RU

Ədviyyat təkcə dad deyil, xəstəlikdən də qoruyur

Payız-qış aylarında təbii əlavələrə tələbat artır
Payız aylarında immunitetin sınağı başlayır. Hava –damcı yolu ilə yayılan viruslar artır. Hava soyuduğu üçün bədənin ehtiyatı azalır, insanlar qapalı yer­lərdə çox toplaşır, cəmiyyətdə hazırda olduğu kimi qripli insanlar çoxalır.
Payız-qış mövsümündə xəstəliklərə qarşı təbii immunomodulyator rolu oyna­yan müalicəvi ədviyyatlar həmişə gərə­yimiz olub. Bununla bağlı mütəxəssislə – terapevt, ailə həkimi Aygün Kərimova ilə görüşdük. Həkim söhbətə ədviyyatlar barədə məlumatla başladı: 
– Havalar soyuyanda istər xörəklər­də, istər çaylarda ədviyyatdan bol istifa­də etmək lazımdır. Ədviyyatlar bitkilərin təzə, qurudulmuş və üyüdülmüş müəy­yən hissəsidir. Ədviyyat kimi istifadə edilən bitkilər ədviyyat və ətirli otlar ol­maqla istifadə istiqamətinə görə 2 qrupa ayrılır: 1. Ətir və dadı daha da artırmaq üçün təzə və ya qurudulmuş halda şü­yüd, reyhan, tərxun, nanə, cəfəri, keşniş, kəvər, turşəng, kərəviz, kəklikotu və di­gər otlardan istifadə edilir. 2. Qida məh­sullarının ləzzətini artıran, təbabətdə və mətbəximizdə geniş istifadə edilən əsas ədviyyatlara mixək, darçın, qara istiot, zəfəran, sumaq, sarıkök, zəncəfil, cirə, razyana və digərləri daxildir.
Ədviyyatların tərkibində olan efir yağ­ları, üzvi turşular, qlükozidlər və bir çox vitaminlər iştahanı artırır, maddәlәr mü­badilәsini sürәtlәndirir, həzm sistemini normaya salır və qidanın yaxşı mənim­sənilməsini təmin edir. Bitkinin toxumun­dan (xardal, cövüz), meyvəsindən (qara və qırmızı istiot, hil, cirə, razyana), çiçə­yindən (zəfəran, mixək), yarpağından (dəfnə yarpağı və müxtəlif ətirli bitkilərin yarpaqları), qabığından (darçın), kökün­dən (zəncəfil, sarıkök) alınan ədviyyatlar vardır.
Ədviyyat alarkən istehlakçılar onların qablaşdırılmasına, etiketindəki məlumat­lara, saxlanma şəraitinə xüsusilə diqqət etməlidirlər. Etiketdə məhsul haqqında zəruri məlumatlar – istehsalçının adı və ünvanı, malın adı, istehsal tarixi, xalis çəkisi, tərkibi, istehlak xassələri, saxlan­ma müddəti və s. mütləq əks olunmalı­dır. Ədviyyatların quru, sərin, təmiz və yaxşı havalandırılan yerdə saxlanması şərtdir. Bu tip məhsullar daşınarkən, saxlanarkən sanitar-gigiyenik qaydalara, mal qonşuluğu prinsipinə ciddi riayət edil­məlidir. Ədviyyat növləri rəflərdə kimyəvi maddələrin, kəskin qoxulu mal və məh­sulların yanında saxlanılmamalıdır.
Həmsöhbətim ədviyyatların müalicəvi xüsusiyyətlərinə görə də geniş istifadə edilməsindən söz açdı:
– Ədviyyatların antioksidant və im­mun sistemini gücləndirmək xüsusiyyəti var. Onların hər biri ayrı-ayrılıqda orqa­nizmin sağlamlığında mühüm rol oynayır.
Çili bibəri. – Tərkibində kapsoisin, pi­perin və allisin olduğuna görə, bibərin bu növü burun-udlaq və ağıza daxil olmuş viruslar və zərərli mikroorqanizmlərlə mübarizdə effektiv təsirə malikdir. 
İstiot. – Qara istiotun tərkibindəki zəngin mineral maddələr və vitaminlər immun sistemini gücləndirir, soyuqdəy­məyə qarşı qoruyucu maneə yaradır. Həmçinin qara istiot orqanizmdə yağla­rın parçalanmasını sürətləndirərək mad­dələr mübadiləsini yaxşılaşdırır, qanın laxtalanmasını tənzimləyir, xroniki yor­ğunluq əlamətlərini aradan qaldırmağa kömək edir.
Sarımsaq. – Təzə sarımsaq güclü antibakterial və virusəleyhinə vasitə ol­maqla yanaşı, qanda xolesterinin miqda­rını normallaşdırır, orqanizmdə maddələr mübadiləsini tənzimləyir. Sarımsaq orqa­nizmin yoluxucu xəstəliklərə qarşı müqa­vimətini artırmaq üçün olduqca faydalıdır.
Qara zirə. – Bu ədviyyat qısa zaman­da müxtəlif infeksion xəstəliklərin qarşısı­nı alan təbii immungücləndiricidir.
Sarıkök. – İmmun sistemin fəaliyyə­tini gücləndirməkdə sarıkökün mühüm rolu var. Sarıkök, nəinki orqanizmi toksin və şlaklardan təmizləyir, həm də təbii an­tibiotik kimi iltihabi prosesləri dayandır­mağa kömək edir.
Xardal. – Zəngin tərkibə malik xar­dal antiseptik, antimikrob, göbələkəley­hinə, iltihabəleyhinə təsirə malikdir. Mə­də-bağırsaq sistemi üçün, soyuqdəymə zamanı, oynaq xəstəliklərində olduqca faydalıdır. Həmçinin xardal beyində qan dövranını stimullaşdırır, yaddaşı və zəka­nı gücləndirir.
Darçın. – Bu ədviyyatın da bir çox xeyirli xüsusiyyətləri var. Darçın müxtəlif xəstəliklərə qarşı antiseptik, antimikrob və antiparazit vasitə kimi istifadə olunur. Həmçinin bədənin ümumi tonusunu artı­rır və immun sistemini gücləndirir. Həkim onu da xüsusi olaraq vurğuladı ki, ədviy­yatların normadan artıq istifadəsi orqa­nizm üçün zərərlidir. Tərkibində yüksək təsir qabiliyyətinə malik olan alkaloidlər və qlükozidlər xüsusən də uşaqların və bir çox xəstəlikdən əziyyət çəkənlərdə fəsadlar yarada bilər. 
Müsahibimiz əlavə olaraq, ədviy­yatların saxlanma qaydasından və im­muniteti gücləndirməyin digər fərqli yollarından da danışdı:
– Onu da deməyi lazım bilirəm ki, ədviyyat növlərini bütöv halda saxlayıb, lazım olanda üyüdüb istifadə etmək daha faydalıdır. Onlar hermetik qablarda isti və rütubət olmayan, eyni zamanda, gün düşməyən yerdə saxlanmalıdır.
Bu tip məhsullar isti və rütubətə mə­ruz qaldıqda ətrini, ləzzətini daha tez itirir. Xüsusən də onların heç bir növünü soba­nın yaxınlığında saxlamaq məsləhət gö­rülmür. Çünki normadan artıq temperatur ədviyyatların tərkibində olan efir yağlarını azaldır. Ümumiyyətlə, istehsal müddətin­dən və saxlanma şəraitindən asılı olaraq ədviyyatların istifadə müddəti yalnız bir il qəbul edilir.
Payız aylarında immuniteti başqa va­sitələrlə də gücləndirmək mümkündür. Hava isti olmasa da açıq havada 2 saat gəzməyi təxirə salmayın. Soyuq aylarda yaydan fərqli olaraq, axşam daha tez ya­tın. Hormonları normal saxlamaq üçün ən geci axşam saat 11-dən səhər saat 8-ə kimi fəsiləsiz yatmaq lazımdır.
İsti-soyuq su ilə duş almaq da bədəni möhkəmlədir. Əgər bunu edə bilmirsiniz­sə, hər gün ayaqlarınızı soyuq su ilə yu­yun. Qida rasionuna vitamin və lif tərkibli tərəvəz, meyvə daxil edin. Alkoqol, çay, qəhvə, qazlı suların qəbulunu azaldın. Onlar ürəyi və böyrəkləri yüklədiyi üçün immuniteti aşağı salır. Menyuda zülal tərkibli qidalar – toyuq, hinduşqa, paxla, yumurtanı bol edin və ədviyyatla zəngin­ləşdirin ki, onlar virus və mikrobların inki­şafını ləngitsin.
Z.BƏŞİRQIZIXQ

Избранный
209
xalqqazeti.az

1Источники