RU

Milli birliyimiz – düşmənlərə qarşı sipər

Otuz ildən çox bizi birləşdirən milli ideya – erməni işğalına son qoyulması və ölkəmizin ərazi bütövlüyünün bərpası – hörmətli Prezidentimiz, Ali Baş Koman­dan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Milli Ordumuz tərəfindən gerçəkləş­dirildi. Şəhidlərimizin qanı yerdə qalmadı, Azərbaycanın bütöv ərazisində suve­ren hüquqlarımız bərpa edildi.

Bu gün bizi birləşdirən əsas ideya milli birlikdir. Avropa Parlamenti, AŞPA, ABŞ Konqresi, Dövlət Departamen­ti, Fransa Senatı, Almaniya ölkəmizə qarşı xoşagəlməz addımlar atırlar. Ta­rixi şəraitin özü, xalqımızın beynəlxalq arenada üzləşdiyi ədalətsizlik və ikili standartlar, indiyəcən məruz qaldığı çətin sınaqlar milli birlik ideyasını bizə diktə edir. Yalnız vahid xalq olaraq və güclü lider ətrafında birləşərək, əsrlər­lə arzusunda olduğumuz azad, güclü, firavan, çiçəklənən Azərbaycan qura bilərik. Qarşıda bizi böyük hədəflər göz­ləyir: dövlətimizin müstəqilliyini möh­kəmləndirmək, azad edilmiş əraziləri bərpa etmək, böyük qayıdışı tamamilə gerçəkləşdirmək, sosial-iqtisadi inkişafı sürətləndirərək Azərbaycanı qabaqcıl ölkəyə çevirmək.

Əlbəttə, demokratik və plüralist cəmiyyətdə, çoxpartiyalılıq şəraitin­də siyasi mübarizə, siyasi maraqların toqquşması, ideoloji və taktiki fikir ayrı­lıqları təbii haldır. Lakin ümummilli ideya baxımından ən mühüm məsələ, fəlsəfi dillə desək, mübarizə edən əksliklərin vəhdətini qorumaqdan, yəni siyasi eh­tirasların cəmiyyətimizi parçalamasına imkan verməməkdən, mübarizə və mü­zakirələrin konstruktiv məcrada aparıl­masına nail olmaqdan ibarətdir. Müasir sivil dünyada bərqərar olmuş parlament quruluşunun özü də məhz bu zərurət­dən doğmuşdur və bunu tələb edir.

Biz daxili problemlərin həllinə siyasi şüar və bəyanatlarla deyil, sosial-iqtisa­di məsələlərin çözümünü təmin edəcək hüquqi baza və mexanizmlərin işlənib hazırlanması ilə nail ola bilərik. Bu da son nəticədə cəmiyyətin ahəngdar inki­şafının başlıca şərti kimi sosial ədalətin bərqərar olması ilə nəticələnməlidir.

Son illərdə ölkəmizin qazandığı böyük nailiyyətlərdən biri də, heç şü­bhəsiz, nəhəng səylər bahasına əldə olunmuş siyasi sabitlikdir. Bəşəriyyətin tarixi belə bir mühüm həqiqəti ortaya qoymuşdur: müdrik dövlət xadimi о kəsdir ki, cəmiyyətdəki stabilliyi qo­rumaqla, onun xaos və hərc-mərclik girdabına yuvarlanmasına imkan ver­mədən müxtəlif islahatlar aparmağı ba­carır. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev bu illər ərzində məhz belə bir müdriklik və məharət nü­mayiş etdirmişdir. Hesab edirəm ki, bu sabitliyi qorumaq, əslində, hər bir vətən­daşın borcudur. Odur ki, mövcud icti­mai-siyasi sabitliyi hər vəchlə qoruma­ğı, milli birliyin pozulmasına səbəb ola biləcək bütün cəhdlərə qarşı qətiyyətlə mübarizə aparmağı birinci dərəcəli və­zifə kimi qarşıya qoymalıyıq. Birlik və həmrəyliyimizin sarsılmazlığını təmin etmək üçün konstruktiv qüvvələrlə di­aloqu və əməkdaşlığı inkişaf etdirmək, vətəndaş həmrəyliyinin və milli birliyin həmişəlik bərqərar olmasına çalışmaq, ölkədə mülki cəmiyyətin möhkəm əsas­larının qurulmasına nail olmaq lazımdır. Bunlar həyata keçərsə, milli birliyimizin pozulmasına yönəlmiş cəhdlər təkcə dövlət strukturlarının deyil, bütövlükdə, cəmiyyətin müqaviməti ilə rastlaşar və təbii ki, uğursuzluğa düçar olar.

Bəllidir ki, ölkədə sabitliyin qorun­masında daxili amillərlə yanaşı, xarici faktorlar da mühüm rol oynayır. Odur ki, ölkəmizin müstəqilliyinin möhkəm­lənməsinə və beynəlxalq birliyə daha six inteqrasiyasına yönəlmiş tarazlaş­dırılmış xarici siyasət xətti dönmədən inkişaf etdirilməlidir. 

Bu gün Azərbaycan ictimaiyyətini düşündürən məsələlər içərisində ikisi xüsusi əhəmiyyətə malikdir. Qazandığı­mız nailiyyətlər və ərazi bütövlüyümü­zün bərpası arxayınlıq doğurmamalı, Milli Ordumuzun döyüş qabiliyyətinin ar-tırılması istiqamətində fəaliyyət daim gücləndirilməlidir. Necə deyərlər, “sülh istəyirsənsə, müharibəyə hazır olmalı­san!”.

Sosial ədalətə yönəlmiş hüquqi mexanizmlərin işlənməsi ölkəmizdə azad vətəndaş cəmiyyətinin qurulması üçün etibarlı bünövrə rolunu oynaya­caqdır ki, bu da dövlətimiz üçün stra­teji bir vəzifədir. Göstərilən vəzifələrin yerinə yetirilməsi üçün xalqın bütün tə­bəqələri 7 fevral Prezident seçkilərində olduğu kimi, Vətənimizin cari və strateji maraqlarını təmin etmək qüdrətində olan güclü liderimiz, mahir diplomat, böyük qurucu şəxsiyyət, Qarabağ fate­hi İlham Əliyevin ətrafında birləşməli və bu milli birliyimizi bədxahlarımızın hər cür təcavüzkarlığı qarşısında möhkəm sipərə çevirməliyik.

Gövhər Baxşəliyeva,

AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik

Избранный
586
1
tehsil.biz

2Источники