RU

Tariximizin yaradıcısı, incəsənətimizin sənətkarı:Təkrarsız Memar Əcəmi Əbubəkr

“Qapılar bağlanır, növbəti stansiya Memar Əcəmi” .Yəqin ki, bu səsi respublikamızda eşitməyən az adam olar. Amma çox adam bilmir ki, Memar Əcəmi Azərbaycan tarixinin varlığı üçün necə böyük sərvət qoyub gedib.Bəli, ömrünü, ağlını, zəkasını xalqına, millətinə həsr etmiş ulularımızdan biri də Naxçıvan memarlıq məktəbinin banisi, dünya şöhrətli memar Əcəmi Əbubəkr oğlu Naxçıvanidir və bu gün onun doğum günü kimi qeyd olunur. XII əsrin 20-ci illərində doğulan Əcəminin layihəsi ilən tikilən tarixi abidələr bügünkü nəsillərə ən muqəddəs, ən ülvi əmanətidir, yadigarıdır. Əcəminin yaşadığı dövr Azərbaycan intibahının çiçəklənmə dövrü olub. Şəhərlər böyüyüb, saraylar, məscidlər, müdafiə və xatirə tikililəri qurulub. Sənətlər, elm, incəsənət və poeziya inkişaf edib. Bu dövrdə bir sıra dahi şəxsiyyətlər yaşayıb-yaradıb. Qətran Təbrizi, Bəhmənyar əl-Azərbaycani, Xətib Təbrizi, Nizami Gəncəvi, Xaqani Şirvani, Ömər Kafiəddin, Əbülüla Gəncəvi, Məhsəti Gəncəvi və başqaları iltibah dövrünün görkəmli nümayəndələri dir. Eyni zamanda iltibah dövrünün ən mükəmməl nümayəndələrindən biri də Əcəmi hesab olunur.Yusif Küseyr oğlu türbəsi Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1162-ci ildə Naxçıvan şəhərinin cənub-şərq tərəfində inşa edilib. El arasında “Atababa günbəzi” kimi də tanınan abidə yeraltı sərdabədən və yerüstü türbədən ibarətdir.Daxildən və xaricdən səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə örtülmüşdür. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli nümunələrindən olan Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatıb. Məqbərənin giriş qapısının baş tərəfində dörd sətirdə yazılan kitabədən aydın olur ki, türbə hicri təqvimi ilə 557-ci ildə (1162-ci il) Yusif Küseyr oğlunun xatirəsinə inşa etdirilmişdir. Məqbərənin qurşağında Qurani-Kərimin "Al-i İmran" surəsindən 15-17-ci ayələr, tağı üzərində isə "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir" sözləri yazılıb.Yusif Küseyr oğlu kitаbədə "tаnınmış rəis", "mömin", "islamın gözəlliyi", "şeyxlərin başçısı" titul və epitetləri ilə təqdim оlunmuşdur. Yusif Küsеyr оğlunun tutduğu şəhər rəisi vəzifəsi o dövrdə kifаyət qədər nüfuzlu idi. Tanınmış sənətşünaslardan Ə. V. Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir. Bu əsərlər sübut edir ki, Əcəminin ölməz irsi haqlı olaraq, memarlıq sənətinin əbədi nümunələrindən sayılır.Yenidən doğulmuş bu sənət abidələri belə bir fikrə gəlməyə əsas verir ki, Əcəmi Naxçıvani öz dövründə tayı-bərabəri olmamış sənətkarlardandır. Təsadüfi deyil ki, XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Hələ Qərb dünyasında arxitektura sənəti anonim səciyyə daşıyan bir Dövrdə Əcəmi bir çox memarlıq incilərinin müəllifi kimi bizim qarşımızda parlaq və təkrar olunmaz yaradıcı simaya malik böyük sənətkar, bədii və mühəndis təfəkkürünün nəhəngi kimi canlanır."Əcəmi XII əsrdə İraq Sultanlığında - Azərbaycan Atabəylər dövlətinin ərazisində, atabəy Şəmsəddin Eldənizin dövründə yaşayıb. Tarixdə onun barəsində, ölməz əsərlərindən başqa heç bir məlumat yoxdur. Görünür, dahi memar bunu qabaqcadan hiss etdiyindən öz şah əsəri Möminə Xatun türbəsi üzərindəki kitabədə belə yazmışdı: “Biz gedəriyik. Dünya qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə”.1186-cı ildə tikilmiş bu gözəl və möhtəşəm məqbərə xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Möminə xatun Atabəy Şəmsəddin Eldənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. Bundan başqa hazırda Naxçıvanda muzey kimi fəaliyyət göstərən Yusif ibn Küseyir türbəsi və bizə dövrə qədər gəlib çatmayan Atabəylər məscidi (Cümə məscidi) də dahi memarın tikdiyi abidələrdəndir.İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən, Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəzləyirdi. Məzarlıq hissəsi yerin altında olan bu tikililərin, yerüstü hissəsi bəzən 30 metrə qədər yüksələrək, öz gözəlliyi və məzmunu ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi.Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və digər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdu. Tədqiqatçılar hətta ondan 300 il sonra yaşamış böyük Türkiyə memarı Memar Sinanın əsərlərində dahi ustadın təsirini aşkar ediblər.Əcəmi Naxçıvani memarlıq sənətinin başlıca problemlərindən olan tektonikliyin (arxitektonika) dünya memarlığında az təsadüf edilən həllini tapmışdı.Bundan başqa Naxçıvandakı Atabəylər məscidi, Yusif Küseyir oğlu türbəsi də dahi memarın yaradıcılığına aid nümunələrdir.Qeyd edək ki, Azərbaycanın görkəmli memarı Əcəmi Naxçıvaninin 900 illik yubileyi 2024-2025-ci illərdə UNESCO çərçivəsində qeyd olunacaq tədbirlər siyahısına daxil edilib.

Избранный
267
adalet.az

1Источники