Azərbaycanda qarşıdakı illərdə iqtisadi artım prosesinə neft-qaz sektorunun dəstəyi olmayacaq, həmin illərdə iqtisadiyyatın yalnız qeyri neft-qaz sahələrinin hesabına böyüyəcəyi gözlənilir.
Sfera.az hökumətin proqnozuna istinadən bildirir ki, bu, 2024, 2025 və 2026-cı illərdə sürətlə azalacaq, 2027-ci illərdə isə azalma sürəti xeyli zəifləyəcək.
İlk illərdə neft hasilatında azalma “Azəri-Çıraq-Günəşli” yatağı üzrə müşahidə ediləcək. 2026-cı ildən “Şahdəniz” yatağından çıxarılan kondensatın həcmində də azalma baş verəcək. 2024-2027-ci illərdə SOCAR-ın neft hasilatında isə hər hansı dəyişiklik olmayacaq. Ümumilikdə neft hasilatının 2024-cü ildə 29,5 milyon tona, 2025-ci ildə 28,3 milyon tona, 2026-cı ildə 27,48 milyon tona, 2027-ci ildə 26,9 milyon tona düşəcəyi gözlənilir.
Qaz hasilatına diqqət yetirdikdə burada qarşıdakı 4 ildə ciddi artım olmayacağını görürük. Proqnozlara görə, 2024-cü ildə hasilat 37 milyard kub metrə çatacaq və 2027-ci ilə qədər təxminən bu səviyyədə qalacaq.
Hasilat gözləntilərindən belə aydın olur ki, Azərbaycanın neft-qaz sektorunda real böyümə 2024-2027-ci illərdə baş verməyəcək, hətta bu illərdə azalma olacaq. Azərbaycanın proqnozuna əsasən, neft-qaz sektorunda kiçilmə 2024-cü ildə 1,7 faiz, 2025-ci ildə 1,5 faiz, 2026-cı ildə isə 3,1 faiz təşkil edəcək. 2027-ci ildə azalma sürəti zəifləyərək 0,8 faizə düşəcək.
Bu vəziyyətdə Azərbaycan iqtisadiyyatında böyümə ümidi yalnız qeyri neft-qaz sahələrindən asılıdır. Yaxın 4 il ərzində qeyri neft-qaz istehsalında böyümə sürətinin 4-5 faiz intervalında dəyişəcəyi təxmin edilir. Əgər qeyri neft-qaz sahələrində böyümə sürəti müsbət 4-5 faiz, neft-qaz sahələrində isə mənfi 0,8-3,1 faiz olarsa, o halda ümumən iqtisadiyyatda kiçik fərqlə də olsa, böyüməni təmin etmək mümkün olacaq.
2024-2027-ci ildə ümumi iqtisadi böyümənin 2,4-3,6 faiz təşkil edəcəyi proqnozlaşdırılır. Bu halda iqtisadiyyatda qeyri neft-qaz sektorunun payı 65 faizdən 80 faizə çatacaq.
Müqayisələrdən göründüyü kimi, qarşıdakı illərdə neft-qaz sektorunun iqtisadi böyüməyə köməyi olmayacaq, əksinə böyümə sürətini zəiflədəcək. Qeyri neft-qaz sektoru isə böyüməni ciddi mənada dəstəkləyəcək.
Vasif