RU

Anti-Azərbaycan lobbiçiləri: subyektiv və qərəzli yanaşma TƏHLİL

Odlar diyarı Azərbaycana gələn hər bir kəs burada tolerantlıq mühitinin bir daha şahidinə çevrilirlər. Bu gün dünya ictimaiyyəti Azərbaycanın nümunəvi tolerantlıq, multikulturalizm modelini, dinlərarası dialoq mədəniyyətini qəbul edir və öyrənir. Təbii ki, hər hansı bir cəmiyyətdə sosial tolerantlığın bərqərar olmasında və multikultural dəyərlərin tərəqqisində siyasi hakimiyyətin iradəsi əvəzsizdir. Ölkəmizdə mövcud olan vəziyyət, reallıqlar dövlət siyasətinin məntiqi nəticəsidir. Məlumdur ki, çağdaş dünyamızın idarə mexanizmi, baxışı bəşər sivilizasiyası ilə birgə dəyişir, inkişaf edir. Yenilik axtarışı, yenilikçiliyə meyil, elm, texnologiyanın inkişafı və siyasi müstəvidə analizlər maraq doğurur. Belə bir zamanda Azərbaycana dünyanın müxtəlif dövətlərinin marağının artması ölkəmizin siyasi gücündən, iqtisadi inkişafından, sülhsevər dövlət olduğundan xəbər verir. İstər ictimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər təbdirlərin iştirakçısı olaraq, Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından da artıq dünya üçün bir örnəkdir. Müstəqillik tariximizdə ölkəmizin etibarlı tərəfdaş olması, təhlükəsizliyə, sabitliyə, tolerantlığa və s. verdiyi töhfələrin məntiqi nəticəsidir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilərək BMT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası kimi beynəlxalq qurumların üzvüdür. Belə nüfuza sahib olan Azərbaycana dünyanın istənilən qitəsindən nəzər saldıqda Odlar Diyarındakı həyat böyük marağa səbəb olur. Xüsusi ilə də dünyanın qarışıq dövründə bir məkanda yəhudilik, xristianlıq və islamın, eləcə də müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması bu marağın daha da artmasına dəlalət edir. Azərbaycan əhalisinin tərkibi həm etnik, həm dini, həm də məzhəb baxımından zəngin və müxtəlifdir. Tarixi dövrlərdə Azərbaycan ərazisində məskunlaşmış dini-etnik qruplar burada özlərini doğma hesab edir. Bütün tarixi dini abidələr dövlət tərəfindən qorunur, eyni zamanda, dövlət vəsaiti hesabına bərpası təmin edilir. Tariximiz, xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və digər məscidlər yenidən qurulmuş və əsaslı təmir edilmişdir. Bakıdakı Heydər Məscidi, Gəncədə "İmamzadə" kompleksi kimi binalar da Azərbaycan milli memarlığının və incəsənətinin nailiyyətlərinin parlaq nümunələri olmaqla yanaşı, insanların ibadət və dua etmələrinə imkan yaradır. Təbii ki. müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilib ki, bu da Azərbaycanda dini tolerantlığın nümunəsidir. Dövlətin din sahəsindəki siyasəti beynəlxalq hüququn prinsiplərinə və normalarına, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrə, ölkə Konstitusiyasına və digər normativ hüquqi aktlara əsaslanır. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır və bütün dini etiqadlar qanun qarşısında bərabərdir.

MULTİKULTURALİZM VƏ TOLERANTLIQ ƏNƏNƏLƏRİ

Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, Nic və İvanovka kəndləri dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qeyd edək ki, Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Bu və ya digər faktlar Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur. Bu ölkədə hər kəs mənsubiyyətindən, irqindən asılı olmayaraq azad nəfəs alır, sərbət fəaliyyət göstərir. Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Azərbaycan Yəhudiləri dini icması, Avropa Yəhudilərinin Bakı dini icması, Bakı şəhəri Dağ Yəhudiləri dini icması, Bakı Krişna Şüuru dini icması, "Yeni həyat" Xristian İncil dini icması, Gürcü Yəhudilərinin Bakı dini icması, Xilaskar Yevangelik Lüteranların Bakı dini icması və s. onlarla belə qurumlar hər bir millətə ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurların, udilərin sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər verir. Ölkənin ictimai-siyasi, mədəni həyatında iştirak üçün tam bərabər hüquqa malikdirlər.

"MÜSƏLMAN ALƏMİNDƏ HƏMRƏYLİYİN MÖHKƏMLƏNDİRİLMƏSİ ÜÇÜN SƏYLƏRİMİZİ ƏSİRGƏMİRİK"

Ziddiyyətlərlə zəngin iyirmi birinci yüzillikdə Azərbaycan ənənələrinə sadiq qalaraq milli mənəvi dəyərlərə önəm verərək islamofobiya, islam adından sui-istifadə edərək qırğınlar törədənlərə malik olduğu dəyərləri ilə çağırışlar edərək onları sülhə, dostluğa dəvət edir. Çağırışları ilə bütün dünya xalqlarına, bütün dünya dövlətlərinə Azərbaycanın bugünkü həqiqətlərini bəyan edir. Azərbaycan Prezidenti Cənab İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Azərbaycan modeli, Azərbaycan nümunəsi bu gün dünyanın müxtəlif ölkələrində öyrənilir. Bizim bu istiqamətdəki siyasətimiz artıq özünü həm ölkəmizdə, həm bölgədə və həm də dünyada təsdiq etmişdir. Biz öz milli mənəvi, dini dəyərlərimizə sadiqik, onları qoruyuruq, eyni zamanda, müsəlman aləmində həmrəyliyin möhkəmləndirilməsi üçün səylərimizi əsirgəmirik".

ETİRAZ BƏYANATININ MƏRAMI AZƏRBAYCAN REALLIQLARINA İSTİNADƏN OBYEKTİV MÖVQE İFADƏ ETMƏKDİR

Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi həmrəylik nümayiş etdirir. Bu günlərdə Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərlərinin ABŞ dövlət departamentinə müraciət ünvanlamaları bunu bir daha təsdiq edir. "Biz – Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Məşvərət Şurasının üzvləri ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) hesabatına istinadən Dövlət Departamentinin ölkəmizi 2023-cü ildə dini etiqad azadlığı üzrə "xüsusi izləmə siyahısı"na salmaq barədə qərarını qətiyyətlə pisləyir, bunu birmənalı şəkildə subyektiv və qərəzli yanaşma hesab edirik" – müraciətdə deyilir. Etiraz bəyanatının məramı Azərbaycan reallıqlarına istinadən obyektiv mövqe ifadə etməkdir: "Hazırda Azərbaycanda işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərinə, məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıdışı prosesinə beynəlxalq ictimaiyyətin humanitar və mənəvi dəstəyini gözlədiyimiz bir zamanda revanşist erməni dairələrinin haqsız, yalan və iftira dolu iddialarından qaynaqlanan bu kimi qərəzli hesabatlarla qarşılaşmağımızı ədalətsizlik kimi dəyərləndiririk.
Əfsuslar olsun ki, beynəlxalq hüquq çərçivəsində dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı ABŞ Konqresinin qərarı ilə 907-ci maddənin yenidən tətbiqinin ardınca dini etiqad sahəsinə dair qərəzli hesabat və siyahı gündəmə gəlmişdir. Burada diqqətçəkən məqam bundan ibarətdir ki, 2022-ci ilin analoji hesabatında Azərbaycana dair müsbət tendensiyalar etiraf edildiyi halda, 2023-cü ildə Azərbaycanın hansısa şübhəli izləmə siyahısına salınması nədən vacib sayıldı? Buradan görünən odur ki, Azərbaycanın zəfərləri, dövlət bayrağımızın Xankəndidə ucaldılması, ölkəmizin müstəqil siyasəti müəyyən dairələri narahat edir".
Birmənalı şəkildə bəyan edilir ki, Azərbaycanın dini-mənəvi həyatında, dövlət-din münasibətləri müstəvisində heç bir problem mövcud deyil. Hesabatdakı iddiaların əksinə, Azərbaycan hüquqi-demokratik, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən dünyəvi dövlət olaraq dini icmaların normal fəaliyyətinə hər cür şərait yaradır.
Azərbaycanda multikulturalizm dövlət siyasəti olaraq həyata keçirilir, heç bir fərq qoyulmadan, milli, dini, irqi ayrı-seçkilik edilmədən cəmiyyətin ictimai həyatında təmsil olunur, iştirak edirlər. "Ölkədə fəaliyyət göstərən bütün dini konfessiya və icmalara dövlət tərəfindən hər il müvafiq maddi yardım ayrılır, dini ibadət və ayinlərimiz sərbəst icra olunur, dövlət başçımız bayramlarımıza və mərasimlərimizə özəl diqqətlə yanaşır, ölkədaxili və beynəlxalq tədbirlərdə nümayəndələrimiz birgə iştirak edir. Dini ibadət məkanlarımıza gəlincə, ölkəmizdə müstəqillik dönəmində son illər ərzində tarixi məscid və ziyarətgahlarla yanaşı, kilsə və sinaqoqlar da təmir olunmuş, yeniləri inşa edilmişdir. Heydər Əliyev Fondunun həyata keçirdiyi "Tolerantlıq ünvanı – Azərbaycan" layihəsi çərçivəsində ölkəmizin bölgələrində, o cümlədən xaricdə onlarla tarixi-dini abidə bərpa olunmuş və yenidən qurulmuşdur" – fikirləri müraciətdə əksini tapıb. O da qeyd olunub ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası 2022-ci il hesabatında Ermənistan tərəfindən vaxtilə işğal altında olmuş ərazilərdə 403 tarixi və dini abidənin olmasını və 67 məsciddən 63-nün tamamilə dağıdılması, dördünün isə qismən dağıdılmasını və yararsız hala düşdüyünü təsdiq etmişdir.

