RU

Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsinə dair anlaşma memorandumu imzalandı

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Gəncə Dövlət Universiteti (GDU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU), Mingəçevir Dövlət Universiteti (MDU) və Azərbaycan Texnologiya Universiteti (ATU) tərəfindən hər il Gəncə Yaşıl İqtisadiyyat Forumunun keçirilməsi barədə anlaşma memorandumunun imzalanması məqsədilə görüş olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, onlayn görüşdə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyinin baş məsləhətçisi Elmar Məmmədov, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov, UNEC-in rektoru professor Ədalət Muradov, GDU-nun rektoru professor Yusif Yusibov, Milli Məclisin deputatı, GDU-nun prorektoru Pərvin Kərimzadə, ADAU-nun rektoru Zəfər Qurbanov, MDU-nun rektoru Şahin Bayramov və ATU-nun rektoru vəzifəsini icra edən Yaşar Ömərov çıxış ediblər.

Elmar Məmmədovun moderatorluğu ilə keçirilən görüşdə iştırakçılar Azərbaycanda ilk dəfə reallaşdırılacaq bu təşəbbüsün əsas hədəfinin iqlim dəyişmələri ilə mübarizə, yaşıl iqtisadiyyata keçid, yaşıl artım üzrə dünya təcrübəsinin öyrənilməsi, eləcə də bu istiqamətdə insan kapitalının inkişaf etdirilməsi, professor-müəllim heyəti və tələbələr tərəfindən elmi tədqiqatların aparılması, yaşıl startapların yaradılması, yaşıl sektorların inkişaf etdirilməsi, dövlət-özəl yaşıl tərəfdaşlığının təşviq edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, habelə "ağıllı yaşıl keçid"in müəyyən edilməsi işinə töhfə verməkdən ibarət olduğunu bildiriblər. Çıxış edənlər forumun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ilk yaşıl şəhər layihəsinin məhz Gəncədə reallaşdırıldığını, bu şəhərin Avropa Yenidənqurma və İnkişaf Bankının yaşıl şəhərlər proqramında uğurla iştirak etdiyini diqqətə çatdırıblar.

İştirakçılar 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunmasının əhəmiyyətini vurğulayaraq, keçiriləcək ilk forumun da məhz həmin çərçivədə təşkil olunacağını qeyd ediblər. Bildiriblər ki, Gəncə Yaşıl İqtisadiyyat Forumu 5 İyun - Ümumdünya Ətraf Mühit Günündə işə başlayacaq və hər il iyunun 5-7-də Gəncə şəhərində təşkil olunacaq. Ölkəmizin digər universitetləri də forumun üzvlüyünə qoşula biləcəklər.

Sonra ümumi tələbə sayı 40 min nəfərə yaxın olan 5 tərəfdaş universitetin rəhbərləri arasında layihənin reallaşdırılması məqsədilə anlaşma memorandumu imzalanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
84
9
milli.az

10Источники