RU

Faciələrimiz zamana və məkana sığışmır...

Bəs bu mövzu kinomuza niyə az gəlir?
Srağagün, 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibə­tilə telekanalların birində növbəti dəfə “Dolu” bədii filmi verilirdi. Baxa-baxa təəssüflə düşündüm ki, bu mövzulu ekran işləri az ol­duğuna görə, hər dəfə eyni lentlər nümayiş etdirilir. Bəs, ideoloji təbliğatda kinonun şüurlara daha tez nüfuz edən vasitə olduğuna nəyə görə lazımi önəm vermirik?
Ermənilərin zaman-zaman başı­mıza gətirdikləri müsibətlərin ekran təcəssümünü onların “genosid” və Qarabağ mövzusunda çəkib dünyaya yaydığı filmlərlə üzəvari müqayisə­dən də məlum olur ki, qarşı tərəfdən xeyli dərəcədə geridə qalırıq. 
Yuxarıda adını çəkdiyimiz “Dolu”, eləcə də “Yaddaş”, “Fər­yad”, “Dönüş”, “Zirzəmi”, “Yalan”, “Arxada qalmış gələcək”, “Biz qayı­dacağıq”, “Canavar balası”, “Xoca”, “Yarımçıq xatirələr”, “Sonsuz dəhliz”, “13” və sair adlı filmlər Azərbaycan rejissorlarının ekranlaşdırdığı “ba­rıt qoxulu” kinolentlərdir. Say azdır, sanbal da ki, heç də bütün filmlərdə istənilən kimi deyil. Qısametrajlı və ya sənədli filmlər var, amma tammet­rajlı filmlər yox dərəcəsindədir. Həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə bu mövzuda acı həqiqətləri dünyaya çatdırmaq səylərimizi daha da artırmalıyıq.
Ermənistana gəlincə isə, tarixi təhrif etməkdə, yalanlar uydurmaqda usta olan işğalçı ölkədə istər qondar­ma 1915-ci il soyqırımı, istərsə də Qa­rabağ savaşı mövzusunda çox sayda filmlər üzə çıxır. 
Kinoşünas Sevda Sultanova qarşı tərəfin kino sənayesindəki üstünlüyünün səbəbləri ilə bağlı yazır: “2006-cı ildə yaradılmış Ermə­nistan Milli Kino Mərkəzi qeyri-kom­mersiya hökumət təşkilatıdır, ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman nazirliyinin tərkibində fəaliyyət göstə­rir. Qurumun məqsədi, dövlətin kino sahəsində siyasətinin reallaşması, yer­li kinematoqrafçılara maliyyə dəstəyi, milli kino mirasının təbliği və erməni filmlərinin beynəlxalq festival və ki­nobazarlarda təqdimatıdır. Milli Kino Mərkəzi kinoprodüserlər üçün tə­lim-təhsil proqramları tədris edir, gənc rejissorlar üçün müxtəlif layihələr hə­yata keçirir. Məsələn, mərkəz təzəlik­cə Fransanın CNC (Centre National du Cinéma et de l’Image Animée) qu­rumu və Cité Internationale des Arts fondu ilə əməkdaşlıq çərçivəsində rejissorlar üçün qrant müsabiqəsi elan edib. Müştərək istehsalatı çoxaltmaq məqsədilə Kann, Berlin, Venesiya və digər nüfuzlu kino festivallarının kino bazarına müntəzəm qatılan mərkəz, Qərb kinoistehsalçılarına layihələrini tanıdır və tərəfdaşlar axtarır.
Film layihələrini dəyərləndirən ekspert komissiyasına təcrübəsi olan kinoprodüserlər, rejissorlar, ssena­ristlər, operatorlar, film redaktorları, kinotənqidçilər üzv olurlar. Bir qayda olaraq, beynəlxalq kinofestivallarda iştirak etmiş, festivalların münsif­lər heyətində yer almış, beynəlxalq mükafatlar qazanmış, istehsalat tə­cübəsinə malik, kino sahəsi ilə bağlı analitik məqalələr yazmış şəxslərə üstünlük verilir. Bundan başqa, eks­pert komssiyasının üzvü ilə qohum­luq əlaqəsi olan hər hansı şəxs müsa­biqəyə qatıla bilməz”. Əlbəttə, vacib şərtlərdir.
Ermənistanda kinoya dəstək verən digər qurum “Hayk” sənədli film kinostudiyasıdır. Hökumətin qərarı ilə studiya ötən il Ermənistan Milli Kino Mərkəzilə birləşib. Əgər Milli Kino Mərkəzi müxtəlif janrlı film­ləri dəstəkləyirsə, “Hayk” studiyası, sənədli kinoya maliyyə yardımı göstə­rir. Bizimkilərdən fərqli olaraq, erməni diasporu da öz milli kinosuna dəstək verir, filmlərin istehsalında yaxın­dan iştirak edir. Ümumerməni fondu “Ayastan” filmlərin bərpasında, təbli­ğində xüsusi fəallıq göstərir.
Ermənistan Milli Kino Mərkəzi 8 ildir ki, mərkəzi ofisi Strasburqda yerləşən, bədii, animasiya, sənədli filmlərə maliyyə dəstəyi verən, film­lərin müştərək istehsalını, prokatını təşkil edən, yayımına yardım göstərən “Eurimages” qurumunun üzvüdür. Bu üzvlük sayəsində ölkə, Avropa kino istehsalı şəbəkəsinə qoşulub, müştərək filmlərinin sayını artıraraq, dünya kino bazarına daha geniş daxil olmaq imkanı qazanıb.
İşğalçı ölkədə dövlət dəstəyi görən filmlərdə ideoloji məzmunlu milli mövzular üstünlük təşkil edir. Gəlin, Sevda Sultanovanın təqdima­tında onların 109 ildən bəri uydur­duqları “genosid”lə, eləcə də 30 il işğalda saxladıqları Qarabağın ermə­nilərin tarixi torpağı olması iddiasına bağlı olan, həm də çoxu beynəlxalq festivallarda nümayiş olunub və mü­kafatlara layiq görülən filmlərin qısa siyahısına nəzər salaq.
Erməni tarixi və 1915-ci il ha­disələri: “Qurtuluş xəritəsi”, “Bir çıl­ğının hekayəsi” (Süjet xətti bir erməni terrorçusunun 1980-ci illərdə türk dip­lomatın qətlindən və bu qətlin 1915-ci il hadisələrindən qaynaqlandığından bəhs edir), “Arximandritin susması”, “Zəng”, “Uzun gecə”, “Solomonun mahnıları”, “Amerikalı”, “Gizli xə­ritə”, “İnqilab”, “Avroranın doğuşu”, “Amerikalı xoşməramlılar”, “Tonra­tun, erməni tarixi qadınların dili ilə”, “Tezeta”, “Mərhəmətin qızıl zənciri” və sair.
Bunlar isə son 10-15 ildə düşmə­nin Qarabağda işğalçılıq siyasətinə haqq qazandıran filmlərdir: “Mühari­bə və sülh dövründə insan hekayələ­ri”, “Sərhəd”, “Əgər hamı”, “Yarıda qalmış uşaqlıq” və “Тevanik”, “Xətt”, “Son sakin”, “Yeva” (İranın məşhur “Farabi” kino fondu tərəfindən çə­kilib), “Cənnət qapısı”, “Mənim yü­küm”, “Blokada”, “Külək sakitləşər­sə”, “Müharibənin üzləri”, “Suren”, “Olub, olmayıb”, “Luka” və s.
Ötən il çəkilmiş, birgə istehsal olan “Luka” öz vətənini işğaldan qoruyan snayper haqdadır. 2020-ci il istehsalı olan “Blokada” filminin süjetinə əsasən, Birinci Qarabağ mü­haribəsindən sonra Tovuz rayonu ilə sərhəddə yerləşən Çinari kəndində, guya, bizim milli ordumuz 20 dinc sakini qətlə yetirib. “Suren” filmi­nin ötən il Rusiyada premyerası baş tutub. Süjetə görə, hadisələr 2020-ci ilin noyabrında Qarabağda baş verir. Rus hərbçisi 44 günlük müharibə za­manı Qarabağda yaşayan ermənilərin çıxarılması tapşırığını alır. Suren adlı erməni kənddən çıxmaq istəmir. Tele­fonla çəkilmiş “1489” sənədli filmin­də işğalçı əsgərin hekayəsi dünyaya “əzabkeş xalqın faciəsi” kimi təqdim edilir. 44 günlük müharibə haqda olan, Azərbaycana qarşı kadrların yer aldığı “Görünməyən respublika” filmi isə Amerika və Böyük Britaniyada pro­kata buraxılıb. 
Yeri gəlmişkən, sadalanan erməni filmlərinin bir çoxu xarici ölkələrlə, o cümlədən, Fransa, Belçika, Rusiya, Litva, İsveç, Livan, Amerika, Alma­niya, Bolqarıstan, Yunanıstan,Çexiya, İtaliya, Niderland ilə birgə çəkilib. Erməni kinosunun nüfuzlu kinofesti­vallarda iştirakı 74 faizə çatıb, təkcə 2023-cü ildə 10 erməni filmi 28 mü­kafat qazanıb. Bir film isə Oskarın qısa siyahısına düşüb. Hətta millətçi Qaregin Njde haqqında filmdə “əli” olan millətçi rejissor Ruben Qevork­yansın “Adalar” filmi İDFA sənədli kinofestivalının qalibi olub.
Ümid etmək istərdik ki, tezliklə Azərbaycanda da soyqırımı, Qarabağ mövzularına münasibət dəyişəcək və xeyli sanballı tarixi filmlər ortaya qo­yulacaq. “Azərbaycanfilm” kinostudi­yası ildə ən azı bir sanballı film çəkə bilər. Xüsusən də, paralel qurumlar olan Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Res­publikası Kinematoqrafçılar İttifaqı (ARKİ) rəsmi surətdə birləşəndən, Azərbaycan Kino Agentliyinin rəh­bərliyi gücləndiriləndən sonra bunu ummağa haqqımız var.
Əli NƏCƏFXANLIXQ

Избранный
406
xalqqazeti.az

1Источники