Ümumilli lider Heydər Əliyev hələ 1999-cu ildə Naxçıvan Muxtar Respublikasınn 75 illik yubileyinə həsr olunmuş dövlət komissiyasının iclasında Azərbaycanın tarix elmi qarşısında çox mühüm bir vəzifələr qoymuşdu. Azərbaycan tarixçilərinin qarşısında ümdə vəzifələrdən biri kimi dünya ictimaiyyətinə ermənilərin Azərbaycan torpaqlarını mənimsəməsində irəli sürdükləri “elmi” dəlillərin əsassız və uydurma olduğunu sübut etmək və bunun üçün də Cənubi Qafqazın yeni tarixi konsepsiyasını yaratmaq vəzifəsi dururdu. Ulu öndər demişdi: “Biz... bütün bu iddiaların əsassız, uydurma olduğunu beynəlxalq aləmdə sübut etməliyik. Bunun üçün də əsaslı sənədlər, fundamental elmi, populyar əsərlər yaranmalıdır. Biz Azərbaycanın ərazi bütövlüyünü nəinki yaşadığımız indiki illərdə, gələcək nəsillər üçün də qoruyub saxlamaq üçün çox güclü bir konsepsiya, əsas yaratmalıyıq”.
Ümummilli liderin çağırışından sonra bizim tərəfimizdən Azərbaycan-Ermənistan siyasi münasibətləri və hayların Azərbaycan xalqına qarşı irəli sürdükləri torpaq iddialarının tarixçəsi geniş tədqiq olunmuş və nəticələr 2003-cü ildə nəşr olunmuş monoqrafiyada ( Вафа Кулиева. Роль и позиция мусульманского духовенства в социально-политической и культурной жизни Азербайджана в XIX – начале XX вв. в ракурсе армяно-азербайджанских политических отношений. Баку, “Нурлан”, 2003 г.) öz əksini tapmışdır.
Yüksək elmi səviyyədə, çoxsaylı mənbələrə əsaslanaraq (epiqrafik, Orta əsr Azərbaycan hökmdarlarının fərmanları, arxiv sənədləri) Cənubi Qafqazda tarixən heç bir erməni dövlətinin olmadığı monoqrafiyada sübuta yetirilmişdir.
Tədqiqatlarımız Antanta ilə Çar Rusiyasının Cənubi Qafqazı xristianlaşdırma siyasətinin davamı kimi Sovet Rusiyasının bu regionda ermənilər üçün ilk dövlətin 1920-ci ildə Qərbi Azərbaycan torpaqlarında yaradılmasını təsdiqləyir. Ermənistan Respublikası Türkiyə və türk dünyası arasında bufer rolunu oynayaraq, tarix boyu rus siyasətçilərinin təbirincə desək, Qafqazda Rusiyanın forpostu rolunu oynamışdır. 1920-ci ildə Cənubi Qafqazda erməni dövlətinin yaradıldığını onun tarixinin yazılması ehtiyacını irəli sürdü.
Məlumdur ki, Cənubi Qafqazın tarixi konsepsiyası hələ XX əsrin ortalarında İ.P.Petruşevski tərəfindən “XVI-XIX əsrin əvvəllərində Azərbaycan və Ermənistan feodal münasibətlərinin tarixi oçerk”ində işlənilib. Bu konsepsiyanın əsasını erməni dövlətçiliyinin Cənubi Qafqazda dərin köklərə malik olduğu ideyası təşkil edir.
İ.P.Petruşevskinin və erməni tarixçilərinin əsərlərində Qərbi Azərbaycan torpaqlarında, guya, mövcud olmuş erməni dövlətinin “Qafqaz Ermənistanı və Ararat respublikası” adlandırdıqları anlayışa Orta əsr mənbələrinin heç birində rast gəlinmir. Bu sənədlərdə Ermənistanın yerləşdiyi ərazi ÇuxurSəd adlanır və Azərbaycan anlayışına daxildir. Sənədlərin təhlili Cənubi Qafqazın yeni tarixi konsepsiyasının işlənməsinə zəmin yaradır və Azərbaycan tarixinin sovet rus və erməni tarixçiləri tərəfindən saxtalaşdırıldığını sübuta yetirir.
Sovet İttifaqı dövründə azərbaycanlıların bu torpaqlardan tədricən sıxışdırılıb çıxarılması ilə yanaşı, onlara məxsus olan maddi-mədəniyyət abidələri dağıdılıb, yer adları erməniləşdirilibdir.
1988-ci ildən sonra kütləvi terrora məruz qalmış azərbaycanlılar Qərbi Azərbaycan ərazisini tərk etmək məcburiyyətində qalmış və bundan sonra bu ərazidə qalmış azərbaycanlılara məxsus olan memarlıq abidələri, maddi-mədəniyyət nümunələri dağıntılara, məhvə məhkum olmuşdur.
