RU

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək - BU TARİXDƏ

Dövlət İmtahan Mərkəzi fevralın 18-də doktorantura, dissertantura və adyunkturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirəcək.
DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda 309 iddiaçı iştirak edəcək.
302 nəfər ingilis dili, 3 nəfər fransız dili, 4 nəfər isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
İddiaçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
İmtahanın müddәti 2 saat 30 dәqiqәdir. İmtahan müddәtinin ilk 1 saat 30 dәqiqәsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isә yazılı tapşırığın yerinә yetirilmәsinә (vizual mәlumatın yazılı tәsviri üçün ) ayrılır.
İmtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara vә ya tünd göy rәngdә yazan mürәkkәb axıtmayan diyircәkli qәlәmlә, yaxud tünd rəngdə yazan sadә karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Apellyasiya müraciətləri zamanı təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Bununla bağlı tövsiyə olunur ki, cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd edin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralayın.
İmtahanın keçirilməsi üçün 2 imtahan bina, 4 imtahan rəhbəri, 2 ümumi imtahan rəhbəri, 31 nəzarətçi, 4 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.
Qeyd edək ki, fevralın 18-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıq bloku üzrə imtahana buraxılmırlar. Danışıq bloku üzrə imtahan 4 mart tarixində keçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyən iddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələr belə, şəhadətnamə ilə təmin olunmayacaqlar.
Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm də əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Vizual məlumatın təsviri və danışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrə qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq blokları üzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar və əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanından azı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbi ödəmiş hesab edilirlər.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı fevralın 19-da, danışıq bloku imtahanı isə martın 4-də keçiriləcək.

Избранный
470
xalqcebhesi.az

1Источники