MANİPULYASİYA HALLARINA SON QOYMAĞA ÇAĞIRIŞAzərbaycanın 30 ilə yaxın müddətdə işğal olunmuş ərazilərində məscidlərlə bərabər xristian məbədləri və digər bölgələrdəki qədim Qafqaz alban kilsələri qəsb edilmiş, onların mənşəyi dəyişdirilərək qriqoryanlaşdırılmış, Xocavənd pravoslav kilsəsi isə dağıdılmışdır. Bəyanatda haqlı olaraq göstərilir ki, bu vandalizm hallarını törətmiş və 30 il ərzində əzəli Azərbaycan torpaqlarını işğal altında saxlamış Ermənistana qarşı Dövlət Departamenti tərəfindən hər hansı qınaq ifadə olunmamış, onu öz "qara siyahısı"na daxil etməmişdir. 2022-ci il hesabatında qeyd olunub ki, Azərbaycan dəfələrlə beynəlxalq səviyyədə, o cümlədən BMT Baş Assambleyasında onilliklər ərzində Ermənistanın Azərbaycanda törətdiyi vandalizm aktlarına hüquqi qiymət verilməsi, UNESCO-nun regionda mədəni irsin qorunması məsələlərinin qiymətləndirilməsi və məsləhətləşməsi üzrə müstəqil, şəffaf missiyasını dəstəkləməyə çağırmış, lakin nə UNESCO, nə də Beynəlxalq Din Azadlığı Komissiyası bu təkliflərə hələ də cavab verməmişdir.
"Bizi narahat edən daha bir məsələ 2023-cü il hesabatında erməni dini abidələrinin qorunacağına dair şübhələrin ifadə olunmasıdır. Halbuki ərazilərimiz Ermənistanın işğalında olan dövrdə, müharibə dönəmində və bu gün də Bakının mərkəzi meydanında erməni kilsəsi dövlət tərəfindən qorunmaqdadır, hətta 2010-cu ildə erməni katolikosu şəxsən ziyarət edərək orada ibadət ayini həyata keçirmiş, kilsə nəzdində kitabxana ilə tanış olmuşdur. ABŞ rəsmilərinə obyektivlik naminə Ermənistanda tarixən azərbaycanlılara məxsus dini abidələrin dağıdılması faktlarını araşdırmağı məsləhət görərdik. Sülh müqaviləsi bağlanmasında vasitəçi olmağa iddialı dövlət məsələlərə qərəzsiz yanaşmalıdır. Hesabat tərtib edənlərin diqqətinə çatdırmaq istərdik ki, Azərbaycanın dinlərarası mühitini, dini vəziyyətini izləmək üçün həyata keçirilən gündəlik tədbirlərdə iştirak etmək, dini konfessiyaların həyat və fəaliyyəti ilə yerində tanış olmaq, işğaldan azad edilmiş ərazilərimizə səfərlər etmək lazımdır. Əminik ki, diplomatik korpus nümayəndələrinin azad olunmuş Şuşaya və s. şəhərlərinə çoxsaylı səfərlərində amerikalı diplomatlar da iştirak etsəydilər, orada məscidlərlə yanaşı xristian və digər dinlərə məxsus məbədlərin necə qayğı ilə bərpa olunduğunun canlı şahidi olardılar və ABŞ diplomatlarının hesabatlarında bu faktlar öz əksini tapardı. Azərbaycanı peyklər vasitəsilə deyil, dost səfərləri ilə öyrənmək saxta, məkrli erməni qarayaxmalarının təsirindən azad, obyektiv münasibət nümayiş etdirməni təmin edərdi". ABŞ Dövlət katibinin bəyanatı Azərbaycanın nüfuzdan salınmasında, beynəlxalq siyasi və ictimai müstəvidə onun mənfi imicinin yaradılmasında maraqlı olan anti-Azərbaycan lobbiçilərin, eləcə də erməni revanşist təbliğatının nəticəsidir və bölgədə sülhün əldə olunması işinə xələl gətirir.