Qərbi Azərbaycanda, Zəngəzurda aparılan ciddi elmi araşdırmalar 1961-ci ilə təsadüf edir. Demək olar ki nə ondan əvvəl və nə də ondan sonra bu əraziyə Azərbaycan alimləri buraxılmamışdır. Məhz həmin ildə Qarabağda və Zəngəzurda Azərbaycan və erməni alimlərinin birgə elmi ekspedisiyası fəaliyyətə başlayır. Zəngəzurun Urud (Oront) qəbiristanlığında XV-XVI-cı əsrlərə aid sənduqə formalı və qoç heykəlli məzar daşları aşkarlanır. Abidələrin üzərində həkk olunmuş Quran ayələri və birinin üzərində olan “Allah, Məhəmməd, Əli. Min evladi avğvan” kitabəsi (yəni alban nəslindən) və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) Tibet yak öküzü, şamanların, Humay quşunun və s. təsvirləri (см. Мешадиханум Неймат, Корпус Эпиграфических памятников Азербайджана, т.I, стр.9-15, III, №1042-1058) alban tayfalarının İslamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini sübuta yetirir. AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, “Şöhrət” ordenli Məşədixanım Nemətin bu elmi kəşfi ona qədər sovet tarixşünaslığında mövcud olan Qafqazın xilafət tərəfindən istilasından sonra xristian olan alban tayfalarının erməniləşməsi və gürcülüşməsi konsepsiyasını alt-üst edir və Azərbaycan türklərinin Qafqazda gəlmə deyil yerli, köklü xalq olduğunu təsdiqləyir. Məşədixanım Nemət Urud abidələrini 1981-ci ildə nəşr etdirdiyi “Мемориальные памятники Азербайджана” (Azərbaycanın memorial abidələri) kitabına salır və Azərbaycan xalqının mədəni irsi kimi təqdim edir.
Buna cavab olaraq erməni “alimləri” xəttat savadsız olmuş, kitabəni səhv yazmışdır, – deyə “Min evladi avğvan” (yəni alban nəslindən) kitabəsinə hərflər əlavə edərək oxunuşunu “Avlağum Vağudlu” kimi təqdim edirlər. A.D.Papazyanın yazdığına görə, Orbelyan nəslindən olan Avlağum vagudluları Əmir Teymur türkləşdirmiş və onlara İslamı qəbul etdirmişdir. Həmən Urud qəbiristanlığında yatanlar da onlardır. Guya, azərbaycanlılar heç vaxt Zəngəzurda (Sisian) yaşamamışlar və Zəngəzur Azərbaycan torpağı deyil. Lakin A.D.Papazyanın 1959, 1968-ci illərdə çap etdirdiyi “Персидские документы Матенадарана» («Matenadaranın fars sənədləri”), “Персидские купчии Матенадарана” (Matenadaranın fars çıxarışları) əsərlərindəki sənədlərdə Zəngəzurun Naxçıvana, Naxçıvanın isə Azərbaycan ölkəsinə daxil olduğu göstərilir.
Digər erməni alimi Z.S.Xaçikyan yazır ki, Teymurun istilası zamanı Syunikdə yaşamış Avlağum vaqudlular İslamı qəbul etməsinlər deyə Gürcüstanın Lori dağlarına köçdülər (Z.S.Xaçikyan, Pamyatnıe zapisi Armyanskix rukopisey XV v. Avtoreferat, Dokt.diss., Erevan, 1961 q.). Beləliklə, A.D.Papazyanın irəli sürdüyü fikir digər erməni tarixçisi tərəfindən təkzib olunur. Bundan sonra Urud qəbiristanlığı dağıdılır və Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar öz dədə-baba yurdlarından didərgin salınırlar.
Ermənilər epiqrafika sahəsində də böyük saxtakarlıqlara yol verirlər və məqsəd üç dəniz arasında (Aralıq, Qara və Xəzər dənizləri) “Böyük Ermənistan” dövlətinin tarixən mövcudluğunu sübut etməkdir. Bu saxtakarlığın bariz nümunəsi kimi A.A.Xaçaturyanın “Корпус арабских надписей Армении XIII-XVI вв.” (Ереван, 1987) (XIII-XVI əsr Ermənistanın ərəb yazıları korpusu) əsərini qeyd etmək olar. Burada müəllif Türkiyənin İxlat, Ərzincan, Ərzrum, Azərbaycanın tarixi və müasir torpaqları olan – Zəngəzur, Naxçıvan, Göycə ərazisindəki abidələri daxil etmişdir. O, abidələrin coğrafiyasını və xronologiyasını qarışdıraraq, sözlərə hərflər əlavə etməklə saxtakarlığa yol vermişdir. Tarixi mənbələri təhrif edərək, Əbdürrəşid Bakuvinin “Kitab-o Təlxis əl-asar və əcayib əl-məlik əlqəhhar” əsərində “Abşeronda xristianlar yaşamışdır” ifadəsini saxtalaşdıraraq, “Abşeronda ermənilər yaşamışdır” sözləri ilə əvəz etmişdir.
