RU

Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir

Azərbaycan maliyyə resurslarını fəal şəkildə qeyri-neft sektoruna yönəldir, həm də onun sürətli inkişafı üçün xarici investisiyaları cəlb edir. Son illər həyata keçirilmiş infrastruktur islahatları Azərbaycanın davamlı inkişafına öz töhfəsini verir və bu tendensiya ildən-ilə güclənir. Xüsusilə də qlobal su çatışmazlığı şəraitində mühüm əhəmiyyət daşıyan suvarma sistemlərinin yaxşılaşdırılmasına və inkişafına yönəlmiş layihələrin həyata keçirilməsi ümumi inkişaf üçün strateji önəm daşıyır. Dünya ciddi quraqlıq problemi ilə üz-üzədir və bu amili nəzərə alan ölkələr sudan istifadədə israfçılığa yol verməməyə çalışırlar. Onilliklərdir qlobal səhralaşma problemi ilə üzləşən Azərbaycan da Kür və Araz hövzələrinin dayazlaşması ilə əlaqədar 2019-2021-ci illərdə ciddi suvarma böhranı yaşamışdı. 2022-ci ilin yağışlı yazında suvarma suyu qıtlığı ilə bağlı vəziyyət bir qədər sabitləşsə də, aydındır ki, problemin aradan qaldırılması yalnız yeni su anbarlarının tikilməsindən, suvarma kanallarının modernləşdirilməsindən və qənaətcil suvarma sistemlərindən istifadədən sonra mümkündür. Buna görə də, suvarma suyu çatışmazlığı problemini həll etmək üçün Kiçik Qafqazın bol sulu regionunda çayların və su anbarlarının ehtiyatlarının cəlb edilməsinə böyük əhəmiyyət verilir.
Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, Prezident İlham Əliyevin “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamına əsasən, ölkədə 20 ədəd suvarma kanalının,10 ədəd su anbarının tikintisi nəzərdə tutulur. Mütəxəssislərin fikrincə, bu tədbirlərin həyata keçirilməsi əlavə su ehtiyatlarının yaradılmasına və su ehtiyatlarının düzgün idarə edilməsinə kömək edəcək Aprelin 16-da Prezident İlham Əliyevin Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyması bu böyük prosesin sürətlə aparıldığının bir daha təsdiqi oldu. 1958-сi ildə istismara verilmiş, mənbəyini Mingəçevir su anbarı və Kür çayından götürən, uzunluğu 123,5 km olan Yuxarı Şirvan suvarma kanalı vasitəsilə Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ağsu, Kürdəmir, Şamaxı və Hacıqabul rayonlarının əkin sahələri və Şirvan qış otlaqları suvarılır. Prezident İlham Əliyevin 2024-cü ildə imzaladığı “Şirvan suvarma kanalının yenidən qurulması haqqında” sərəncamında da qeyd olunduğu kimi ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edir. Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının əsasının qoyulması aqrar sahə üçün əlamətdar hadisə oldu. Qeyd olunduğu kimi uzun illər ərzində isitismar olunan Yuxarı Şirvan kanalının böyük hissəsinin yararsız hala düşməsi nəticəsində böyük su itkilərinə gətirib çıxarırdı. Şirvan kanalı istifadəyə verildikdən sonra bu problem aradan qalxacaq. Prezident İlham Əliyevin vurğuladığı kimi yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Bunun da böyük hissəsi yeni suvarılacaq əkin sahələri olacaq. Şirvan kanalının 2027-ci ilin sonuna qədər istifadəyə veriləcəyi gözlənilir.
Qarabağın və ona bitişik yeddi Azərbaycan rayonunun otuz illik işğalı ərzində erməni təcavüzkarları rayonun su infrastrukturunu tamamilə yararsız vəziyyətə salmaları da su təsərrüfatında quruculuq və bərpa işlərinin intensiv aparılmasına zərurət yaradır. Bu gün işğalçıların qovulmasından sonra Azərbaycan regionun bütün əsas çaylarının və su anbarlarının drenajına tam nəzarət edir və uzunmüddətli əsaslarla su infrastrukturunun modernləşdirilməsi üzrə layihələr planlaşdırıb həyata keçirə bilir. Bu, gələcək üçün son dərəcə vacib məqamdır, çünki BMT və bir sıra digər beynəlxalq analitik mərkəzlərin proqnozlarına görə, 2040-cı ilə qədər planetdə əsas qıt resurs içməli və suvarma suyu olacaqdır. Su anbarlarının ölkənin iqtisadi dövriyyəsinə qaytarılması nəticəsində Azərbaycanda şirin və suvarma su sahəsində vəziyyət xeyli yaxşılaşacaq. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resurslarının ümumi su resurslarımızın 25 faizini təşkil etməsini nəzərə alsaq su çatışmazlığının aradan qaldılmasına yönəlmiş addımların ürəkaçan olduğunu qeyd edə bilərik.
Rəşad Mahmudov son olaraq qeyd edib ki, bütün bu irimiqyaslı infrastruktur layihələrin Azərbaycan öz hesabına həyata keçirir. Heç bir beynəlxalq maliyyə dəstəyi almadan belə strateji əhəmiyyətli layihələri reallaşdırır. Bu, bir daha onu göstərir ki, Azərbaycan öz problemlərini müstəqil şəkildə həll etməyi bacaran ölkədir. Prezident İlham Əliyevin bildirdiyi kimi Azərbaycan öz gücünə, öz imkanlarına arxalanan dövlətdir. Kimsədən yardım gözləmədən, öz gücünə, xalqının inamına güvənən Azərbaycan dövləti qarşısında dayanan problemləri həll edir və əlamətdar hadisə olan Şirvan suvarma kanalının təməlinin qoyulması ölkəmizdə həyata keçirilən infrastruktur layihələri arasında xüsusi əhəmiyyət kəsb edir.
Cənab Prezidentin bütün sözləri, verdiyi bütün vədlər hər zaman yerinə yetirilib. Bu baxımdan sözügedən layihələrin icrasının da yüksək səviyyədə yerinə yetiriləcəyinə şübhə yoxdur.

Избранный
332
xalqqazeti.az

1Источники