Aşkar faktdır ki, Azərbaycan 2020-ci ildə əzəli torpaqlarını işğaldan qurtardıqdan və 2023-cü ildə öz qanuni əraziləri üzərində tam suverenliyini bərpa etdikdən sonra erməni kilsəsinin rəhbərləri revanşizmin önündə gedir, aktiv şəkildə nifrət çağırışları ilə etnik dözümsüzlüyü təşviq edir, aqressiv separatizmi dəstəkləyirlər. Erməni dini liderləri öz xalqını sülhə dəvət etmək əvəzinə yeni müharibələrə, özgə ərazilərini işğala çağırırlar ki, bu da fundamental insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa və dini dəyərlərə ziddir.
Hesabatda ölkəmizin dini kəsimində məzhəb ayrı-seçkiliyi ilə bağlı əsassız iddiaları, o cümlədən həqiqəti əks etdirməyən uydurma "statistikanın" müxtəlif xarici ölkə, beynəlxalq qurum hesabatlarına məkrli şəkildə daxil olunması qeyri-etik və təxribat kimi dəyərləndirilib. Dinlərarası harmoniya mühiti, multikultural həyat tərzi, tolerantlıq dəyərləri ilə tanınan Azərbaycanın son dövrlərdə birtərəfli erməni mövqeyindən çıxış edən qüvvələr və dini amildən fəal istifadə edən dairələr tərəfindən hədəfə alınmasını qətiyyətlə pisləyir, bu manipulyasiya hallarına son qoymağa çağırıblar. Bəyanatda ABŞ Dövlət Departamentinin Azərbaycanı 2024-cü ildə dini etiqad azadlığı pozulmuş ölkələr qismində xüsusi izləmə siyahısına salmaq barədə qərarını birmənalı şəkildə rədd edilib. Vaxtı ilə 70 il sovet imperiyasının tərkibində yaşadığımız zaman təbliğat mexanizminin, təqdimatların qarşısına səd çəkilsə də bu gün müstəqil, suverən dövlət olan Azərbaycan əsrlərdə formalaşmış zəngin irsini dünya xalqlarına təqdim edərək, onları təəccübləndirməklə yanaşı, bu cəmdə Azərbaycan vətəndaşının varlığını nümayiş etdirir. Milli-mənəvi dəyərlərimizə olan hücum məscidlərin, ibadət evlərinin kütləvi şəkildə bağlanmasına gətirib çıxarsa da, amma bu gün yeni məscidlər salınır, bəpra olunur, "Azərbaycan - tolerantlığın ünvanı" olaraq dünyaya vəsiqə alıb. Xalq tarixi kökünə sadiq qaldı və bu gün Azərbaycan müasir dünyada yeni meyarları ilə yollar açır.
Sülhə nail olmaq imkanlarına maneə törədən qeyri-sabit dövlətlər Azərbaycandakı əmin-amanlıqdan, tolerantlıq ənənələrindən bəhrələnməli, dünyanı buxovlayan qərəzli çıxışlara qarşı birgə iradə nümayiş etdirməlidirlər. Ekstremizm və dözümsüzlük əleyhinə çıxış edən Azərbaycan kənar qüvvələrin, xaricdən gələn təhlükələrin qarşısını almaqda güclü və qətiyyətlidir. Belə ki, Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Nəzakət ƏLƏDDİNQIZI

Избранный
254
50
sesqazeti.az

10Источники