RU

Heydərova məxsus olduğu deyilən daha bir şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun biznes imperiyasına daxil olduğu deyilən “MKT İstehsalat Kommersiya” MMC barəsində inzibati iş başlanıb.

Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə ittiham edilir.

Bu maddə mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və Mərkəzi Banka təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulması, “Mühasibat uçotu haqqında” Qanunun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmaması ilə bağlıdır.

İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Martın 12-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək.

Şirkətin ittiham olunduğu maddəyə görə vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə cərimə edilir.

Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.









“MKT İstehsalat Kommersiya” MMC 2002-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 263 923, 51 AZN-dir. Şirkətin qanuni təmsilçisi Həsənov Rövşən Həsən oğludur.

Rövşən Həsənov “GP Cotton Holdings” MMC-nin də qanuni təmsilçisi olub. Bu şirkət artıq “MKT İstehsalat Kommersiya” MMC-yə birləşib.

Bir neçə il əvvəl Kəmaləddin Heydərova məxsus olduğu deyilən 6 şirkət “MKT İstehsalat Kommersiya” MMC-yə qoşulduğunu bəyan edib. Bunlar aşağıdakı şirkətlərdir:

“Beynəlxalq Ticarət Mərkəzi” MMC
“MKT-Araz Futbol Klubu” MMC,
“Leqno-İmişli” ММC
“Leqno-Neftçala” ММC
“İmişli Sənaye İnşaat” MMC
“İnnovasiya Fermer Təsərrüfatı” MMC

Mediada “MKT İstehsalat Kommersiya” MMC-nin Kəmaləddin Heydərova məxsus olması barədə kifayət qədər yazılıb. Hətta MKT abreviaturasındakı K hərfinin Kəmaləddin Heydərovun adının baş hərfi olduğu iddia edilir.

Избранный
636
1
tribunainfo.az

2Источники