RU

Tarixçi -alimin 100 yaşı və birmənalı qarşılanmayan "antitürk" fəaliyyəti

Bu gün Azərbaycan-sovet tarixçisi, AEA müxbir üzvü , professor,  AMEA-nın həqiqi üzvü  və Beynəlxalq EA-nın Azərbaycan Bölməsinin həqiqi üzvü İqrar Əliyevin doğum günüdür.Adalet.az xəbər verir ki,  İqrar Əliyev 14 mart 1924-cü ildə Bakıda anadan olub.Orta təhsilini Bakıda yerləşən 18 nömrəli məktəbdə alıb. Məktəbdə oxuduğu dövrdə Mikayıl Müşfiq və Məmməd Hüseyn Təhmasib ona dərs deyib. Ali təhsilini 1940–1945-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində almışdır. Universiteti bitirdikdən sonra elə həmin il Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunun əyani aspiranturasına qəbul olunub.İqrar Əliyev 1949-cu ildə fəlsəfə doktoru, 1961-ci ildə elmlər doktoru dissertasiyalarını müdafiə edib. 1981-ci ildə professor elmi adını alıb. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilən İqrar Əliyev 2001-ci ildə AMEA-nın həqiqi üzvü seçilib. 2003-cü ildə isə Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin həqiqi üzvü seçilib.İqrar Əliyev 1 yanvar 1957-ci ildən 17 yanvar 1978-ci ilə qədər Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın qədim dövrü tarixi şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra 1978-ci ildən 11 iyun 2004-cü ilədək həmin institutun direktoru vəzifəsini icra edib. 1981–1984-cü illərdə İctimai elmlər bölməsinin akademik-katibi vəzifələrində fəaliyyət göstərib. Eyni zamanda İqrar Əliyev pedaqoji fəaliyyətlə məşğul olub, 1945–1974-cü illərdə Bakı Dövlət Universitetində dərs deyib. Qədim yunan və latın dillərini mükəmməl bilən İqrar Əliyev 1962-ci ildə, elmlər doktoru olduqdan sonra Leninqradda akademik V. V. Struve və sair rus alimlərinin rəhbərliyi ilə İran filologiyası sahəsində öz biliyini təkmilləşdirib, eləcə də Yaxın Şərqin bir sıra ölü dillərini — akkad, qədim yəhudi, şummer dillərini öyrənib.Azərbaycanın qədim tarixi üzrə yeni elmi məktəbin yaradıcılarından biridir və ilk dəfə Qədim Şumer, Assur, Babil, İran, o cümlədən digər Qədim Şərq mənbələrini elmi dövriyəyə cəlb etmişdir. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq Midiya tarixini tədqiq etməyə başlayıb. Onun çoxsaylı əsərlərində Midiya mədəniyyəti geniş işıqlandırılıb, Cənubi Azərbaycan və onunla həmhüdud olan əyalətlərin sakinlərinin etnik tarixi problemi dərindən tədqiq edilib.Alimin çoxillik zəhməti uğurla nəticələnmiş və Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq 1960-cı ildə nəşr edilmiş və istər Azərbaycanda, istərsə də xarici elm aləmində geniş nüfuz qazanmış fundamental "Midiya tarixi" monoqrafiyasının (təxminən 42 ç.v. həcmində) yaradılması ilə başa çatmışdır. Bu əsəri o, 1961-ci ildə Moskvada SSRl Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda doktorluq dissertasiyası kimi müdafiə edib.Azərbaycanşünas və şərqşünas alim bir çox arxeoloji ekspedisiyaların işində, о cümlədən Qəbələ, Şamaxı, Naxçıvan, Ağsu, İsmayıllı, Lənkəran, Astara və s. rayonlarda arxeoloji abidələrin qazılmasında və tədqiq olunmasında bilavasitə iştirak edib, öz əsərlərində həmin materiallara əsaslanaraq tədqiqatlar edib.Tarixçilərin xarakterizə etdiyi İqrar Əliyev İqrar Həbib oğlu Əliyev 2004-cü il iyunun 11-də 90 yaşında vəfat edib. Bir sözlə, 90 il ömür yaşayan İqrar Əliyev 1940-cı ildən Azərbaycan elmini başında oturub. Xüsusən, tariximizi istədiyi şəkildə yönləndirib, yazıb-pozub.   