Haylar dağıda bilmədiklərini erməni milli memarlıq abidəsi kimi təqdim edirdilər. Onlar Anadoludan Çinə qədər Araz boyu karvan-ticarət yolu – İpək yolu üzərində Zəngəzurun Səlim keçidi adlanan yerdə Elxani Əbu Səid dövründə tikilmiş karvansaranı (h.729–1328-29 il) “erməni milli memarlıq abidəsi” kimi təbliğ edib xüsusi buklet də nəşr ediblər. (Arutunyan V.M., Yerevan, 1984 il) (bax. Мешадиханум Неймат, Корпус Эпиграфических памятников Азербайджана, т.III, №991, стр.62). Həmin yol üzərində Zəngilanın Məmmədbəyli kəndində Yəhya ibn Məhəmməd türbəsinin (vəf.1305 il) qapısı üzərində qoyulmuş kitabə ölçüsü, forması, həkk olunan texnikasına görə qeyd olunan karvansara kitabəsinin eynidir. Belə kitabənin üçüncüsünə Azərbaycanın tarixi ərazisində hələ rast gəlinməyib. Qeyd olunan kitabədə XIV əsrdə İpək yolu üzərindəki bütün abidələri yaratmış memar Əli Nəcməddinin adı çəkilir.
Abidənin içərisində erməni dilində divara bir yazı qoyulmuşdur. Bu yazıda olan mətnlə qapının üzərinə hörülmüş yazının mətni üst-üstə düşmür. Erməni dilində olan yazıda qeyd olunur ki, bu abidə 1332-ci ildə Orbelyan nəslindən olan Çesar tərəfindən tikilib. Lazar Universitetinin müəllimi Xr.İv.Kuçuk-İoannasov iddia edir ki, “tatarlar” (yəni azərbaycanlılar) sonradan bu karvansaraya Səlim adı vermiş və ərəbcə yazını qapının üzərinə qoymuşlar. Halbuki ərəbcə yazı bina tikildiyi zaman qapının üzərinə hörülmüşdür. Maraqlısı odur ki, ermənilərin çap elədikləri bukletdə karvansara Səlim karvansarası adı ilə çap olunub. İstər-istəməz belə bir sual meydana çıxır, əgər bu erməni milli-mədəni abidəsidirsə, niyə ermənilər bunu “tatarlar” adlandırdıqları kimi adlandırırlar?
Erməniləşdirmək istədikləri digər abidə Azərbaycan Qaraqoyunlu dövləti, ÇuxurSəd əmirlərinə aid İrəvanın 8 kilometrliyində Cəfərabad kəndində yerləşən möhtəşəm türbədir.
Ermənilər türkmən alimlərini dəvət edərək bu abidənin bünövrəsində qazıntı işləri aparmış və belə bir qənaətə gəlmişlər ki, Qaraqoyunlu dövləti İran dövləti olub, onun başında türkmən (müasir türkmənləri nəzərdə tuturlar) əmirləri durublar və ərazisində erməni maddi-mədəniyyət abidələri olub. Bu cəfəng elmi nəticə yalnız xəstə təfəkkürün məhsulu ola bilər. Qaraqoyunlu əmirlərini müasir türkmənlərlə eyniləşdirmək qeyri-elmidir və düzgün deyil. Ona görə ki, onlar XIII əsrdə Anadoluda yarım köçəri tayfa birləşmələrindən ibarət idi. Onların mərkəz vilayətləri Arciş, Van gölünün şimalında yerləşirdi.
Bundan əlavə, memarlıq-konstruktuv formasına görə bu abidə Naxçıvanda yerləşən Möminə-xatun və Yusif bin Kəbir türbələri ilə eynidir və Əcəmi bin Əbu Bəkr memarlıq məktəbinin davamıdır.
Qeyd olunan yerdə bir neçə türbə və azərbaycanlılara məxsus böyük qəbiristanlıq olmuşdur. Hamısı dağıdılıb. (Мешадиханум Неймат, Корпус Эпиграфических памятников Азербайджана, т.III, №1027, стр.66-67).
(ardı var)
Vəfa QULİYEVA, tarix elmləri doktoru
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта