RU

Azərbaycan auditorları, maliyyəçiləri və qiymətləndiriciləri Prezidentə dəstək bəyanatı qəbul ediblər

Bu gün Bakıda “Hesabatlıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” mövzusunda keçirilən forumun iştirakçıları (audit, maliyyə menecmenti, qiymətləndirmə sahəsində ixtisaslaşmış assosiasiyaları) adından Prezident İlham Əliyevin siyasətini dəstəkləyən bəyanat qəbul edilib.

“İki sahil” xəbər verir ki, bəyanatda deyilir:

"Ulu Öndər Heydər Əliyev yolu və Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən siyasəti nəticəsində müstəqil Azərbaycan dövləti hazırda inkişafının yeni tarixi mərhələsinə qədəm qoyub. 2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmi 1 gün ərzində 200 ildir Cənubi Qafqazı təhdid altında saxlayan, neçə-neçə faciələrin başlıca səbəbi olan “erməni məsələsi” həll olundu. Azərbaycanda separatizmin kökü kəsildi. Bu, Azərbaycan xalqının həyatında müasir tariximizin yeni dövrünün başlanmasıdır.

Bu mərhələyə çatmaq asan başa gəlməyib. Ötən 20 ildə Prezident İlham Əliyev gündəlik fəaliyyəti, yürütdüyü məqsədyönlü siyasətlə bu mərhələni anbaan yaxınlaşdırıb. 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bu siyasətin təntənəsidir.

Bu gün ərazi bütövlüyünü və suverenliyini öz gücü ilə tam bərpa etmiş Azərbaycan dünyada həm beynəlxalq, həm regional, həm daxili siyasət prioritetlərinin düzgün seçilməsinə görə nümunəvi ölkə kimi qəbul olunur.

Azərbaycan xalqı ötən 20 ildə bütün Prezident seçkilərində öz gələcəyini yalnız İlham Əliyevə etibar etməklə, növbəti dəfə müdrikliyini nümayiş etdirib. İlham Əliyev haqlı olaraq, milli lider kimi qəbul olunur.

Son 20 ildə ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlılığının güclənməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin reallaşmasını, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini, insan kapitalının davamlı inkişafını təmin etməkdədir.

Ötən dövrdə aparılan ardıcıl dövlət siyasətinə uyğun olaraq, müstəqil hesabatlılıq, audit və qiymətləndiricilər institutu böyük inkişaf yolu keçib, onun təsirliliyi artıb, bu sahələrdə rəqəmsallaşma, beynəlxalq aləmə inteqrasiya güclənib.

Ötən dövr ərzində Azərbaycanda auditor xidmətinin həcmi 40 dəfədən çox artıb, hazırda 157 auditor təşkilatı və 68 sərbəst auditor bu sahədə xidmət göstərir.

Beynəlxalq standartlara uyğun şəffaflığın, hesabatlılığın, maliyyə nəzarətinin və intizamın yaradılması, audit, mühasibat-maliyyə və qiymətləndirmə sektorunda davamlı təkmilləşdirmə işləri Prezident İlham Əliyevin yürütdüyü iqtisadi islahatların əsas tərkib hissəsi kimi çıxış edir.

Yeni dövrdə qlobal və regional müstəvidə Azərbaycanın hədəfləri qarşıda dayanan məqsədlərə nail olunması üçün bizlərdən – mühasiblərdən, auditorlardan, maliyyəçilərdən, qiymətləndiricilərdən öz işimizə daha məsuliyyətlə yanaşmağı tələb edir.

Biz - “Hesabatlılıq və şəffaflıq yeni dövrün çağırışları kontekstində” adlı Forumun iştirakçıları olaraq bəyan edirik ki, Azərbaycan Respublikasının tərəqqisi naminə bundan sonra da var gücümüzlə çalışacağıq.

Azərbaycanı inkişaf etmiş dövlətə çevirməyi hədəfləyən Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyirik! İlham Əliyev qalib xalqın qalib lideridir! Bu siyasət davam etməlidir. Bu, hər bir azərbaycanlı kimi bizim də ümumi arzumuz, qəti və yekdil mövqeyimizdir.

Milli lider İlham Əliyev siyasəti Azərbaycanı yeni qələbələrə aparacaq!".

Избранный
598
8
ikisahil.az

10Источники