Azərbaycan tarixçilərinin və ziyalılarının İqrar Əliyevə qarşı münasibəti birmənalı olmayıb. O  elmi ictimaiyyətdə də çox zaman etirazla qarşılanıb.  Akademik Nizami CƏFƏROV: -İqrar Əliyev antitürk mülahizələrində ya az-çox məlum bir neçə iranpərəstlik faktını dönə-dönə təkrar edir, ya da gümanlar, fərziyyələr, xəyallar qurur. Mərhum akademikin çıxardığı nəticələrin, verdiyi hökmlərin sintaksisi ümumən aşağıdakı kimidir: Həmin ərazi (söhbət orta tunc dövrü Şimali Azərbaycanından gedir - N.C.) əhalisinin etnik, dil şəraiti haqqında konkret bir fikir söyləmək çox çətindir. Bu problemə dair müəyyən fərziyyələr yürütmək olar. Bununla belə bu regionda Şimal-şərqi Qafqaz dillərinə qədər hər hansı bir başqa dil ünsürlərinin yayılmasını söyləmək üçün əsas yoxdur... Yaxud: Güman etmək olar ki, turukkilər və nikimxilər hurri tayfalarından idilər. Mənbədə danışılan dağ tayfalarından olan uruatrilərin də hurrilərlə yaxın olması güman edilir... Yaxud da: Əlbəttə, ola bilər ki, irandilli tayfa qrupları Cənubi Rusiya çöllərindən İrana (Azərbaycana da yox, məhz İrana!.. Çünki hansı xalqın tarixini araşdırdığı belə arada yaddan çıxır - N.C.) Kaspi dənizinin həm şərq, həm də qərb sahilləri boyunca, sahilboyu torpaqlarda məskunlaşaraq təxminən eyni zamanda - e.ə. II minilliyin II yarısının hüdudlarında irəliləmişlər... Məhz bu cür kiçik gümanlar axırda belə bir yekə gümana çevrilir ki, Azərbaycan xalqı İran mənşəlidir. Sonda bir daha akademik İqrar Əliyevin milli ruhlu Azərbaycan ziyalıları ilə sonuncu "polemika"sına qayıtmaq istəyirik... Akademik Tofiq Hacıyev belə bir sual verir: "Siz deyirsiz ki, yerli İran mənşəli etnos ilk orta əsrlərdə gəlmə türklərin dilini qəbul etdi. Ancaq nəzərə almırsınız ki, məğlub dilin qalib dildə hər hansı bir substratı qalmalı idi axı! Elə deyilmi?..". Akademik İqrar Əliyevin cavabı isə çox yayğın olur: "Ola bilər ki, substrat qalmasın...".filologiya elmləri doktoru,professor Sayalı Sadıqova: -  Ön Asiyada və Ön Qafqazda yaşayan türklərin tarixi torpaqlarını saxtalaşdıran İ.M.Dyakonovun  ideya varisi olan İqrar Əliyevin Midiya tarixini saxtalaşdırması, Maday imperiyasının tarixinin Kirin şəxsində perslərin tarixi kimi qələmə alınması tənqid edilir. Türk tayfaları ilə əhəməni-pers tayfaları əsasında soy-kök qohumluğu olmaması Herodotun əsərindən verilən faktlarla əsaslandırılır. "Atropat" sözünün İqrar Əliyevin  tərəfindən düzgün verilməməsi və bu məsələyə münasibət də tarixçiləri yeni bir istiqamətə yönəldir. İqrar Əliyevin fikrincə, Atropat  sözü öz mənşəyini  qədim İran adı olan "Atrpat" sözündən almış və  "odun qoruyucusu" mənasında işlənir. Əjdər Tağıoğlu bu fikri tənqid edir və qeyd edir ki, bu "etimologiya" alimin Azərbaycan türklərinin qədim tarixinə qarşı "məşhur iranist" yanaşmasıdır. Çünki "Atr" hissəciyi "Müqəddəs Od" anlamı vermir. Ancaq Maday satrapının tarixi adı olan "Atarpat" da "Atr" hissəciyi ilə deyil, "Atar" hissəciyi ilə başlayır və "Atar" sözü Azərbaycan türklərinin mifologiyasında "od mühafizi" və "od qoruyucusu" mənasında işlənir.Tarixçi, arxeoloq Tofiq Əzizbəyli :- İqrar Əliyev Ə. Kəsrəvi və tərəfdarlarına haqq qazandırmaq üçün Midiyanın tərkibində olmuş Cənubi Azərbaycan ərazisini də irandillilərin sıx şəkildə yaşadıqları Arianaya daxil edərək yazır: ,,Strabon Eratosfenin çox qiymətli şəhadətini saxlamışdır. Eratosfen öz əsərində Makedoniyalı Aleksandrın silahdaşlarının məlumatlarından istifadə etmişdir. Eratosfenə görə, ,,Parsanın, Midiyanın, Baktriyanın və Soqdiananın əhalisi azınadək birdillidir” (yəni mahiyyətcə birdillidir)”Əslində isə, yunan coğrafiyaşünası Strabonun e. ə. 7 – ci ildə yazıb başa çatdırdığı ,,Coğrafiya” əsərindəki həmin məlumat belədir: ,,Parsa və Midiyanın bir hissəsi, həmçinin baktriyalıların və soqdiyalıların ölkələrinin şimal hissələri Ariana adlanır. Arianada yaşayan bütün Ari xalqları bir – birindən azacıq fərqlənən, demək olar ki, bir dildə danışırlar” Göründüyü kimi, İqrar Əliyev yunan coğrafiyaşünasları Eratosfen və Strabonun Ariana və əhalisi haqqında verdiyi məlumatları tamamilə təhrif etmişdir. İ. Əliyevdən fərqli olaraq, Rusiya Elmlər Akademiyasının akademiki, qədim İran və Mesopotamiya tarixi üzrə mütəxəsis M. A. Dandamayev yazır ki, Eratosfen və Strabonun verdiyi məlumatlara görə, Arianaya Midiyanın bütün ərazisi yox, ayrı - ayrı hissələri daxildirAraşdırmaçı -jurnalist, siyasi icmalçı Azər Rəşidoğlu : AMEA tarix institutu İqrar Əliyevin zamanından türklərə qarşı yumşaq desək, xoş olmayan münasibəti ilə fərqlənib. Ciddi alim olmasına baxmayaraq İqrar Əliyev türklərə mənfi münasibətinə görə heç bir zaman ədalətli ola bilməyib. SSRİ zamanından başlanan türkə nifrət Elmlər Akademiyasında daha iri miqyasda özünü göstərib.llətin adının türkdən azərbaycanlıya, dilinin isə türkcədən azərbaycancaya çevrilməsinin qayəsində də dominant millətə olan bu anipatiya durub. türkə antipatiyası olan bir alimin (yaxud alimlərin) ölkənin titul vərəqi olan millətin tarixinə rəhbərlik etməyə haqqı çatırmı? Başlıca sual elə budur. “Türkün tarixini türk yazmalıdır” deyəcək qədər irqçi olmasaq da, hər halda “bir milləti sevməyən alimin o millət barədə yazdığı tarix kimə lazımdır” sualını da verməmək olmur. Deməli, kiməsə lazımdır. Lakin ən əsas sual yenə açıq qalır - millətin dilinin və özünün adının qaytarılması zamanı çatmayıbmı? Bunu kim edəcək? Türklərin bu ərazilərdə yaşamadığını deyənlərin bunu edəcəyinə inam da yoxdur...ŞTRİX- Yeri gəlmişkən,  2014-cü il idi. Tarixçilər hesab edir ki, məhz  “Qafqaz Albaniyası”nın müəllifi, türkçü kəsimin qınağını qazanan Fəridə Məmmədova  İqrar Əliyev yolunun davamçısı olub. Çünki, kitabın sonunda dərc olunan və Azərbaycan torpaqlarının da (Qara dənizdən başlayaraq Xəzər dənizinə kimi, həmçinin bütün Cənubi Azərbaycan, Kürdən-Arazdan aşağı torpaqlar) əks olunduğu “Böyük Ermənistan”ın xəritəsi Tarix İnstitutunun rəhbəri Yaqub Mahmudov və digər tarixçilər tərəfindən ciddi etirazla qarşılanıb. Həmin vaxt Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli də məsələyə müdaxilə etdi:"Fəridə məsələsi elə-belə ortalığa atılmayıb. Aldığım informasiyaya görə, bunu ortalığa atanlar yenidən Azərbaycan tarixini İqrar Əliyev dövrünə qaytarmağa çalışırlar. Bu təhlükəli bir məqsəddir. Bu gün Azərbaycan əslində Tükün, Türk elminin ən böyük və mühasirədə olan qalasına çevrilib. Azərbaycanda Türk sistemini sıradan çıxarmaqla bütün Türk sistemini zərərsizləşdirmək olar". Nəhayət tanınmış tarixçilərin mətbuata düşmüş fikirlərində belə bir qənaətə gəlmək olar ki, bu gün 100 yaşını qeyd edəcəyiniz İqrar Əliyev  tək Azərbaycan tarixini yazsa da, türk xalqlarının tarixinə qısqanclıqla yanaşıb. Dəqiq nələr yazıb, bilmək istəyirsinizsə, mütləq akademik Nizami Cəfərovun mediada gedən  "Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq" silsilə məqalələrini oxuyun.Əntiqə Rəşid     

Избранный
516
adalet.az

1Источники