RU

Azərbaycan təhlükəsizlik orqanları – 105 il

"Nizam-intizam təhlükəsizlik orqanlarının işinin əsasını təşkil edən amillərdən biridir. Hərbi qulluq birinci növbədə nizam-intizam üzərində qurulur. Təhlükəsizlik orqanlarında işləyən sıravi adam da, zabit də, rəhbər işçi də bilməlidir ki, nizamnamə, konstitusiya sizin üçün rəhbər və istiqamətverici sənəddir".
Heydər ƏLİYEV"Azərbaycanda təhlükəsizlik lazımi səviyyədə təmin edilir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Xüsusilə, indiki şəraitdə, - dünyada gedən prosesləri biz görürük, - bu, yüksək qiymətə layiq olmalıdır".İlham ƏLİYEVAzərbaycan təhlükəsizlik orqanlarının 
105 illik tarixi salnaməsiBu gün çətin, keşməkeşli, eyni zamanda, şərəfli və fədakar bir yol keçən, möhkəm təməllər üzərində qurulmuş Azərbaycan təhlükəsizlik orqanlarının 105 illik tarixini qeyd edərkən, vətənin suverenliyi, torpaqlarımızın azadlığı və dövlətçiliyimizin qorunması yolunda xüsusi igidlik və şücaət nümunələri göstərərək şəhidlik zirvəsinə yüksələn bu orqanların əməkdaşlarının, həmçinin bütün şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq.
1919-cu ilin mart ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahının tərkibində təsis edilmiş ilk xüsusi xidmət orqanının - kəşfiyyat və əks-kəşfiyyat bölməsinin varisi olan, bu gün Azərbaycanın maraqlarının və təhlükəsizliyinin qorunmasında öz yeri və rolu olan Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasının bu il 105 illiyidir. Ümummilli lider Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla 28 mart tarixini bu orqanların əməkdaşları peşə bayramı günü kimi qeyd edirlər. 
Ulu Öndәr Heydәr Әliyev bu barədə demişdir: "Bugünkü müstәqil Azәrbaycan Respublikasının tәhlükәsizlik orqanının başlanğıc tarixini 1918-1920-ci illәrdә yaşamış ilk Azәrbaycan Demokratik Respublikasının yaratdığı orqandan götürmәk doğru, düzgün vә mәqsәdәuyğun qәrardır...".
Azərbaycanın ilk xüsusi xidmət orqanlarının yaradılması gənc Azərbaycan Xalq Cümhuriyyətinin öz dövlətçiliyinin qorunması istiqamətində atdığı əsas addımlardan biri idi. Dövlətin təhlükəsizliyinin təşkili, baş verə biləcək terror-təxribat aktlarının qarşısını almaq, pozucu qüvvələri zərərsizləşdirmək üçün xüsusi xidmət orqanlarının yaradılmasının zəruriliyinin qaçılmaz olduğunu düzgün dəyərləndirən hökumət bu yönümdə lazımi işlər gördü. Hərbi nazir general Səməd bəy Mehmandarov və Baş Qərargahın rəisi general Məmməd bəy Sulkeviçin 157 saylı birgə əmri ilə Hərbi Nazirliyin Baş Qərargahının General-kvartirmeystr şöbəsinin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Səməd bəy Mehmandarov məruzəsi zamanı qeyd edirdi ki, kəşfiyyat və əks-kəşfiyyatın əsas vəzifəsi "düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaqdan ibarətdir". 
Yeni xidmətə başlayan Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətində Denikinin casus şəbəkəsinə və bolşevizmə qarşı mübarizə əsas yerlərdən birini tuturdu. Qısa müddətdə Azərbaycanın milli ordusuna nüfuz edən Denikinin casus şəbəkəsi ifşa edildi. Hətta bu şəbəkənin üzvlərinin bir qisminin ingilis kəşfiyyatına işləməsi də müəyyən olundu. 
Ölkədə ictimai-siyasi vəziyyətin gərginliyi və kənar hərbi müdaxilənin reallığını nəzərə alan Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Dövlət Müdafiə Komitəsini yaratdı. Komitə 1919-cu il iyun ayının 11-də ölkədə fövqəladə vəziyyət elan etdi və elə həmin gündə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - Əksinqilabla Mübarizə Təşkilatının təsis olunması barədə qərar qəbul edildi.
Erməni millətçi siyasi təşkilatları, silahlı dəstələri və terrorçu daşnak qrupları dövlət müstəqilliyimizə qarşı təxribatlar törətdiyindən təşkilat onlara qarşı aramsız mübarizə aparır, bolşevizmlə qarşı mübarizə isə Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətində əsas yerlərdən birini tuturdu. Rusiyada bolşevik hökumətinin getdikcə güclənməsi Bakıda, Gəncədə, eləcə də Azərbaycanın digər bölgələrində bolşeviklərin dövlət əleyhinə fəallığını artırmışdı. Azərbaycan Silahlı Qüvvələrinə soxulmağa çalışan bolşeviklərə qarşı mübarizə artırılsa da, bu işin öhdəsindən yetərincə gəlmək olmurdu. Bu barədə Səməd bəy Mehmandarov yazırdı: "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir. Bolşevizmlə mübarizə ümumxalq işi olduğundan bir hərbi idarə onun öhdəsindən layiqincə gələ bilməz". Buna görə hərbi nazir kömək üçün Bakı axtarış polisinin də bu işə cəlb olunmasını məqsədəuyğun hesab edirdi.
Lakin 1920-ci il aprelin 28-də bolşevik işğalı nəticəsində Azərbaycan təhlükəsizlik orqanlarının qısa sürən səmərəli fəaliyyəti yarımçıq qaldı. Xüsusi xidmət orqanlarının əməkdaşları və bu insanların yaxın və uzaq qohumları repressiyalara məruz qalaraq çoxu güllələndi, az qismi isə mühacir həyatı yaşamağa məcbur oldular. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi və dövlətçiliyin möhkəmləndirilməsi uğrunda mübarizə aparan ilk təhlükəsizlik orqanlarının fəaliyyətini yüksək qiymətləndirən Ümummilli Lider Heydər Əliyev demişdir: "Xalq Cümhuriyyəti zamanı Azərbaycanın təhlükəsizlik orqanları gənc, müstəqil dövlətimizə, dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir".Heydər Əliyev - Azərbaycan təhlükəsizlik orqanlarının əbədi fəxri rəhbəriAzərbaycan xüsusi xidmət orqanlarının inkişaf tarixi ömrünün 25 ilə yaxın bir dövrünü xüsusi xidmət orqanlarına həsr etmiş Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin idarəçilik və təşkilatçılıq bacarığı, gərgin səyləri sayəsində Azərbaycan təhlükəsizlik orqanlarının fəaliyyətində əsaslı dönüş yaranmış, bu orqanda özünəməxsus müsbət ənənələrin bərpası, onların ən dəyərlilərinin yaşadılması üçün təşkilati-əməli tədbirlər görülmüşdür. Hələ ötən əsrin ortalarından etibarən görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində respublika təhlükəsizlik orqanının milliləşdirilməsi istiqamətində işə başlanılır ki, bu da Azərbaycanın gələcək müstəqilliyinə və milli təhlükəsizlik orqanlarının kadr potensialının həllinə hesablanmış bir addım idi. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində qeyd edirdi: "Mən 1937-38-ci illərin materiallarına baxanda, bu, mətbuatdan da məlumdur, siz də bilirsiniz, görürdüm; kim idi o vaxt NKVD-nin başında duran adamlar? Qriqoryan, Markaryan, Topuridze, yarı erməni, yarı gürcü idi. Nə millətidir, bilmirəm, Borşov, sonra uzun illər, 1939-53-cü ilə qədər Yemelyanov nazir idi. Xatirəmdədir hamısı. O illərdə Azərbaycanın başında duran adamlar öz xalqına xəyanət edirdilər, azərbaycanlılara düşmən olan, ancaq bu orqanlarda yüksək vəzifə tutan adamların əli ilə Azərbaycanın dəyərli insanlarını əzirdilər, cəza verir, azadlıqdan məhrum edir, repressiya altına alırdılar". Ulu Öndər başqa çıxışında isə demişdir: "Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu".
Ulu Öndər Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də komitə rəhbərliyinə irəli çəkildiyi 1965-1967-ci ilərdən sonrakı dövrdə olduğu kimi, respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarına öz qayğısını əsirgəməmiş, xüsusi xidmət orqanlarında çalışanların qarşısında ciddi tələblər qoymuş və onlara dəyərli nəsihətlərini vermişdir: "Dövlət təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini yerinə yetirir ki, orada peşəkar əhval-ruhiyyə, peşəkar kadrlar və iş üslubu olsun. Peşəkarlıq səviyyəsinin artırılmasının sərhədi, hüdudu yoxdur. Ona görə də siz daim peşəkarlığınızın təkmilləşdirilməsi üzərində işləməlisiniz, oxumalı, öyrənməlisiniz, çox savadlı, bilikli insanlar olmalısınız".
Ümummilli Lider Heydər Əliyev xalqına zorakılıq edənlərə qarşı çıxan təhlükəsizlik orqanlarının əməkdaşlarının, həmçinin hərbi əsir və legionerlərin də taleyi ilə maraqlanmış və çalışmışdır ki, onlar arasında öz xalqına, millətinə xəyanət etməyən şəxslər də bəraət alsınlar. Onun, misilsiz xidmətlərindən biri də milli ruhda əsərləri ilə mərkəzi qıcıqlandıran yazıçıların, şairlərin qorunması, hətta onların dövlət mükafatlarına layiq görülmələri istiqamətində həyata keçirdiyi fəaliyyət idi. Təsadüfi deyil ki, SSRİ dövründə bütün müttəfiq respublikalardan fərqli olaraq Azərbaycanda dissident yox idi. 
Ümummilli Lider Heydər Əliyevin təhlükəsizliyin keşiyində dayanan xüsusi xidmət orqanlarının əməkdaşlarının qarşısında qoyduğu ən ümdə tövsiyələrdən biri də xalqın əsrlər boyu yaratdığı və yaşatdığı sərvətlərə sədaqətlə yanaşmaq, onun milli maraqlarını qorumaq prinsipi idi. Ümummilli Lider deyirdi: "Mәn bu gün böyük iftixar hissi ilә deyә bilәrәm ki, dovlәt tәhlukәsizliyi orqanlarında rәhbәr vәzifәlәrdә islәdiyim zaman, bu orqanın bascısı oldugum zaman vә ondan sonra Azәrbaycan Respublikasının bascısı oldugum zaman Azәrbaycan xalqının millli mәnafeyinә әks olan hec bir addım atılmamısdır. Amma nә qәdәr belә tәkliflәr, belә tәzyiqlәr var idi". 
1991-ci ildə Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra digər dövlət qurumları ilə birgə təhlükəsizlik orqanlarının da yenidən qurulmasına təkan verildi. Lakin həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsiz idarəçiliyi nəticəsində respublikanı xaos bürümüş, vətəndaş müharibəsi və müstəqilliyimizin itirilməsi təhlükəsi yaranmışdı.
Məhz belə bir vaxtda 1993-cü ilin iyul ayında Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində, o cümlədən təhlükəsizlik orqanlarının formalaşmasında böyük islahatlar həyata keçirdi. Ulu Öndərin Azərbaycan rəhbərliyinə qayıdışı təhlükəsizlik orqanlarının fəaliyyətində də dönüş mərhələsi oldu. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində separatçı qüvvələrin qanunsuz fəaliyyətlərinin, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı. Vətəndaş müharibəsi təhlükəsi sovuşduruldu. Müstəqil Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyəti beynəlxalq standartlara uyğun və dövlətimizin təhlükəsizliyinin qorunması tələblərinə cavab verə biləcək səviyyədə quruldu. 
Bu gün, çətin, keşməkeşli lakin şərəfli bir həyat yolu keçmiş Azərbaycan xüsusi xidmət orqanları Ulu Öndərin tövsiyələrini bütün fəaliyyətləri boyu daim rəhbər tutaraq, ölkəmizin inkişafı, qüdrətlənməsi naminə bütün qüvvəsini səfərbər edib, dövlətinə və xalqına şərəfli xidmət missiyasını layiqincə davam etdirir. 
Ümummilli Liderin təhlükəsizlik orqanlarına göstərdiyi diqqət və qayğı bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının müdrik rəhbərliyi ilə Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin normativ hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilmiş, islahatlar aparılmış və beynəlxalq əlaqələri xeyli genişləndirilmişdir.Azərbaycan təhlükəsizlik orqanlarının tarixində yeni mərhələAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci il tarixli Fərmanına əsasən Azərbaycan xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliliyini artırmaq, idarəçilik strukturunu təkmilləşdirmək məqsədilə Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradıldı. Bu, müstəqil Azərbaycanın təhlükəsizlik orqanlarının tarixində yeni mərhələnin başlanğıcı, həm də təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından xüsusi xidmətin yeni tələblər səviyyəsində təşkilinə yönəlmiş müdrik bir addım idi. 
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının öz işinə yüksək peşəkarlıq və dərin məsuliyyət hissi ilə yanaşması nəticəsində qısa müddətdə ölkəmizin əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə, terrorçuluğa, transmilli cinayətkarlığın müxtəlif növlərinə qarşı digər aidiyyəti dövlət və hüquq-mühafizə orqanları ilə birgə mübarizədə konkret nəticələrin əldə edilməsi sübut etdi ki, Azərbaycan təhlükəsizlik orqanları peşəkar, çevik və güclü bir struktura çevrilmişdir. 
Bu gün dahi şəxsiyyət Heydər Əliyevin peşəkarlıq məktəbini ləyaqətlə və uğurla davam etdirən Azərbaycan təhlükəsizlik orqanları dövlətimizin başçısının müdrik rəhbərliyi ilə xalqın ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkənin milli maraqlarının qorunması və təmin olunması istiqamətində bütün qüvvəsini səfərbər edərək, fəaliyyətini zamanın çağırışlarına uyğun daha da təkmilləşdirərək gücləndirirlər. 
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz misilsiz şücaət göstərərək 30 illik işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməklə xalqımızın tarixinin şərəf və ləyaqət səhifəsini qızıl hərflərlə yazdı. Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Ali Baş Komandan İlham Əliyev Xalq-İqtidar-Ordu birliyinin nəticəsi olan "dəmir yumruğ"u ilə işğalçı Ermənistanın belini qırdı, terror dövləti olan bu kriminal rejimin başını əzdi, ümumilikdə "dünya erməniçiliyi" mifini puç etdi, ermənilərin əsl xislətini, həyasız yalanlarını, faşist simasını əsaslı sübutlar və konkret faktlarla bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.
Vətən müharibəsinin getdiyi günlərdə Ermənistanın ölkəmizdə ictimai-siyasi sabitliyin və daxili təhlükəsizliyin pozulmasına yönəlmiş kəşfiyyat-pozuculuq və terror-təxribat cəhdlərini və planlarını daha da artırmasına baxmayaraq, bu mənfur fəaliyyətin qarşısı Azərbaycanın dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları tərəfindən yüksək peşəkarlıqla və qətiyyətlə alındı. 
Keçən ilin sentyabr ayında Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatdırılması isə xalqımızın və Prezident İlham Əliyevin qəti Qələbəsi idi. 
Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti qarşısında qoyduğu vəzifələr vaxtında və dəqiq, eyni zamanda şərəflə yerinə yetirilir. Bir sözlə, Dövlət Təhlükəsizliyi Xidməti digər aidiyyəti orqanlarla yanaşı, müstəqilliyin və dövlətçiliyin, ölkənin siyasi və iqtisadi əsaslarının xarici və daxili təhdidlərdən qorunması üzrə fəal hüquq-mühafizə siyasətinin həyata keçirilməsində daim ön sıradadır. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dediyi "Sizin fəaliyyətiniz geniş ictimaiyyətə bəzi hallarda o qədər də bəlli deyildir. Bu da təbiidir. Çünki dünyanın istənilən ölkəsində xüsusi təhlükəsizlik orqanlarının spesifikası bundan ibarətdir. Ancaq siz də bilirsiniz, mən də Ali Baş Komandan kimi bilirəm ki, sizin nə qədər böyuk zəhmətiniz, fədakarlığınız, peşəkarlığınız olmuşdur ki, vətəndaşlarımız rahat yaşasınlar" fikri 105 illiyini qeyd etməyə hazırlaşan dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları üçün böyük məsuliyyət deməkdir. 
İnanırıq ki, 105 il əvvəl yaradılmış ilk təhlükəsizlik orqanlarının varisi olan, bu gün milli  mənafelərin və təhlükəsizliyin qorunmasına layiqli töhfələrini verən Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti xalqın maraqlarının etibarlı təmin olunması uğrunda sələflərinin keçdiyi çətin mübarizə yolunu bundan sonra da əzmlə və fədakarlıqla davam etdirəcəkdir.H.Zeynallı

Избранный
521
olaylar.az

1Источники