RU

Heydər Əliyevin Baykal Amur Magistralının qurulmasında xidmətləri unudulmur

Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan Baykal Amur Magistralı (BAM) Rusiyanın İrkutsk vilayəti, Zabaykalye diyarı, Amur vilayəti, Buryatiyr və Yakutiyadan keçir...Transibir magistralı ilə bərabər Rusiyanın Sakit Okean Regionuna çıxışına imkan verən bu nəhəng yol infrastrukturunun tikintisi ilə bağlı ideya hələ XIX əsrdə yaransa da, tədqiqat işlərinə 1920-ci ildən başlanılıb.Layihənin adına ilk dəfə 1930-cu ildə Uzaq Şərq Əyalət Komitəsinin Ümumittifaq Kommunist Partiyasının Xalq Komissarları Sovetinə göndərdiyi məktubda rast gəlinir. Perspektiv planda Baykal Amur Magistralını suyun altı ilə Tatar boğazından Saxalin adasınadək uzanan tunelə birləşdirmək nəzərdə tutulurdu. Lakin Böyük Vətən müharibəsi bu ideyanın reallaşmasına mane oldu. Layihənin strateji cəhətdən önəmli sahələrindən biri hesab edilən Komsomolsk-Amur-Sovetskaya Qavan sahəsi 1943-1945-ci illər arasında, Tayşet-Ust-Kut sahəsi isə 50-ci illərdə istismara verilmişdi. Həmin dövrdə layihənin başa çatdırılması nəzərdə tutulsa da, İosif Stalinin vəfatı həm Baykal Amur, həm də Transqütb magistralı kimi yeni dəmir yolu nəqliyyatı şəbəkələrinin istismara verilməsinə mane oldu.Nəhayət, 1967-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Sovetinin qərarı ilə Baykal Amur magistralının keçəcəyi ərazilərdə tədqiqat işləri bərpa edildi. Bu prosesə təkan verən amillərdən biri həmin dövrdə SSRİ ilə Transsibir magistralının sərhədləri yaxınlığından keçdiyi Çin arasındakı münasibətlərdə yaranan durğunluq idi.Həmin dövr üçün belə bir genişmiqyaslı layihənin həyata keçirilməsi mütərəqqi hadisə hesab olunurdu. Bunun daha bir səbəbi SSRİ-nin dünya miqyaslı nəhəng nəqliyyat infrastrukturuna sahib olmaq istəyi idisə, digər səbəb Çin kimi ölkələrdən asılılığa son qoyulması məqsədləri ilə bağlı idi. Beləliklə, Baykal Amur Magistralının tikintisinə hazırlıq prosesi 1972-ci ildən start götürdü. 1974-cü il isə bu layihə üçün önəmli dövrün başlanğıcı oldu. Çünki həmin ilin aprelində Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqının 17-ci Qurultayı sözügedən nəhəng layihənin "Zərbəçi Kommunist layihəsi" adlandırılmasına qərar verdi.Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti "Baykal Amur Magistralının İnşası haqqında" Qərar verdi. Magistralın tikintisinə Sovet İttifaqının vətəndaşı olan 70 fərqli xalqın təmsilçisi cəlb olunmuş, layihənin icrasına rəhbərlik isə həmin dövrdə SSRİ Nazirlər Sovetinin sədr müavini işləyən Heydər Əliyevə tapşırılmışdı. Heydər Əliyev həm də tikinti işləri zamanı ayrı-ayrı inşaat sahələrinə gedərək, işlərlə yerində tanış olan və Siyasi Büroya təqdim edilməsi məqsədilə hesabat hazırlayan ilk rəhbər şəxs idi. Həmin illərdə layihənin başa çatdırılmasına mane olan bir faktor da vardı. Bu isə bilavasitə Severomuysk tunelinin inşası ilə əlaqəli idi. O dövrü yaxşı xatırlayanlar bilir ki, inşaatçılar Baykal gölünün dərinliklərinə enməli idilər. Məhz Heydər Əliyev həmin sahədə alternativ marşrutun seçilməsi ideyasını dəstəkləyərək, bu çətinliyin aradan qaldırılmasına nail ola bilmişdi.O vaxtkı ittifaq rəhbərlərindən yalnız Heydər Əliyev işlərə yerində nəzarət etmək üçün gah uzunboğaz çəkmələri ilə gölün içərisindən keçərək, gah da hərbi helikopterlərdə saatlarla davam edən uçuşlardan sonra yerində müşavirələr keçirərək işlərin gedişatına şəxsən nəzarət edirdi. SSRİ-də yüksək vəzifəli şəxsin sadə əməkçilərin yanında olması həmin dövr üçün qeyri-adi hadisə hesab olunurdu. Heydər Əliyevin daha bir məsələdə xidmətləri vardı. Bu isə "Azərbaycan Komsomolçusu" adlı tələbə-inşaat dəstəsinin yaradılmasında bilavasitə iştirakla bağlı idi. Belə ki, həmin dəstə Tayqaya gedərək dağın ətəyində inşaatçılar üçün ilk adı Ulkan olan qəsəbənin inşasına cəlb olunmuşdu. Sonradan həmin qəsəbənin adı dəyişdirilərək Anqoya adlandırılmışdı. "Azərbaycan Komsomolçusu" adlı tələbə-inşaat dəstəsinin səyi nəticəsində "Ulkan" stansiyasının və magistralın 210 kilometrliyində yerləşən eyniadlı qəsəbənin inşası nəzərdə tutulduğundan daha tez, cəmi iki aya başa çatdırıldı.Həmin ərazilərdə yaşayanlar və ora ayrı-ayrı dövrlərdə rəhbərlik etmiş şəxslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini bu gün də unutmayıblar. Belə ki, 2008-ci ildə aparılan təmir-bərpa işlərindən sonra həmin ilin iyul ayının 18-də keçirilən təntənəli mərasimdə Baykal Amur Magistralının Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.Rusiya hökuməti bu magistralın uzunluğunun 2030-cu ilədək 3,5 min kilometrə qədər artırılması barədə qərar qəbul edib.Ümummilli lider, ulu öndər Heydər Əliyevin xidmətləri Rusiyanın nüfuzlu dövlət və siyasi xadimləri tərəfindən də hər zaman yüksək qiymətləndirib.Ümummilli Lideri Heydər Əliyev 1999-cu ilin iyulunda BAM-ın 25 illiyinin qeyd olunması üçün yaradılmış Təşkilat Komitəsinə yazdığı məktubda bildirmişdi: “Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar. BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır”.Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bildirir ki, Heydər Əliyev görkəmli siyasi xadim, ölkələrimizin tarixində birlik tərəfdarı olan bir fiqurdur: "Çox yaxşı məlumdur ki, biz Baykal Amur Magistralının inşasının yubileyini layiqli şəkildə qeyd etmişdik. Həmin dövrdə həm Dövlət Duması, həm də Federasiya Şurasında sərgilər təşkil olundu, həm də televiziya kanallarında silsilə sənədli filmlər nümayiş etdirildi. Eyni zamanda, Rusiyanın regionlarında da çoxsaylı tədbirlər təşkil olunmuşdu. Mən onlardan Həştərxan və Dağıstanın adlarını qeyd etmək istəyirəm. Eyni zamanda, onu da qeyd edim ki, Baykal Amur Magistralının özündə də bu yubiley səbəbindən əzəmətli bayram tədbiri təşkil edilmişdi. Kazan, Həştərxan, Dağıstan və elə BAM-ın özündə də Heydər Əliyevi yaxşı xatırlayırlar. Anqoyadan Moskva-Tında qatarının yola salınması mərasimi də, əhalinin yaddaşında silinməz iz buraxıb. Xatırladım ki, həmin vağzala Heydər Əliyevin adı verilib. Sovet İttifaqının bu görkəmli layihəsi Heydər Əliyevin adı ilə bağlıdır".Federasiya Şurasının sədri Valentina Matviyenkonun sözlərinə görə, Baykal Amur Magistralının inşasında iştirak edənlər xatırlayır ki, 1984-cü ildə birbaşa hərəkət zolağının açılışından əvvəlki təftiş prosesində Heydər Əliyev çətin keçilən əraziyə daxil olmadan oradan keçməyə imkan verən alternativ yolun tikintisinə qərar verdi: "Burada diqqət çəkən amil ondan ibarət idi ki, o, bunu Moskva ilə razılaşdırmadan etmişdi”."BTS-MOST" ASC-nin İdarə Heyətinin sədri Ruslan Baysarov isə Rusiya Prezidenti Vladimir Putinlə görüşündə "Severomuysk" tuneli də daxil olmaqla, yolun üzərindəki 10 tunelin hər birinin "Bamtonnelstroy"un inşaatçıları tərəfindən tikildiyini bildirir. Deyir ki, "Severomuysk" tuneli indiyədək onların inşa etdiyi ən çətin tuneldir. Belə ki, hələ o vaxt əcnəbi mütəxəssislər onun tikilməsi ideyasından ümumiyyətlə imtina olunmasını məsləhət görüb: "1984-cü ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsisinin Siyasi Bürosunun üzvü Heydər Əliyev tikinti sahəsinə gəlmişdi. Əvvəldən 8 tunelin tikilməsi planlaşdırılırdı. Lakin Heydər Əliyev bura gələndə inşaatçılar ona izah etdilər ki, əlavə olaraq iki tunel də tikilməlidir. Beləliklə, Heydər Əliyev yerindəcə müvafiq qərar qəbul etdi və nəticədə tunellər inşa olundu. Çox mürəkkəb və maraqlı obyektlərdən biri olan bu tunel hələ də dünyanın ən çətin tikililərindən biri hesab olunur".Heydər Əliyevin xidmətləri SSRİ Nəqliyyat və Rabitə Nazirliyi tərəfindən də yüksək qiymətləndirilib. O vaxt nazir vəzifəsində işləyən Nikolay Konarev deyir ki, magistralın 1988-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı:"Layihənin icrasına Heydər Əliyev cavabdeh olduğuna görə tikinti işlərinin gedişi hər zaman onun diqqət mərkəzində idi. Biz sifarişçi, Nəqliyyat İnşaatı Nazirliyi isə icraçı idi. Həmin vaxt nazirliyə İvan Dmitriyeviç Sosnov başçılıq edirdi. Bir qədər sonra isə Brejnevin yaxın qohumu Vladimir Arkadiyeviç bu vəzifəyə təyin olundu. O, mən və Heydər Əliyev bu layihənin fəaliyyətini birlikdə yönləndirirdik. Tikinti ləngiməyə başlayanda Heydər Əliyev tikintisi sahəsinə getməyə qərar verdi. Bu qərar isə ondan ibarət idi ki, yolun 52-ci kilometrliyində alternativ keçid inşa edilməli idi. Bir qədər gecikməli olsa da, yolda hərəkətin bərpasına nail olundu".O dövrün şahidləri deyir ki, bu magistral Sovet İttifaqı insanının yaddaşında silinməz iz buraxıb. Bu gün SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, Baykal Amur Magistralının kuratoru Heydər Əliyevin işıqlı xatirəsi hər bir sovet insanının qəlbində hələ də yaşayır. Heydər Əliyev SSRİ-nin daxili siyasətinin ən önəmli istiqamətinə cavab verirdi. Onlardan biri də Baykal Amur Magistralı idi. Zəmanə göstərdi ki, hökumətin bu addımı yerində verilən məntiqli qərarın nəticəsi, həm də irəliyə atılmış strateji bir addım idi.Həmin dövrdə komissiya üzvlərini tikinti sahəsinə aparan helikopterdə onlarla birgə olmuş jurnalist Yevgeni Boqaçov xatırlayır ki, Anqoya stansiyasının təməli qoyulmazdan Severobaykalsk və Severomuyska səfər etmişdilər. O zaman heyət üzvlərindən biri əlindəki dəmir çəkici Heydər Əliyevə verib və ondan ilk zərbəni vurmasını xahiş etmişdi:"O zaman Heydər Əliyev çəkicin ağırlığına çox təəcüblənmişdi. O, tələsmədən, qərarlı bir şəkildə çəkici şpalın üzərinə vurdu və üzündəki təbəssümlə ona bu imkanı yaratdıqları üçün inşaatçılara təşəkkür etdi. Onlar isə Heydər Əliyevi uğurlu zərbəsi münasibətilə təbrik etmişdilər".Həmin illərdə rayon qəzetinin gənc müxbiri olan Nikolay Konarev deyir ki, inşaatçılar Heydər Əliyevi ölkənin ən əsas tikintisində uğurlu debütü münasibətilə təbrik etdilər.O dövrün gənc jurnalisti Konarev Heydər Əliyevlə magistralın 781-ci kilometrliyindəki həmin görüşlə bağlı xatirələrini "Anqoya üzərindən mahnı müşayiəti ilə" adlı oçerkində