“Siyasət elə tarixdir ki, onu hələ də düzəltmək olar”
Ziqmund Qraff
IV hissə
Krevis, Petreus və İŞİD-in silahlandırılması
Beləliklə, Emmanuel Makron Henri Krevis və Jan-Pyer Jüyenin zəmanəti ilə Fransua Ollandın qapalı seçki komandasına daxil olur. Həmin dövrdə Dövlət Katibi Hillari Klintonun siyasi planlaşdırma direktoru Cek Sallivan məxfi məktub göndərmişdir və orada F.Ollandın komandasının 4 əsas namizədini göstərmişdir. Həmin namizədlər sırasında heç kəsin tanımadığı E.Makron da varmış. Və hətta “E.Makron büdcənin baş direktoru olmalıdır” proqnozu məktubda olmuşdur (bax: “Hollande Team”, e-mail by Jake Sullivan, May 10, 2012. Source : Wikileaks).
Lakin F.Olland prezident seçiləndən dərhal sonra (2012-ci il) E.Makronu Yelisey Sarayında baş katibin müavini təyin edirlər. Bundan küsən və qəzəblənən “yeni gizli siyasət ulduzu” F.Ollandın əleyhinə fəaliyyətə keçir. Onu hadisədən bir neçə gün sonra Bilderberq Klubunun iclasına dəvət edirlər. Orada E.Makron F.Ollandın əleyhinə çox kəskin ittihamlar irəli sürür. Və Yelisey Sarayına gələn kimi bütün kabineti istefaya göndərir!
Maraqlıdır, siyasətə gəlmək istəməyən bir adam hansı səbəblərdən bu qədər iddialı və qəzəbli olsun? Onu nələr buna vadar edə bilərdi? Həm də E.Makronun Bilderberq Klubundakı çıxışı NATO-nu razı salmışdı. Məsələ də elə bu məqamlarla bağlıdır. Bilderberq Klubunun əsas kadrları ilə əlaqə sayəsində F.Ollandın seçki komandasının qapalı qismində yer alan və böyük vəzifə gözləyən E.Makron hesab etmişdir ki, onu aldadıblar. Ona görə də həm kabineti istefaya göndərmiş, həm də 2012-ci ildə siyasətdən getdiyini bəyan etmişdir.
Lakin o, yenə də bilderberçilərin ciddi dəstəyi ilə Berlin Universitetində və London məktəbində yer ala bilir (bu işdə Makrona 2008-ci ildən Bilderberq Klubunun üzvü olan yazıçı Alen Mink dəstək olur), lakin Harvard E.Makronu qəbul etmir. 2014-cü ildə isə E.Makron 2008-ci ildən Bilderberq Klubunun üzvü olan Jan-Pyer Jüyenin təklifi ilə Fransanın iqtisadiyyat, sənaye və rəqəmsal işlər üzrə naziri təyin olunur!
Bu arada Henri Krevis yeni bir addım atır. O, özünün kəşfiyyat xidmətini yaradır – KKR Global İnstitute! Ona MKİ-nin keçmiş şefi Devid Petreus rəhbərlik etməyə başlayır. Nəticədə qısa bir müddətdə H.Krevis bir neçə milyard dollarlıq silah satır. Bunların əsasında T.Meysan belə nəticə çıxarır ki, Krevis və Petreus İŞİD-i silahla təmin edən başlıca mənbə olmuşlar (bax: “Заставить транснациональные корпорации оплачивать восстановление Сирии”, Тьерри Мейсан, Перевод Эдуард Феоктистов, Сеть Вольтер, 14 августа 2018).
İkinci cəhd: Makronun pedaqoqluqdan siyasətə qayıtması
Ancaq E.Makronla bunlardan heç də az maraqlı olmayan olaylar baş verir. 2015-ci ildə Avstriyada və 2016-cı ildə Almaniyada Bilderberq Klubunun o dönəm sədri fransız Anri de Kastri Eduard Flipi yanına dəvət edir və Fransada prezident seçkisində Fransua Fiyona dəstək vermək barədə qərar qəbul edirlər. Hər şeyi E.Makronun “dostu” Jan-Pyer Jüye dəyişir. O, qısa bir müddətdə xanım Fiyonun şübhəli maliyyə fəaliyyəti ilə bağlı sənədlər təqdim edir. Bundan sonra A.de Kastri və E.Filip E.Makrona dəstək vermək qərarına gəlirlər. E.Makronun siyasi məcaraları yeni intensivlik alır.
2016-cı ildə E.Makron İsraildə Ariel Şaronun yaratdığı “Kadima” təşkilatının sturkturunun tam analogiyasında (deyəsən, özünün heç nəyi yoxdur, orijinal deyil) “En Marche!”i (“İrəli”) yaradır. Onun fəaliyyət proqramını Anri de Kastrinin rəhbərlik etdiyi təşkilatlar hazırlamışdılar. E.Makronun yaratdığı təşkilatın donorlarından biri…Henri Krevis idi.
