RU

Yazda immuniteti möhkəmləndirmək lazımdır - Xəstəlik təhlükəsi!

  Mövsümi dəyişikliklərlə xəstəliklər arta bilər. Ona görə də bu dövrlərdə daha diqqətli olmaq lazımdır.Bizim immun sistemimiz özündə müxtəlif orqan və toxumaları, funksiyaları birləşdirir.
Onun vəzifəsi xarici aqressiv təsirin qarşısını vaxtında almaqdır.
Uzun soyuq qışdan çıxan orqanizmdə immunitet gücünü tükətmiş vəziyyətdə olur. Yazda insanın immun sistemi zəifləmiş olur və bu səbəbdən məhz yazda biz virus və soyuqdəymə xəstəliklərinə daha tez-tez tutuluruq.
Bu səbəbdən yazda immuniteti mütləq möhkəmləndirmək lazımdır.
  İmmunitetə çirkli hava, su, stress, zəif qidalanma, müxtəlif kimyəvi maddələr, radiasiya şüaları, elektromaqnit dalğalar, hətta yüksək səs-küy, müxtəlif dərmanlar mənfi təsir edir və ona zərbədir.
İçki, siqaret, yuxusuzluq da immuniteti çökdürür.
  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılovanın sözlərinə görə, immunitet sisteminin effektiv olması üçün profilaktik müayinələrdən keçmək və sağlam həyat tərzinə riayət etmək lazımdır: “İmmunitet orqanizmdə qoruyucu funksiyanı yerinə yetirən sistemdir. O, xarici elementləri tanımaq və onları məhv etmək üçün məsuliyyət daşıyır. İnsanlar üçün təhlükə yaradan xarici amillər mikroorqanizmlər və onların metabolik məhsullarıdır (viruslar, bakteriyalar, göbələklər və onların toksinləri). Bədənin özündə mutasiyaya uğrayan hüceyrələrin məhvinə də immunitet sistemi cavabdehdir. İmmunitetin anadangəlmə və qazanılan növləri var. Onlar birlikdə potensial təhlükəli amillərə qarşı immun cavabı verirlər. Anadangəlmə (qeyri-spesifik) immunitet irsi olaraq ötürülür, qazanılan isə xəstəlik və ya peyvənddən sonra yaranır”.
  G.İsmayılova deyib ki, anadangəlmə immunitet insanda doğulduğu andan mövcud olur. Dəri anadangəlmə immunitetin tərkib hissəsidir: “O, xarici maddələrin orqanizmə daxil edilməsinə mane olur. Tər vəzilərinin ifrazı da qoruyucu xüsusiyyətlərə malikdir, çünkü turş mühit bəzi bakteriyalara zərərli təsir göstərir. İnsan tüpürcəyində də orqanizmi qoruyan fermentlər var.
  Anadangəlmə immunitet spesifik və ya fərdi ola bilər. Spesifik immunitet bir orqanizmin müəyyən patogenlərə qarşı toxunulmazlığı ilə xarakterizə olunur. Məsələn, insanlarda bəzi patologiyalara rast gəlinə bilir ki, heyvanlar onlarla xəstələnmir (vəba, qızılca və ya su çiçəyi). Eyni qaydada əks hallar olur: heyvanlarda aşkar edilən bəzi xəstəliklər (məsələn, it piroplazmozu) insanlar üçün təhlükəli deyil. İndividual anadangəlmə immunitet insandan insana fərqlənir. Valideynlərdən uşağa genetik olaraq, həmçinin anadan uşağa bətndaxili ötürülür. Uşaq yad hüceyrələrlə mübarizə aparmağa kömək edən anticismlər alır.
Hüceyrə səviyyəsində immunitet müxtəlif növ "ağ" qan hüceyrələri ilə (monositlər, makrofaqlar, bazofillər, neytrofillər və eozinofillər) təmsil olunur”.
  İnfeksionist İlahə Vəliyeva isə “Sherg.az"a açıqlamasında deyib ki, anidən dəyişən hava immun sisteminə mənfi təsir edir ki, bu da orqanizmin müxtəlif infeksion xəstəliklərlə mübarizə qabiliyyətini aşağı salır. Ona görə insanlar arasında qrip, sinisut, rinit, bronxit kimi hava-damcı infeksiyaları geniş yayılır. Xüsusən altda yatan ürək-damar, hipertoniya, şəkər kimi xroniki xəstəliklər olduqda, bu, çox zaman pnevmoniya ilə ağırlaşır. Buna görə bu aralar bu xəstəliklərdən qorunmaq üçün immun sistemini gűcləndirmək lazımdır: “İmmunitet orqanizmi xәstәliklәrdәn qoruyan müdafiә sistemidir. İmmun sistemin normal fәaliyyәti zamanı orqanizmi viruslar, bakteriyalar, göbәlәk vә parazitlәr kimi patogen mikroorqanizmlәrdәn qoruyur. İmmun sistem hәmçinin allergenlәrdәn, xәrçәng hüceyrәlәrindәn vә ölmüş hüceyrәlәrdәn qoruyur. İmmuniteti zəif olan insanlar tez xəstələnib, gec sağalırlar. Gündəlik həyatımızda orqanizmimiz viruslar, bakteriyalar, kanserogen maddələr və s. zərərli faktorlarla qarşılaşır. Bu zaman immun sistem fəaliyyətə keçir. Ağ qan hüceyrələri onları zərərsizləşdirir və antitellər sintez edərək orqanizmi qoruyurlar. Genetik faktorlar, stress, yuxusuzluq, pis qidalanma, oturaq həyat tərzi, çəki azlığı və piylənmə, günəş və təmiz havada az olmaq, zərərli vərdişlər və s. səbəblərdən immun sistem zəifləyir. İmmuniteti gücləndirmək üçün sağlam həyat tərzi, düzgün yuxu rejimi, bol maye, fiziki aktivlik, normal bədən çəkisi, stressdən uzaq olmaq lazımdır. Zehni funksiyaları, yaddaşı yaxşılaşdırır, hormonal vəziyyətə və xarici görünüşə müsbət təsir göstərir.
  Həmçinin ildə 1-2 dəfə mühiti dəyişmək, təbiət qoynunda istirahət etmək, təmiz havada gəzintilər etmək və yayda günəş vannaları qəbul etmək, dənizdə olmaq lazımdır”.

Избранный
497
sherg.az

1Источники