yazmışdı. Həmin oçerk "Гудок" qəzetində çap olunaraq böyük oxucu kütləsi qazanıb.Azərbaycan inşaatçılarından Baykal Amur Magistralına iki yeni və misilsiz memarlıq üslubuna malik qəsəbə və vağzal xatirə olaraq qalıb. Hazırda burada onlarla azərbaycanlı ailə yaşayaraq qəsəbənin inkişafına töhfə verməkdədirlər.Heydər Əliyevin BAM-ın qurulmasında xidmətləri yüksək dəyərləndirilib. Belə ki, "Rossiyskaya Qazeta"nın 2013-cü ildə dərc olunan nömrələrindən birində yazılmışdı ki, strateji cəhətdən önəmli olan bu magistral Avrasiya məkanının nəqliyyat qovşaqlarını Sakit okeanla birləşdirməyə xidmət edir:"SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əliyev 4324 kilometr dəmir yolu xətti, on biri nəhəng olan onlarla çayın üzərindən keçən 2230 körpü, 11 200 dəmir yolu stansiyası, şəhərlər və qəsəbələr üzərindən keçən bu nəhəng nəqliyyat qovşağının tikintisinə rəhbərlik edib".Heydər Əliyevin xidmətləri "Nezavizimaya qazeta" və "Komsomolskaya Pravda"nın 2014-cü il, yenə də "Nezavisimaya qazeta" nəşrinin 2023-cü ildəki nömrələrindən birində qeyd edilib.Həmin yazılarda Heydər Əliyevin XX əsrdə Avrasiya regionunda geosiyasi cəhətdən əhəmiyyətə malik, eyni zamanda, ən nəhəng nəqliyyat infrastrukturu layihəsinin rəhbəri olduğu qeyd edilirdi. Digər tərəfdən, Heydər Əliyevə həsr olunmuş "Öndər" kitabında yazılıb ki, bu təkcə onun rəhbərlik istedadının göstəricisi deyildi. Heydər Əliyev bu layihəyə rəhbərlik etməklə adını dünyamiqyaslı idarəçilərin sırasına yazdırmağa nail olmuşdu. Həmin məqalələrdə bu cür nəhəng layihənin Heydər Əliyevə tapşırılmasının əhəmiyyətindən bəhs olunurdu. Bu məqalələrdə sözü gedən yolun inşasına mane olan səbəblər təhlil edilir, Heydər Əliyevin bu çətinliklərin aradan qaldırılmasındakı rolu yüksək dəyərləndirilirdi.Bildirilirdi ki, o dövrdə SSRİ Nazirlər Sovetinin xüsusi komissiyası Heydər Əliyevin rəhbərliyi ilə layihənin ən həssas nöqtələrini müəyyən edərək ortaya çıxarmışdı. O dövrdə Almaniyada təqribən analoji inşaat işləri zamanı faciə baş vermişdi. Bundan sonra xarici ekspertlər BAM-ın inşasını dayandırmağı tövsiyə etmişdi. Lakin Heydər Əliyev alternativ üsullardan istifadə barədə qərar qəbul etməklə, layihənin uğurla başa çatdırılmasına nail oldu."Rossiyskaya Qazeta"nın 2023-cü ildəki nömrələrindən birində də bu layihəyə həsr olunan məqalə çap olunmuşdu. Bu yazıda onun tükənməz enerjiyə və işgüzarlıq qabiliyyətinə malik olduğu qabardılmış, həmin cəhətlər sayəsində Baykal Amur Magistralı kimi nəhəng layihələrin həyata keçirilməsinin mümkünlüyü qeyd edilmişdi.Məqalələrin demək olar ki, hamısında Heydər Əliyevin ən çətin, bəzən də o qədər də geniş yayılmayan qərarlar qəbul etdiyi halda heç vaxt səhvlərə yol verməməsinə diqqət çəkilirdi. Bildirilirdi ki, Heydər Əliyev bu layihənin inşasına ürəklə yanaşıb. Hazırda BAM buraxılış gücündən daha artıq səviyyədə işləməkdədir. Bu isə onu göstərir ki, Heydər Əliyev və onun silahdaşlarının gərgin zəhməti heç də hədər getməyib.Yazıların hamısında bu mürəkkəb layihənin təkcə inşaatçıların, layihələndirmə mütəxəssislərinin, dəmir yolu işçilərinin işlərinə görə təkcə bir deyil, onlarla şəxsin cavabdeh olduğu, lakin ən ağır yükün yalnız Heydər Əliyevin çiyinlərində olduğu xüsusilə vurğulanır.Poliqon.info

Избранный
468
poliqon.az

1Источники