Prezident seçkisi kampaniyası zamanı E.Makron bir neçə dəfə Bilderberq Klubuna üzv olan Beynəlxalq Valyuta Fondunun prezidenti D.S.Kannla görüşür. Onlar bunu inkar etsələr də, “Le Parisien” nəşrinin hazırladığı material hər şeyi dəyişir. Sən demə, 2000-ci ildən bilderberqçi olan D.S.Kann E.Makrona məmur aparatı və fransız sahibkarların ciddi dəstəyini vəd edibmiş.
Nəhayət, 2017-ci ildə E.Makron Fransanın prezidenti olur. 2022-ci ildə təkrar prezident seçilir. Bununla da uzun illər mübarizədən sonra Emmanuel Makron arzuladığı yüksək pilləyə qalxır. Lakin Fransanın Cənubi Qafqaz siyasəti haqqında bunu demək olmur.
Aydındır ki, E.Makron öncədən Bilderberq Klubuna bağlıdır. Belə asılılıq təbii ki, xarici siyasətdə də özünü göstərməli idi. Bu prizmada Fransanın Cənubi Qafqaz siyasətinin hər üç aspektdə qüsurlu olduğu aşkardır. Burada üzərində dayanılmalı olan konkret məqamlar mövcuddur.
Hər şeydən öncə, rəsmi Paris situasiyaya obyektiv yanaşa bilmir, ona subyektiv qiymət verir. Bu məqam bir vaxtlar ATƏT-in Minsk Qrupunda həmsədr olanda özünü daha qabarıq göstərib. Maraqlıdır ki, Minsk Qrupu yaradılanda E.Makronun siyasilər arasında heç adı belə yox idi. Lakin o vaxtdan bu yana Fransanın Cənubi Qafqaz siyasətində, demək olar, elə ciddi dəyişiklik də yoxdur. Fransa həmsədr kimi Ermənistanı necə birtərəfli dəstəkləyir və ona havadarlıq edirdisə, indi də elədir. Bununla yanaşı, rəsmi Paris 44 günlük Zəfər savaşından sonra daha süni surətdə və qərəzli tonda Ermənistana yardım edir. Bu yardımlar içərisində silah satışı məsələsi son zamanlar daha da intensivləşib. Bunun yuxarıda vurğuladığımız silah ticarəti ilə bir bağlantısı yoxdur ki?
Məsələ belədir ki, Suriyaya silah satışında Bilderberq Klubunun fəal üzvləri əsas rol oynayıblar. Onlar İŞİD-lə yanaşı, digər terror təşkilatlarını da silahlandırıblar. İndi eyni tendensiya Cənubi Qafqazda hiss olunur. Fransa regionda kəşfiyyat şəbəkəsi vasitəsi ilə ölkələrin daxili işlərinə qarışır və həm də təcavüzkar Ermənistanı silahlandırır. Bu məqamı nəzərdən qaçırmaq doğru olmazdı.
Təcavüzkara dəstək: regionun geosiyasi bölünməsi
Digər tərəfdən, Fransa diplomatiyasının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına vasitəçi kimi hansısa müsbət töhfə verdiyini xatırlaya bilmirik. Hətta, E.Makronun vasitəçi olmaq cəhdləri elə yarıtmaz hallarla müşaiyət olunub ki, onun bu xidmətindən imtina edilib. Nəticədə belə təəssürat yaranır ki, E.Makronu idarə edənləri regiondakı hansısa məqam qane etmir. Bunu anlamaq çətin deyil. Həmin məqam Azərbaycanın müstəqil və milli siyasət yeritməsi ilə bağlıdır. Yuxarıda E.Makronun Bilderberq Klubu kontekstində fəaliyyətinin qısa şərhi də göstərir ki, kimlərisə dövlət başçısı edənlər pullarını havayı xərcləmirlər: ciddi tələblər və çərçivələr qoyurlar! Cənubi Qafqazda da rəsmi Parisin kimin maraqlarını, ölkənin, yaxud maliyyə qaynaqlarının maraqlarını təmin etməyə çalışdığı qeyri-müəyyəndir.
Üçüncü məqam kimi E.Makronla N.Paşinyanın hakimiyyətə, təqribən, eyni vaxtda gəlmələrini və bu zaman siyasi texnologiyalarında oxşarlıqların olmasını vurğulaya bilərik. N.Paşinyan da E.Makron kimi siyasətin arxa planında olan adam olub. Onların hər ikisi kənardan dəstəklə siyasi karyeralarını qurublar. Biri Fransada “İrəli” yaratmış, o biri Ermənistadna “Mənim addımım” adlı təşkilat formalaşdırıb. Onların hər ikisi frankofoniyanın aktiv üzvləridirlər. E.Makronla N.Paşinyanın şəxsi münasibətləri də çox yaxındır.
Ən əsası isə odur ki, rəsmi İrəvan Parisin göstərişlərinə can-başla əməl etməyə çalışır. Hətta, ondan əsas qüvvə kimi istifadə edərək ədalətli sülh prosesinə əngəllər törədir. Təsadüfi deyil ki, İrəvanın müstəqil addım atmaq fikrini azacıq da olsa, qabartması Parisdə ciddi və kəskin reaksiyalar doğurur.
Nəhayət, Fransa Cənubi Qafqazda hansısa inteqrasiya prosesini baykot etməyə çalışan güc təsiri bağışlayır. Bunu Orta Dəhliz çərçivəsində atılan hər yeni addıma qarşı Ermənistanın əks mövqe qoymasından hiss etmək olur. Formasından asılı olmayaraq görünür ki, Orta dəhliz və onun bir hissəsi kimi Zəngəzur dəhlizinin obyektiv şərtlər daxilində fəaliyyətini arzulamırlar.
Bütün bunlarla yanaşı, Fransanın regional təhlükəsizlik sisteminin yaradılmasına əngəl olması daha təhlükəli və riskli vəziyyət yarada bilər. Çünki Ermənistanı silahlandırmaq xətti birbaşa regional sabitlik və əməkdaşlığın olmamasına çalışmaq deməkdir. Normal halda obyektiv vasitəçi rəsmi İrəvana anlatmalıdır ki, sülh müqaviləsini imzalamaq lazımdır. Başqa yolla regional əməkdaşlığın bərpası mümkünsüzdür. Bunun əvəzində, həm tərəflərdən birinə silah vermək, həm də digər tərəfə qarşı qərəzli sənədlər qəbul etmək regionun geosiyasi bütövlüyünə qəsddir.
“İtirilmiş Fransa”!
Belə məlum olur ki, Fransa, hələlik, müəyyən dairələrin göstərişlərini yerinə yetirməklə, nə öz həqiqi dövlət maraqlarını təmin edə, nə də regional təhlükəsizliyə töhfə verə bilir. E.Makronun, bütövlükdə, siyasi karyerasının asılılıq üzərində qurulması vəziyyəti olduqca mənfi istiqamətə kökləyir. Belə görünür, silah ticarətçiləri daha çox gəlir naminə yenə də regiona qarşı kimlərisə yönəldə bilərlər. Silah ticarətinin nə qədər insana faciə gətirdiyini hər kəs yaxşı anlayır. Lakin böyük dövlətlərin başçılarının dolayısı ilə bu prosesdə olması əsl faciədir. Bu cür şəbəkənin əhatə və təsir dairəsi o qədər geniş ola bilər ki, onu aradan qaldırmaq imkansızlaşar.
Beləliklə, Fransanın Cənubi Qafqaz maraqlarının üç aspekti olsa da, onlar regionun bir ölkəsi ilə bağlıdır. Bu ölkə isə Ermənistandır. Rəsmi Parisin əsas məqsədi regionun tarixi ədalət və beynəlxalq hüquq çəçrivəsində sabitliyini və təhlükəsizliyini təmin etməkdən ibarət deyil. Daha doğrusu, Fransa dövlət olaraq bir qeyri-leqal təşkilatın maraqları naminə Cənubi Qafqazın geosiyasi mənzərəsini təhlükəyə atır. Aydın duyulur ki, regionda geosiyasi prosesləri süründürməçi və qarşılıqlı təhdidlərin hökm sürdüyü bir vəziyyətə gətirib, öz zamanını gözləmək istəyənlər var. O güc bunun üçün haqsıza silah satır, müxtəlif tədbirlərdə ona dəstək verir və 44 günlük savaşdan sonra Cənubi Qafqazda formalaşmış yeni geosiyasi reallıqlara zərər gətirməyə çalışır. Eyn zamanda, görünür ki, Cənubi Qafqaza yaxın regionlarda riskləri artırır, meydana yeni münaqişələr və hərbi toqquşmalar çıxarmağa cəhd göstərir. Bunların əksəriyyəti Cənubi Qafqazın sərhədləri yaxınlığında baş verdiyindən, istənilən an regiona sıçramaları ehtimalı mövcuddur. Bu da o deməkdir ki, Suriya ssenarisini burada təkrarlamaq istəyi var. Kimlərsə, silah satıb pul ələ keçirəcək, lakin milyonlarla günahsız insan həyatını bu və ya digər şəkildə itirəcək. Ya məhv olacaq, ya yetim qalacaq, ya da qaçqın olacaq!
Fransada elə bir daxili siyasi güc varmı ki, bu prosesdən ölkəni kənara çəksin? Bilmirik, lakin onu deyə bilərik ki, qafqazlıların şüurlarında Fransanın ənənəvi obrazı tədricən itir! Bu, “itirilmiş Fransa” deyimini aktuallaşdırır!
Füzuli QURBANOV, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта