Rusiya və Türkiyədə yaşayan ermənilər patriarx Nerses başda olmaqla Qafqaz canişininə müraciət edirlər ki, 1877-ci il sülh müqaviləsinin müzakirəsi zamanı onlara yardımçı olsunlar. San--Stefan sülh müqaviləsinə bir bənd əlavə olunur. Bu bəndə əsasən, Türkiyə ermənilər yaşayan vilayətlərdə lazımi islahatların aparılmasını üzərinə götürür və bu islahatlar keçirilənə qədər rus qoşunları Türkiyənin Asiya vilayətlərinin işğalını davam etdirəcək.
Lakin Berlin konqresində İngiltərə bu bəndin digər bəndlə əvəzlənməsinə nail oldu. Düzəlişə əsasən bu prosesin nəzarəti Berlin konqresinin iştirakçıları olan altı ölkəyə həvalə olunurdu. İngilis diplomatiyası ermənilərə “böyük Ermənistanı” vəd etmişdi, lakin Türkiyədən Kipr adasını aldıqdan sonra vədini “unudub”, erməniləri öz himayəsindən məhrum etdi. Beləliklə, tarixin bütün dönəmlərində hər bir ölkənin dövlət maraqları digər amillərə üstün gəlir.
Qərbi Azərbaycan ərazisinə ermənilərin köçürülməsi XVIII əsrin sonu XIX əsrin əvvələrinə təsadüf edir. Məhz o dövrdə, ələlxüsus, 1828-ci il Türkmənçay müqaviləsindən sonra, bu, kütləvi xarakter alır. Rus mənbələrinin məlumatına görə, bu dövrdə Cənubi Qafqaza İrandan 40 min, Türkiyədən 83600 erməni köçürülür. Onlar Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının, eyni zamanda, Tiflis, Borçalı, Axalsıxı, Axalakalaki qəzalarının ermənilərin azlıq təşkil etdikləri ən münbit dövlət torpaqlarına köçürülür. Məskünlaşmaq üçün onlara 200 min desyatin dövlət torpaqları və 2 mln rubl civarında müsəlmanlardan alınan şəxsi torpaq sahələri ayrılır. Bu ermənilər Yelizavetpol quberniyasının dağlıq hissəsinə və Göyçə gölünün sahillərinə yerləşdirilir. Rəsmi olaraq, buraya 124 min erməni köçürülür, lakin qeyri-rəsmi köçürülənlər də var. Beləliklə, köçənlərin sayı 200 mini üstələyir”. (Шавров Н.И. Новая угроза русскому делу в Закавказье. Предстоящая рапродажа Мугани инородцам. Изв.АН Аз.ССР. Серия история, философия и права, 1988 г., №3).
1877-1879-сu illər rus-türk müharibəsindən sonra general Ter-Qukasov Türkiyədən Sürməli qəzasına 35 min araba erməni gətirir. 1893-1894-cü illərdən sonra köçürülmə daha geniş miqyas alır ki, bunun əsas səbəbi ermənilərin Türkiyədə törətdikləri ixtişaşlar olur. Qafqaza yeni canişin knyaz Q.S.Qolitsinin təyin olunduğu 1897-ci ildə artıq gəlmə ermənilərin sayı 900 minə çatır. Gəlmələr Rusiya vətəndaşlığını qəbul edib və əvvəl köçürülənlərə qarışırlar.
N.İ.Şavrov yazırdı: “Bu gün Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyonu köklü, yerli əhali deyil, bizim tərəfimizdən köçürülənlərdir. Saxta sənədlərdən geniş istifadə edərək ermənilər iri dövlətin torpaq sahələrini ələ keçiriblər”.
Qriboyedovun dediyinə görə, ermənilərin böyük əksəriyyəti müsəlman mülkədar torpaqlarında məskunlaşdırılıb. O qeyd edirdi ki, “müsəlmanları inandırmaq lazımdır ki, ermənilər bu torpaqlarda müvəqqəti olaraq yerləşdirilib və bu, çox çəkməyəcək. Beləliklə, müsəlmanları ermənilərin bu torpaqları həmişəlik tutduqları fikrindən daşındırmaq lazımdır”. Köçürülmə belə geniş miqyas almışdı ki, dövlət məmuru V.L.Veliçko yazırdı: “Qafqazın erməniləşdirilməsinin qarşısı radikal tədbirlərlə alınmalıdır”.
Ermənilərin Qafqaza kütləvi köçürülməsi ilə yanaşı, azərbaycanlıların bu ərazilərdən sıxışdırılıb çıxarılması prosesi gedirdi. V.L.Veliçko yazırdı: “Zaqafqaziyanın müsəlman əyalətlərində yerli əhalinin Türkiyə, İrana köçürülməsi haqqında söhbətlər gəzir və tədricən bu baş verir... Bunda erməni münaqişəsinin də təsiri az deyil. Müsəlman əhali oturuşduğu yerlərdən sistemli şəkildə rus məmurlarının əmri ilə çıxarılır və onların yerini gəlmə ermənilər tuturlar...”. Məhz bu üsulla ermənilərin azlıq təşkil etdiyi Rusiya imperiyasının sırf müsəlman əyalətlərində ermənilərin say çoxluğu təmin edilir.
Ruslar Ahalsıxını tutduqdan sonra müsəlmanların böyük əksəriyyəti Türkiyəyə köçür və 5-6 ay ərzində onların yerini 106 min erməni tutur. Veliçko yazır ki, ermənilərin böyük əksəriyyəti burada XIX əsrin birinci yarısında Türkiyə qaçqın qismində peyda olub. Onlar buranın köklü əhalisi deyil.(Величко И.Л. Кавказ. Русское дело и междуплеменные вопросы. Баку, 1990 г.)
Məhz bu vasitələrlə ermənilər bizim torpaqlarda möhkəmlənirdilər və sonra Rusiya mətbuatı vasitəsilə Rusiyanın ictimai şüurunda ermənilərin Cənubi Qafqazda ən qədim, sivil, sülhsevər, mədəni və Rusiyaya sadiq xalq olduğu haqqında fikir formalaşdırırdılar. Eyni zamanda, vaxtaşırı regionun yerli, köklü xalqı olan azərbaycanlıları sıxışdırıb çıxarır, tarixi torpaqlarından qovur, mədəni irsini, orta əsr qəbiristanlıqlarını, memarlıq abidələrini, tarixini mənimsəyir, məhv edir və həyasızcasına “yazıq, köməksiz, zavallı” erməni xalqının müsəlmanlar tərəfindən məhv edildiyini bütün dünyaya car çəkirdilər.
Rus imperiyasında ermənilərə olan xüsusi münasibət onlarda məhz bu dövlətdə erməni muxtariyyətinin yaradılması arzusunu alovlandırırdı. V.L.Veliçko bununla əlaqədar yazırdı: “Türkiyədə ərazi yox idi və bu ərazi süni şəkildə Zaqafqaziyada yaradılır. Erməni siyasətbazları müsəlmanları ərazidən çıxartmaq məqsədilə onlar haqqında mənfi fikir formalaşdırırdılar”.
Haylar zəbt etdikləri torpaqlarda erməniləşdirmə siyasəti həyata keçirirdilər. Bütün Cənubi Qafqaz ərazisində azərbaycanlıların mədəni irsi: məscidlər, Orta əsr qəbiristanlıqları, Alban xristian abidələri planlı şəkildə ya məhv edilir, ya da erməniləşdirilirdi.
Bu gün Azərbaycanın tarixi ərazisi olan Qərbi Azərbaycan dediyimiz Zəngəzurda, İrəvanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Sonuncu 200 min nəfər 1988-ci ildə məlum hadisələrdən sonra vəhşicəsinə dədə-baba yurdlarından qovulub, maddi-mədəniyyət abidələri dağıdılıb, erməniləşdirilib. Ermənilərin ərazini işğaldan sonra toponimlərin erməniləşdirilməsi prosesi ifrat dərəcəyə çatıb. Orta əsr sənədlərində bu yerlərin əzəli türk mənşəli adları qalmaqdadır. Sənədləri tədqiq etdikdə yer adlarının məruz qaldığı dəhşətli fəlakətin miqyasının şahidi oluruq.
Erməni “bərpaçıları” türbənin bünövrəsində arxeoloji qazıntılar aparmış və belə bir qənaətə gəlmişlər ki, bu türbə guya erməni ustaları tərəfindən inşa olunub. Onlar iddia edirlər ki, Qaraqoyunlular dövləti İran dövləti olub və Qaraqoyunlu əmirləri türkmən olmuşlar (müasir türkmənlər nəzərdə tutulur). Ermənilərin maraqlı məntiqindən belə çıxır ki, türkmənlərin idarə etdiyi İran dövlətində erməni abidəsi ucaldılıb.
Xüsusi vurğulamalıyıq ki, Qaraqoyunlu əmirlərini müasir türkmənlərlə eyniləşdirmək elmi səhvdir. Onlar XIII əsrdə Anadoluda yaşamış oğuz türkləri və yarımköçəri türkmən tayfaları idi. Mərkəzi vilayəti Arciş Van gölünün şimalında yerləşirdi. Bundan əlavə memarlıq-konstruktiv quruluşuna görə türbə Naxçıvanda yerləşən Möminə xatun, Yusib bini Kəbir türbələri ilə eynilik təşkil edir və Əcəmi memarlıq məktəbinin davamıdır.
1828-ci ildə Azərbaycanın Rus imperiyası tərəfindən işğalından sonra bu ərazi quberniyalar və qəzalara bölünür. Yaradılmış İrəvan quberniyasına İrəvan, Aleksandropol, Şərur-Dərələyəz, Eçmiədzin, Sürməli, Novobəyazit qəzaları daxil oldu. 1918-ci ildə həmin ərazilərdə yaradılmış Ararat respublikasında ərazi erməni daşnak terror quldur birləşmələri tərəfindən silahlı hücumlara, soyqırımlarına məruz qalmış, azərbaycanlılar dədə-baba torpaqlarından amansızcasına qovulmuşdur. Türkiyədən qacaq düşmüs ermənilər bu ərazilərə yerləşdirilmişdir.
Zəngəzurda yerləşən digər möhtəşəm abidə Səlim keçidində olan karvansaradır. Tarixə Səlim kərvansarası kimi düşüb. Karvansara dəniz səviyyəsindən 2410 metr hündürlükdə yerləşir. Abidənin qapısının üstündə ərəb qrafikası ilə yazı həkk olunub. Həmin yazıda karvansaranın h. 729 – 1328/29 ildə Elxani hökmdarı Əbu Səid dövründə inşa olunduğu haqqında məlumat verilir. Abidənin içində, şərq divarında ermənilər abidəni özününküləşdirmək məqsədi ilə sonradan daş löfhədə bir yazı yerləşdiriblər. Bu yazının mətni qapının üzərindəki yazının mətni ilə üst-üstə düşmür. Erməni yazısını Lazar Universitetinin müəllimi Xr.İv.Kuçuk İonnasov oxuyub. Ermənilərin yerləşdirdiyi yazıda abidənin tarixi h. 781 – 1332-ci il kimi qeyd olunub və Orbelyan nəslindən olan Çesar və bir sıra onun qohumları VII Lipartın nəvəsi tərəfindən tikilmişdir.
Qeyd etməliyik ki, qapının üzərində olan ərəb-fars dilli yazılı daş karvansara inşa olunanda oraya yerləşdirilib. Erməni dilində olan yazılı daş tikilinin içərisinə divara sonradan vurulub. Qapının üzərinə hörülən ərəb-fars dilli yazılı daşın forması, yazının cızma üsulu, paleoqrafik xüsusiyyətləri Zəngilanın Məmmədbəyli kəndində yerləşən Yəhya bin Məhəmməd türbəsinin üzərindəki yazılı daş ilə eynilik təşkil edir (h.704 – 1305 il). Bu yazıda Qarabağ memarlıq məktəbinin banisi Məcd əd-Din Əlinin adı çəkilir.
Beləliklə, Azərbaycan xalqının mədəni irsi saxtakarlıqla erməniləşdirilir. Belə nümunələrdən biri də Zəngəzurun Urud kəndində yerləşən və bu gün tamamilə dağıdılıb məhv edilən orta əsr qəbiristanlığıdır. Bu nekropol 1961-ci ildə Azərbaycan Elmlər Akademiyasının Ermənistan Elmlər Akademiyası ilə birgə Qarabağda və Zəngəzurda aparılan tədqiqatlar zamanı epiqrafçı-alim Məşədixanım Nemət tərəfindən aşkarlanan abidə kompleksidir. Orta əsr qəbiristanlığında Məşədixanım Nemət zəngin tarixi məlumat daşıyıcısı olan çox sayda sənduqə formalı və qoç heykəlli məzar daşlarını tədqiq etmişdir. XVI – XVII əsrlərə aid olan sənduqə formalı, qoç heykəlli məzar daşlarında müsəlman adları, Quran ayələri birdə ən maraqlısı qədim türk tayfalarına məxsus onqonların – tanrıların təsvirinə rast gəlinir. Qoç heykəlli məzar daşının birinin üzərində “min evladi avğvan” yəni “alban nəslindən” sözləri həkk olunub. Məşədixanımın bu tədqiqatı və gəldiyi nəticələr sovet tarixşünaslığında formalaşmış, mövcud olmuş Cənubi Qafqazın tarixi konsepsiyasını alt-üst edir. O zamana qədər gürcü və erməni tarixçiləri yazırdılar ki, İslam gələndə xristian olan albanlar İslamı qəbul etmədilər, gürcü, erməni xaçını qəbul etdilər. Gürcülər və ermənilər Cənubi Qafqazın aborigen, köklü xalqlarıdır və alban mədəni irsinin varisləridir. Guya azərbaycanlılar bu regiona gəlmədirlər.
Rəhmətlik akademik Ziya Bunyadov “Azərbaycan VII – IX əsrlərdə” əsərində yazırdı: “Görəsən, bunların İslamı qəbul edəni, türkləşəni olmadımı?”. Urud abidələri bu suala cavab verdi. Məzar daşlarının üzərindəki təsvirlər, qədim türk tayfalarının inancları və alban nəslindən ifadəsi albanların türk olduqlarına işarədir. Alban türk tayfalarının qədim inancları onların təsviri incəsənətinə köçmüş və məzar daşlarında əksini tapmışdır. Bu abidələr azərbaycanlıların Cənubi Qafqaza gəlmə xalq olduğu konsepsiyasını rədd edir və onların da bu regionun köklü xalqı və alban mədəni irsinin varisi olduğunu təsdiqləyən ən tutarlı tarixi sənəddir. Bu elmi kəşfə cavab olaraq ermənilər bu Orta əsr nekropolunu traktorun ağzına verib dağıtdılar.
Bu mənəvi soyqırıma toponimlər, yəni, Azərbaycan-türk mənşəli yer adları da məruz qalmışdır. Toponimlər müəyyən etnosun konkret coğrafi məkanda formalaşma prosesini təsdiqləyən ən tutarlı sənədlərdir. Bütün abidələr dağıdılsa belə yer adları bu ərazinin kimə məxsusluğunu sübuta yetirən ən tutarlı dəlillərdir. Ona görə ermənilər ərazini işğal edən kimi şəhərlərin, kəndlərin, dərələrin, çayların, bulaqların adlarını dəyişir, erməniləşdirirlər. Amma Orta əsr sənədlərində bu yerlərin əzəli türk mənşəli adları qalmaqdadır. Bu sənədlərlə tanış olduqca yer adlarının məruz qaldığı dəhşətli fəlakətin miqyasının şahidi oluruq.
Azərbaycan Prezidentinin yüksək peşəkarlıqla apardığı balanslaşdırılmış xarici siyasətin nəticəsi kimi bu gün Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş, Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. İnanırıq ki, tarixi ədalət qələbə çalacaq və azərbaycanlılar Qərbi Azərbaycana, əzəli dədə-baba yurdlarına qayıdacaqlar.
Vəfa QULİYEVA,tarix elmləri doktoru
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта