RU

Zərifə Salahova ilə yarımçıq müsahibə: "Dur, get buradan"

Bu gün Bakıda yerləşən Miniatür kitab muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahovanın doğum günüdür. Şöhrət ordenli muzey rəhbəri 92 yaşını qeyd edir.AzVision.az Zərifə xanımı təbrik etmək və onunla doğum günü söhbəti etmək üçün əlaqə saxlayıb:

- Zərifə xanım, özəl gününüzü necə qeyd etməyi planlaşdırırsınız?
-Bu gün muzeydə olacağam.
- Deyirlər, yaş kişinin var -dövlətidir. Bəs xanımlar bu haqda nə düşünür?
-Ədə, mənim indi vaxtım yoxdur sizinlə danışmağa.

Zərifə xanım söhbətimizi yarımçıq kəsib telefonu üzümə qapadır. Fikirləşirəm ki, bəlkə, telefonla danışmağa hövsələsi çatmır. Ona yenidən zəng edirəm: Zərifə xanım, muzeyin yaxınlığında çalışıram. Bəlkə, gəlim orada daha rahat şəkildə müsahibə edək? Çox vaxtınızı almayacağam. Razılaşır: "Gəlin, saat 1-ə kimi burada olacağam" .

Muzeyə daxil oluram, özümü təqdim edirəm. Söhbətə yenidən başlayırıq.

-Canlı ünsiyyət daha faydalıdır. Bir-birimizi yaxşı anlayarıq. Necəsiniz?
-Yavaş-yavaş, pendir lavaş. (gülür) Sevinirəm, ad günümdür.

Daha sonra Zərifə xanımın telefonuna bir neçə təbrik zəngi gəlir. Söhbətimizə ara verib gözləyirəm. Kitablara baxıram, ziyarətçiləri müşahidə edirəm. Zərifə xanım telefon zənglərindən sonra ziyarətçiləri çağırır: "Qoy rusiyalılar və qazaxıstanlılar mənə yaxınlaşsınlar".( Məlum olur ki, ziyarətçilər nə rusdur, nə də qazaxıstanlı, onlar çinlidirlər)

- Zərifə xanım, onları niyə səsləyirsiniz? Qarşısındakı bədii kitablara işarə edərək: "Kitab alamağa".

Bəlkə, söhbətimizə davam edək deyə, yenidən başlayıram.

-Telefonda yaşla bağlı sizə verdiyim sualı yenidən təkrar etmək istəyirəm. Cavabınız maraqlı olar.
- Qadın üçün də yaş var-dövlətdir. "Мои года - мое богатство adında mahnı var, eşitmisinizmi?
- Bəli, dinləmişəm.

Yenidən zəng gəlir və söhbətimiz yarımçıq qalır. Və davam edirik.

- Deyəsən, təbrik zəngləri çoxdur. Qulaq şahidi oldum, səhv etmirəmsə, Belarus prezidenti Aleksandr Lukaşenkoya kitab göndərəcəksiniz.
- Bu səhər Belarus səfiri gəlib məni təbrik etdi.

- Görünür, yaxşı dostluq əlaqələriniz var.
- Şəkli görmürsünüz? (Lukaşenko ilə divardakı şəklini göstərir). Səhər səfirə iki kitab göndərdim. Onlardan biri Heydər Əliyevin 100 illiyi ilə bağlı çap edilib, digər kitabda isə dövlət başçısı İlham Əliyevin Zəfərlə bağlı çıxışı yer alıb.

- Zərifə xanım, bayaq ziyarətçiləri səslədiniz. Hər gün işdə olmaq, turistlərlə söhbətləşmək yəqin ki, maraqlı olar.
- Bu işdir mənim üçün? Bu, mənim şəxsi muzeyimdir. Nə iş?! Dur, get buradan. Heç özün də bilmirsən nə danışırsan.

Belə bir incik məqamda böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin üç hekayəsinin (“Papaq”, “Bomba”, “Mirzə Səfər”) motivləri əsasında çəkilən "Papaq" filmindən naçalniklə Mirzə Səfərin dialoqu yadıma düşdü:

- “Mirzə Səfər papağını da götür, get burdan”
-“Ağa naçalnik, yəqin bil ki, gedəsi olsam, papağımı burda qoymayacağam.

Qeyd edək ki, Zərifə Teymur qızı Salahova 1932-ci il fevralın 2-də Bakı şəhərində doğulub. 1952-ci illərdə Sabir adına Pedaqoji məktəbi bitirib. 1952–1956-cı illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. 1966–1967-ci illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbinin dinləyicisi olub. 1956–1958-ci illərdə orta məktəbdə ibtidai sinif pedaqoqu, rus dili və ədəbiyyatı müəllimi işləyib. 1958–1962-ci illərdə "Minqeçaurskiy raboçiy" və "Kommunist Sumqaita" qəzetlərinin əməkdaşı olub.

1962–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin təlimatçısı, mühazirəçisi, təbliğat və təşviqat şöbəsinin müdiri vəzifələrində işləyib. 1970–1981-ci illərdə Azərbaycan KP MK-nin təşkilat-partiya işi şöbəsinin partiya informasiya sektorunun müdiri olub. 1981–1993-cü illərdə Azərbaycan SSR Kitab Həvəskarları Könüllü Cəmiyyətinin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutub.

1993-cü ildən "Kitab" Cəmiyyəti İdarə Heyətinin sədridir. 2002-ci ildən Azərbaycan Qadınları Bakı Assosiasiyasının sədridir. Onun yaratdığı Miniatür kitab muzeyi 2 aprel 2002-ci ildə fəaliyyətə başlayıb.

2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən İctimai Televiziya və Radio Yayımları Şirkəti Müşahidə Şurasının üzvü təyin edilib.

Azərbaycan prezidenti Zərifə Salahovanı 2007-ci ildə "Şöhrət" və 2022-ci ildə "Şərəf" ordeni ilə təltif edib. Dünya şöhrətli rəssam Tahir Salahovun bacısıdır.






Şahanə Rəhimli
AzVision.az

Избранный
533
azvision.az

1Источники