RU

Şok (g)E(yi)NDIRİM kampaniyası – KÜNCDƏN BAXIŞ

Elçin Bayramlı.Son zamanlar ticarət və iaşə obyektlərində müхtəlif faizli güzəşti nəzərdə tutan endirim kampaniyalarının keçirildiyi haqda elanların sayı kəskin şəkildə artıb. Mağazaların vitrinlərində, iri reklam şitlərində satış qiymətlərinin хeyli dərəcədə aşağı salınması, hətta maya dəyərindən ucuz satılması barədə məlumat verilir. Bu proses bəzi mağazalarda ilboyu davam edir.Aydındır ki, bu kampaniyanın reallaşdırılmasında məqsəd yalnız satılmayan məhsullara tələbatı artırmaq üçün onların reklamının təşkili və onları baha qiymətə alıcılara sırımaqdir.Bütün dünyadan fərqli olaraq bizdə insanlara, əsasən, geyiminə görə münasibət göstərirlər. Bu səbəbdən də Azərbaycan əhalisi üçün zəruri mallar kateqoriyasında geyim, hətta qidadan da öndə yer alır.Ən ucuz və keyfiyyətsiz ərzaqla qidalanan, amma bahalı və dəbdə olan geyimə üstünlük verən insanlar bizdə kifayət qədər çoxdur. Bu isə, ölkədə paltar bazarının çiçəklənməsinə böyük imkanlar yaradıb. Belə çiçəklənməni əlbəttə, yaxşı hal hesab etmək olardı, bir şərtlə ki, bu, paltar bazarının keyfiyyətsiz məhsullarla doldurulması və istehlakçıların aldadılması ilə müşayiət olunmasın.Bu gün Bakıdakı mağazaların əksəriyyətinin vitrinlərində yazılmış lövhələrdə 30, 50, hətta 70 faizlik endirim elan edilib. Lakin mallara baxanda məlum olur ki, bu endirim yalnız əhəmiyyətsiz, satılmayan, keyfiyyətsiz mallara aiddir. Üstəlik, qiymətlər hər hansı bir ucuzlaşma edildiyini düşünməyə əsas vermir.Belə çıxır ki, endirim edilənədək hər hansı bir paltar 100 manata satılırmış, indi 30 manata təklif olunur. Materialın keyfiyyətindən və tikiliş səviyyəsindən azca anlamaq kifayət edir ki, belə paltarların real dəyərinin maksimum 20 manat olduğunu başa düşəsən. Belədə mağaza, məsələn, 30 manata satmaqdan məmnun olduğu hər hansı bir geyimi, guya əvvəlki qiyməti 100 manat imiş kimi göstərib 70 faizlik endirim adı ilə 30 manata satır.Üstəlik, “şok endirim” sözünü görüb mağazaya daxil olan alıcıların sayı artır. Gözəl-göyçək satıcı qızlar da (boş yerə xarici görünüşü gözəl olan gənc qızları belə yerlərdə işə cəlb etmirlər ki?) əzilib-büzülərək müştərini şirin dillə ələ alır, malı layiq olmadığı təriflərə qonaq edərək alıcının dükandan əliboş çıxmasına imkan vermirlər.Hansısa mala baxmaq istəyən alıcıya isə təxminən belə sözlər deyilir- “Siz özünüz müasir, savadlı adama oxşayırsınız. Elə geyiminizdən hiss olunur ki, aristokrat adamsınız (?). Sizcə belə malı bundan aşağı qiymətə almaq olarmı?”“Qoltuğuna qarpız verilmiş” müştəri isə bir az tərəddüd etsə belə, plastik manekenə oxşayan satıcı xanımın qızıl kimi vaxtını aldığından xəcalət çəkərək həmin malı almağa məcbur olur.Qiymətlər bir yana, ən dəhşətli vəziyyət keyfiyyətlə bağlıdır. Bu gün geyim bazarında satılan məhsulların yarıdan çoxu sadəcə olaraq zibildən düzəldilib. Əsasən ayaqqabılar, gödəkcələr, qadın alt paltarları başda olmaqla bir çox məhsullar Çində və digər ölkələrdə kimyəvi tullantılardan, işlənmiş plastik materiallardan və adi məişət tullantılarının emalından əldə olunur. Sağlamlığı məhv edən bu məhsullar bizdə şok endirim adı altında istehlakçılara geyindirilir. Nəticədə ucuz mal almağa məcbur olan aztəminatlı insanlarımız müxtəlif xəstəliklərə düçar olurlar.Bir çox paltarlara isə istənilən yarlıkı yapışdırıb müxtəlif ölkələrin və şirkətlərin adı ilə satırlar. Məhz bu səbəbdən dünyanın ən məşhur və bahalı geyim brendlərinin adı yazılmış malları bizdə “qəpik-quruşa” almaq mümkündür.Son vaxtlar onlayn ticarətin inkiafı insanlara hər hansı bir məhsulun orijinalını birbaşa firmadan sifariş edərək gətirtmək imkanı verib. Nəticədə yerli bazarda satışlar azalır və satıcılar arasında müştəri uğrunda rəqabət qızışır.Hazırda “endirim” mağazalarında şıdırğı "g()e(yi)ndirim" prosesi gedir. Bu prosesə nə nəzrət edən, nə şikayət edən, nə də tədbir görən yoxdur. Necə deyərlər, alan razı, satan razı, nəyə lazımdır qazı?Bazar olsun!

Избранный
527
sesqazeti.az

1Источники