RU

İstanbuldakı məxfi görüşdə iştirak edən ABŞ-ın “Qafqaz canişini” Bakıda

Politoloq: “Amerikanın Azərbaycana qarşı qurmaq istədiyi cəbhə alınmadı və...”

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono ilə görüşüb. Nazir Ceyhun Bayramov  antiterror tədbirləri, onları şərtləndirən səbəblər barədə qarşı tərəfi məlumatlandırıb, Ermənistanın beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən qondarma qarayaxma təbliğatının bölgədəki reallıqları əks etdirmədiyini vurğulayıb.

Ermənistan tərəfinin sülh prosesinə ciddi təhlükə altına alan, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş bəyanat, ritorika və təxribatlarının hələ də davam etdirildiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov bu kimi addımların regionda davamlı sülhün bərqərar edilməsinə yönələn səy və təşəbbüslərə xələl gətirdiyini bildirib. Ceyhun Bayramov  erməni sakinlərin Azərbaycan ərazisini tərk etməsinin onların könüllü və fərdi qərarı əsasında baş verdiyi, bu addımın hər hansı bir məcburi yerdəyişmə heç bir əlaqəsi olmadığı və bunun həm Ermənistan baş naziri, həm də beynəlxalq təşkilatlar tərəfindən təsdiq olunduğu diqqətə çatdırılıb. Bu çərçivədə, BMT rəsmilərinin bölgəyə səfərləri və 30 ildən sonra ilk səfərin nəticəsi olaraq missiyanın verdiyi açıqlamalar xatırlanıb. Ermənistan hökuməti tərəfindən səsləndirilən qondarma “etnik təmizləmə” ilə bağlı bəyanatların Azərbaycanın yerli ermənilərin reinteqrasiyası prosesini pozmağa yönəldiyi bildirilib.

Yada salaq ki, ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən iki gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı İstanbulda gizli danışıqlar aparıblar. Həmin danışıqlarda  Vaşinqtonu ABŞ-ın Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono təmsil edib. Təhlilçi güman edir ki, Qarabağda “status-kvo” Qərbə lazım imiş. ABŞ və Aİ  separatçı bölgədə qondarma respublikanın ləğvinə qarşı çıxıblar. Təsadüfi deyil ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə sabiq köməkçisi vəzifəsini icra edən Yuri Kimin “ABŞ ”Dağlıq Qarabağ"ın   erməni əhalisinə qarşı etnik təmizləmə və ya digər vəhşiliklər törətmək üçün qısa və ya uzunmüddətli heç bir hərəkətə və ya səyə dözməyəcək" fikri  Bakının narazılığını səbəb olmuşdu. Yəni antiterror tədbirləri ərəfəsi ABŞ-ın mövqeyi aşağı-yuxarı belə idi. Bəs indi ABŞ “Qafqaz canişi”nin Bakıya göndərməklə nə istəyir?

Abutalıb

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Senatda Azərbaycana həsr olunmuş  iclasında ABŞ dövlət katibinin köməkçisi Yuri Kim(artıq vəzifəsindən çıxarılıb - red.)  “Azərbaycanın Qarabağda erməni xalqına zor işlətməsinə ABŞ imkan verməyəcək” bəyanatını vermişdi: "Zor işlətmək deyəndə erməni silahlılarının tərk-silah edilməsi üçün keçiriləcək antiterror tədbirini nəzərdə tuturdu. Bu antiterror tədbirlərinin qarşısını almaq üçün 17 sentyabrda Rusiyanın iştirakı ilə Türkiyədə gizli görüş keçirildi. Məqsəd antiterror tədbirlərinə qarşı cəbhə formalaşdırmaq idi. ABŞ, Avropa İttifaqı və Rusiya bu görüşdə iştirak etdi. Rusiya hansısas əlverişli təkliflər eşitmək düşüncəsi ilə həmin görüşdə iştirak etmişdi və arzuladığı təklifləri eşidə bilmədiyi üçün Azərbaycan əleyhinə qurulan cəbhəyə qoşulmadı. Rusiyanın arzu etdiyi təkliflərin Rusiyaya verilməsi də qeyri-mümkün idi. Çünki bir tərəfdə Azərbaycan-Türkiyə ittifaqı ilə münasibət olduğundan elə təklif verilməli idi ki, ondan ağır gəlsin. Bu da yalnız Ukraynada çox ciddi güzəştlərin, Kiyevi sülhə məcbur etməyin ola biləcəyini nəzərdə tuturdu. Rusiya düşünürdü ki, antiterror tədbirlərinə qarşı Amerikanın təşkil etdiyi cəbhəyə yalnız o zaman qoşulmaq olar ki, bunun qarşılığında ABŞ Ukraynanı sülhə məcbur etmə öhdəliyini üzərinə götürsün. Təbiidir ki, Vaşinqton buna gedə bilməzdi və digər təklifləri də Rusiya qəbul edib, Azərbaycan-Türkiyə birliyinə qarşı çıxa bilməzdi. Bu səbəbdən Amerikanın Azərbaycana qarşı qurmaq istədiyi cəbhə alınmadı və Azərbaycan qısamüddətli lokal antiterror tədbirlərini reallaşdırdı. İndi isə ABŞ-ın əsas məqsədi köçüb gedən ermənilərin bir hissəsini geri qaytarmaq və bölgədə sabitliyin yaranmasına imkan verməməkdir. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun Bakıya göndərilməsində də məqsəd budur. Bununla ABŞ Azərbaycana təzyiq imkanlarını qoruyub saxlamağa çalışır. Bunun üçün də azı 10 min nəfər ermənini Qarabağa geri qaytarmaq barədə düşünür ki, sonradan onların təhlükəsizliyi məsələsini gündəmə gətirsin, ABŞ hərbiçilərinin də daxil olduğu BMT sülhməramlı missiyasını bölgəyə yerləşdirməyə nail olsun, yenə ermənilərə hansısas status verilməsindən danışsınlar”.

Siyasi şərhçinin fikrincə, burada Azərbaycan üçün müəyyən qədər çətinlik ondan ibarətdir ki, Rusiya da ermənilərin bir hissəsinin geriyə qaytarılması məsələsində təxminən oxşar mövqedədir: “Rusiya xarici işlər naziri Sergey Lavrovun ermənilərin qayıtması məsələsinin Avropa İttifaqı və ABŞ-la müzakirə etməyin mümkünlüyü barədə dedikləri də bunu təsdiqləyir. Rusiya da sanki maraqlıdır ki, 5-10 min erməni geri qayıtsın və Rusiya sülhməramlı qüvvələrinin bölgədə qalmaq üçün əsasları yaransın. Rusiyanın bir sıra rəsmiləri bugünlərdə açıq şəkildə bəyan edirlər ki, hələlik Rusiya sülhməramlılarının bölgədə qalmasına ehtiyac var. İndi silah anbarlarını qorumaqla məşğuldurlar, guya orada olan ermənilərin hansısa problemlərini həll edirlər. Yəni bölgədən getməmək üçün ən müxtəlif bəhanələri ortaya atırlar. Belə bir vəziyyətdə Azərbaycan üçün əsas çətinlik ondan ibarətdir ki, ermənilərin müəyyən hissəsinin geri qayıtması məsələsində ABŞ-la Rusiyanın mövqeləri bir-birinə yaxındır. Bunun qarşısında dayanmaq üçün Azərbaycan hakimiyyəti və cəmiyyəti daha ciddi müqavimət göstərmək məcburiyyətindədir. Ermənilər öz arzuları ilə rahat şəkildə köçüb gediblər, Azərbaycanın onlara "getməyin" çağırışlarını dinləməyiblər, çünki Azərbaycan vətəndaşı olmaq istəmirlər. Azərbaycan vətəndaşlığını qəbul etməyən və bununla da Azərbaycan dövlətinə qarşı çıxan insanları indi yenidən geri qaytarmaq və gərginlik ocağı yaratmaq olar. Bu isə təbiidir ki, həm Azərbaycanın, həm Cənubi Qafqazın bütövlükdə maraqlarına ziddir və buna qətiyyən imkan verilməməlidir".    

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

Избранный
535
4
musavat.com

10Источники