Fizika üzrə Nobel mükafatı laureatı (1978), 2 dəfə Sosialist Əməyi Qəhrəmanı Pyotr Kapitsanın oğlu, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik, Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, “В мире науки” (“Elm dünyasında”) jurnalının baş redaktoru, maarifçi, 1973-cü ildən SSRİ-də ən populyar elmi-kütləvi “Очевидное – невероятное” (“Həqiqətlər və ağıla gəlməyənlər”) televiziya verilişinin uzun illər boyu aparıcısı olmuş Sergey Kapitsanın (1928-2012) şahidi olduğu maraqlı bir olay belə baş verib:
“Bu hadisə 1960-cı illərdə olmuşdu. Rusiya Təbiət Elmləri Akademiyasının qapalı Elmi Tədqiqat İnstitutunda (ETİ) nüvə fizikası sahəsində çalışan bir qrup alimi Qara dəniz sahillərindəki məşhur kurortların birinə istirahətə gedir. Qrupdakıların hamısı fizika üzrə elmlər doktorları idilər. Aralarında hətta bir nəfər olsun belə elmlər namizədi yox idi.
Elmlər doktorları, professorlar yolüstü bir neçə şüşə şərab alıb dəniz sahilinə gəlirlər. Süfrədə məlum olur ki, şərab şüşələri pərçimlənmiş plastik qapaqla bərk bağlanıb. Qapaqları yalnız bıçaqla kəsmək mümkün olardı. Bıçağı isə özləri ilə götürməyiblər, qapaqları açmağa başqa heç nə yoxdur! Xeyli düşünürlər, lakin bir çarə tapa bilmirlər.
Bu vaxt görürlər ki, yaxınlıqdan səfil-sərgədan keçir. Onu səsləyirlər:
– Ay yoldaş, şərab şüşələrini açmaq üçün sizdə bir şey olmaz ki? Bunları aça bilərsinizmi?
–Açarıq, əlbəttə, açarıq! – deyə kişi onlara yaxınlaşır.
Həmin şəxs şüşələrdən birini əlinə alıb soruşur:
– Kibritiniz var?
Kibrit qutusunu ona verirlər. O, bir kibrit yandırır, qapağı qızdırır, yumşalmış qapağı əllə dartıb çıxarır və heyrətlə ona baxan alimlərə deyir:
– Məktəbdə fizikanı oxumaq lazım idi, ay bisavadlar.
Professor Sergey Kapitsa bu hekayətdən belə bir nəticə çıxarır:
–Tələbələri kor-koranə əzbərçiliyə öyrətmək lazım deyil, əksinə, onların düşünmək qabiliyyətini gücləndirmək çox vacibdir.
Akademikin fikrincə, tələbə hətta imtahana kitabla gələ də bilər, təki, o, həmin kitabda nə yazıldığının fərqinə varsın və çox şeyi müstəqil surətdə dərk etsin. Yəni, gərək bildiyini bacarasan da.
Təqdim etdi: M.HACIXANLI XQ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта