videoformatda olmaqla 60 müraciət, 300-ə yaxın mətbuat açıqlaması hazırlanaraq, beynəlxalq təşkilatlara və aidiyyəti ünvanlara göndərilib, təsisatın rəsmi internet səhifəsi və sosial media hesablarımızda (feysbuk, tviter, instaqram və yutub) yayımlanıb. Hesabatlardan biri işğaldan azad edilmiş ərazilərdə mina probleminə, digəri isə Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş soydaşlarımıza həsr edilib.
Ermənistan tərəfindən beynəlxalq humanitar hüquq normalarının davamlı olaraq pozulması faktlarını özündə əks etdirən və dünya ictimaiyyətinin diqqətini onların aradan qaldırılmasına cəlb etmək məqsədi daşıyan həmin hesabatlar insan hüquqları baxımından mühüm əhəmiyyət kəsb edir.
Bundan əlavə, dəvətimiz əsasında ölkəmizdə səfərə gəlmiş müxtəlif beynəlxalq təşkilatların və milli insan hüquqları təsisatlarının nümayəndə heyətləri də müstəqil şəkildə apardıqları yerində araşdırmalar zamanı Azərbaycana qarşı törədilmiş müharibə cinayətlərinin şahidi olmuş, daha sonra həmin faktları təsdiqləyən hesabatlar hazırlayaraq beynəlxalq təşkilatlara təqdim ediblər.
- Son dörd ildə Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində hansı yeniliklər var?
- Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansının (GANHRI) Akkreditasiya üzrə Alt Komitəsinin irəli sürdüyü bir sıra tövsiyələr də nəzərə alınmaqla “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanunu qəbul edilib və Azərbaycan Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minib. Dəyişikliklərin bir qismi Ombudsman təsisatının fəaliyyətinin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsinə, Paris Prinsiplərinə uyğunlaşdırılmasına, bununla da ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin və insan hüquqları üzrə müqavilə qurumlarının tövsiyələrinin yerinə yetirilməsinə yönəlib.
BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın 33.2-ci maddəsində əksini tapmış öhdəliklər, Uşaq Hüquqları Komitəsinin və digər müqavilə qurumlarının, habelə Avropa Şurasının İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının Azərbaycan üzrə tövsiyələri, xarici ölkələrin bu sahədə təcrübəsi də nəzərə alınmaqla, Konstitusiya Qanununa “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Uşaq hüquqları haqqında” Konvensiyaların həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının yerinə yetirilməsinin hüquqi əsaslarını müəyyən edən müvafiq müddəaların daxil edilməsi dəyişiklikləri zəruri edən amillərdən biri olub.
Başqa bir mühüm dəyişikliyə görə isə Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
Ümumiyyətlə, son dörd il ərzində Müvəkkilin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş tədbirlər çərçivəsində beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq, informasiya əldə etmək hüququnun, şəhid ailələrinin, müharibə veteranlarının, əlilliyi olan şəxslərin, uşaqların hüquqlarının müdafiəsi, eyni zamanda, hər kəsin müraciət imkanlarının genişləndirilməsi, müraciətlərə baxılma işinin operativliyinin artırılması üçün Ombudsman Aparatında müasir tələblərə cavab verən yeni struktur vahidləri formalaşdırılıb. Mövcud iki qaynar xəttin bir mərkəzdə birləşdirilməsi nəticəsində “Çağrı Mərkəzi” adlı ayrıca sektor yaradılması ilə 24/7 rejimində fəaliyyət göstərən 916 nömrəli vahid Çağrı Mərkəzinin işə başlaması da məhz bu qəbildəndir. Təbii ki, həyata keçirilmiş bütün yeniliklər Müvəkkilin konstitusion səlahiyyətlərinin icrasındakı praktiki çətinliklərin aradan qaldırılması, bununla da insan hüquq və azadlıqların müdafiəsinin səmərəliliyinin daha artırılması baxımından mühüm əhəmiyyətə malikdir və bu proses hazırda da davam etdirilməkdədir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта