RU

Sovet nüvə tədqiqatlarının azərbaycanlı rəhbəri

Onun adını ilk dəfə ötən əsrin 80-ci illərində eşitmişəm. İndiki AMEA-nın bağında söhbət etdiyim gənc fizika alimi bir müddət Moskvada və Leninqradda təhsil almışdı. Tanışım söhbət əsnasında Rusiyada yaşayan bir alimin adını şəkdi: “Çayxorski”. Düzü, bu soyad o vaxt mənə qəribə gəldi. Tanışım tam ciddiyyətlə onu da əlavə edib dedi ki, bilirəm, bu familiya, əslində, az adama tanışdır, çünki alimin adı “məxfilər” siyahısındadır, amma nüvə texnologiyası sahəsində çalışan mütəxəssislər onu çox yaxşı tanıyırlar.
Abbas Çayxorski — SSRİ nüvə reaktorlarının qəbulu üzrə Dövlət Ko­missiyasının sədri (1969-1991), SSRİ Dövlət mükafatı laureatı, neptunium elementinin kimya sənayesində dünya şöhrətli tədqiqatçı, yeni Dövri sistem­lər cədvəlinin yaradıcısı, kimya elmləri doktoru, professor.
Abbas Abbasəli oğlu Çayxorski 21 yanvar 1917-ci il tarixdə indiki İrəvan quberniyasının Basarkeçər qəzasının Çaxırlı kəndində anadan olmuşdur. 1918-ci ildə Qərbi Azərbaycanda er­mənilər tərəfindən öz doğma yurdla­rından qovulması nəticəsində Abbasın ailə üzvləri əvvəlcə Ağdama, oradan da Ağdaşa köçürlər. Gələcək alimin uşaq­lıq və yeniyetməlik illəri Ağdaşda keçir. O, burada orta məktəbi bitirərək Bakıya gəlir, əvvəlcə texnikuma, sonra isə Bakı Dövlət Universitetinin kimya fakültə­sinə daxil olur.
Abbas Çayxorskinin atası Abbasəli 1920-ci illərin ortalarında həbs olun­muş və məlumatlara görə, 1930-cu il­lərdə sürgündə vəfat etmişdir. Əslində isə o, 1937-ci ildə NKVD tərəfindən güllələnib. Abbas Böyük Vətən müha­ribəsinin başlanması ilə əlaqədar olaraq universitetdə təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanıb.
İki ay Bakı artilleriya məktəbində təhsil almış, 1941-ci ilin avqustundan Qafqaz, Krım və Şimali Qafqaz cəbhələri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1942-ci ilin avqustunda yara­lanaraq hospitala götürülən Abbas, sa­ğaldıqdan sonra baş serjant rütbəsində yenidən ön cəbhəyə qayıdır, 48-ci atıcı alayında telefon rabitəsi bölməsinə baş­çılıq edir, 1945-ci ilin yanvarında Kali­ninqrad istiqamətində gedən döyüşlərdə 2-ci dəfə yaralanır, həmin ilin fevralın­da göstərdiyi qəhrəmanlığa görə 3-cü dərəcəli Şöhrət Ordeni ilə təltif olunur.
Gənc zabit 1945-ci ilin 21 aprelində Pillau (indiki Baltiysk, Kalininqrad vi­layəti) şəhəri uğrunda gedən döyüşlərdə yenidən fərqlənmiş və iyunda “Qızıl ul­duz” ordeninə layiq görülmüşdür.
Müharibədən sonra Bakıya dönən Çayxorski universitetdə təhsilini davam etdirməyə başlayıb və tezliklə onu təh­sil əlaçısı, Stalin təqaüdçüsü kimi SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə Leninqrad Universitetinin kimya fa­kültəsinin 4-cü kursuna, yenicə açılmış radiokimya bölməsinə keçiriblər.
Çayxorski 1947-ci ildə Çelya­binskdə yenicə təşkil olunmuş Atom Mərkəzinə işləməyə göndərilib və bu­rada akademik İqor Kurçatovla birlikdə fəaliyyət göstərib. O, Kurçatovun ən la­yiqli tələbələrindən və davamçılarından biri hesab olunurdu. Həmin mərhələdə soydaşımız nüvə reaktorunun təhlükə­siz istismar prosesini tədqiq etməyə başladı. Bu üsulu alimin həmkarları yarıciddi-yarızarafat “Çayxorski çaxırı” (“Портвейн Чайхорского”) adlandırır­dılar.
1948-ci ildə ilk Sovet atom reaktoru işə salınanda Abbas, Çelyabinsk Atom Mərkəzində kiçik elmi işçi idi. Tezliklə gənc tədqiqatçı radioaktiv elementlərin kimyəvi tərkibinin tədqiqi işinə cəlb olundu. Həmin dövrdə atom sənayesi­nin təkmilləşməsində daha bir məşhur bakılı alim, akademik Lev Landaunun da diqqətini çəkən Çayxorski tezliklə elmi və vəzifə pillələri ilə irəliləməyə başladı. 
Bir haşiyə çıxaraq demək istəyirəm ki, akademik Kurçatovun Azərbaycana xüsusi rəğbəti vardı. Görünür, bu da onun Bakıya bağlılığından irəli gəlirdi. Axı gələcəyin böyük alimi Rusiyada texniki ali məktəbdə ali təhsil aldıqdan sonra Bakıya gəlmiş, burada Azərbay­can Politexnik Universitetinin fizika kafedrasında assistent işinə qəbul olun­muşdur. O, Bakıda tanış olduğu Marina adlı xanımla sonralar ailə qurmuşdu. Marina gələcəyin daha böyük bir ali­mi–akademik Kirill Sinelnikovun bacı­sı idi. Kirill həmin dövrdə Bakı Dövlət Universitetində fizika və elektrotexnika kafedrasında dərs deyirdi.
Abbas Çalyabinskdə öz tələbə yol­daşı Yevgeniya Romanova (Çayxorska­ya) ilə ailə qurur və 1953-cü ildə onların övladı Aleksandr dünyaya gəlir. Əldə olan xatirələrdən belə məlum olur ki, Abbas Çayxorski istedadlı alim olmaqla yanaşı, ciddi ata, obyektiv insan olmuş­dur. O illərin ab-havasını əyani göstərən daha maraqlı bir faktı alimin öz oğlu Aleksandrın xatirələrindən oxuyuruq. Məsələ burasındadır ki, Aleksandrı 1973-cü ildə Leninqrad Universitetin­dən qovurlar, həmin vaxt rektor Abbas Çayxorskinin yaxın dostu idi. Ancaq bu dostun nə Aleksandrın oradan qovulma­sından, nə də ümumiyyətlə həmin uni­versitetdə tələbə olmasından xəbəri yox imiş. Bir sözlə, “tanışlıq”, “tapşırma” kimi imtiyazlar Abbas Çayxorskiyə (və yalnız ona yox) tamamilə yad idi ki, bu da alimin mənəvi keyfiyyətlərini əyani əks etdirir.
Yeri gəlmişkən, ali məktəbdən qovu­lan Aleksandr orduya xidmətə yollanır və hərbi xidmətini başa vurduqdan sonra iki il neft mədənlərində, Bakı Şin zavo­dunda və s. yerlərdə baş verən yanğınla­rın söndürülməsində iştirak etmiş, işinin öhdəsindən uğurla gəldiyinə görə hərbi xidmətdən sonra yenidən universitetə bərpa olunmuşdur. Aleksandr 1981-ci ildə Azərbaycana bir daha qayıtmış – bu dəfə geoloq kimi Qarabağda və Salyanda ekspedisiyalarda çalışmışdır.
Çayxorski 1955-ci ildə Kurçato­vun xeyir-duası və akademik Xlopinin dəvəti ilə Leninqraddakı Atom Sənaye­si Nazirliyində fəaliyyətə başlamışdır. O, 1969-cu ildə atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə SSRİ Dövlət Komissiyasının rəhbəri təyin olunub və bu vəzifədə SSRİ-nin süqutuna qədər – 22 il çalışır. 
Bu 22 il ərzində ailədə daha mühüm bir hadisə baş verir – oğlu Aleksandr mühacirət edir. Aleksandrın SSRİ-dən getmək cəhdi 10 il davam edir, sonun­da o, İsveç vətəndaşı olan bir qadınla nikaha girərək, 1987-ci ildə Stokholma yollanır, daha sonra Amerikaya köçür.
Abbas Çayxorskinin nəzəri tədqiqatları elm aləmində yüksək qiymət­ləndirilir. O, neptunium elementinin kimya sahəsində tədqiqi üzrə dünya şöhrətli tədqiqatçıdır. Alimin hələ 1970-ci ildə hazırladığı elementlərin dövri sistemi cədvəli (Mendeleyev cəd­vəlinin modifikasiyası) keçmiş SSRİ-də radiokimya sahəsində müəllimlərin ix­tisasını artırmaq fakültələrinin tədris proqramına salınmışdı. Beşinci kvant ədədinin kimya elminə gətirilməsi də məhz Abbas Çayxorskinin adı ilə bağ­lıdır. Həmin kvant ədədinin elmə əv­vəldən məlum olan dörd kvant ədədi ilə birlikdə öyrənilməsi digər elementlərin atomlarının xassələrini daha dərindən və hərtərəfli öyrənməyə imkan yaratdı. 
Alimin ən böyük uğurlarından biri də kimya elminin əldə etdiyi yeni nai­liyyət və kəşflərinə istinad edərək Men­deleyev cədvəlinin əlavələr edilməsi ilə bağlıdır. O, “Yeni Dövri sistemlər cəd­vəlinin” müəllifi hesab olunur. 
Azərbaycan, rus və xarici ölkə mət­buatında Çayxorski ilə bağlı az da olsa məlumatlara rast gəlmək mümkündür. Məşhur alim 2004-cü ilin aprelində Ba­kıda olarkən “Azerbaydjanskie İzvesti­ya” qəzetinin müxbiri ondan müsahibə almış və bu müsahibəni qəzetin 2004-cü il 3 aprel tarixli nömrəsində dərc et­dirmişdir. 
Əldə edilən yığcam məlumatlardan bəlli olur ki, 1997-ci ilə qədər Abbas Çayxorski Rusiya Federasiyasında ya­şayıb və 1997-ci ildə ABŞ-a, Nevada Ştatına, oğlunun yanına köçüb. Lakin onun ABŞ-a köçməsi, qeyd etdiyimiz kimi, elə də asan olmayıb. O, vətəndaş­lığını dəyişmək haqqında ərizə verdik­də (onun artıq 80 yaşı var idi və ağır xəstəliyə düçar olmuşdu) Rusiya Fe­derasiyasının xüsusi xidmət orqanları onun SSRİ dövründə gərgin əməyi ilə əldə etdiyi bütün elmi adları, titulları­nı almış, həmçinin öz elmi istiqaməti sahəsində heç bir ölkədə danışmamaq və tədqiqat aparmamaq haqqında, necə deyərlər “öz dilindən” rəsmi razılıq sənədi almışlar. 
Bununla da Abbas Çayxorski kimi böyük xidmətləri olan bir şəxsiyyəti elmin tarixi səhifələrindən silmək istə­mişdilər. Halbuki alimin 1949-1985-ci illər arasında 96 elmi əsəri məhdud da­irədə çap olunaraq, bu günəcən RF-nin qapalı elmi ədəbiyyatları arxivində sax­lanılmaqdadır. 
ABŞ-da olarkən də bir sıra nüfuzlu beynəlxalq elmi toplantılarda iştirak et­mişdir. Azərbaycanlı alimin adı elmi da­irələrdə Spitsin, Penniman, Siborq kimi Nobel ödülçülərinin adı ilə yanaşı çəki­lir. Onu, adətən, “Sovet atom sənaye­sinin məxfi, sirli ulduzu” adlandırırlar. 2004-cü ildə Azərbaycan MEA Abbas Çayxorskiyə fəxri doktor adı vermişdir.
Abbas Çayxorski 2008-ci il avqus­tun 27-də ABŞ-ın Nevada ştatındakı Rino şəhərində 91 yaşında vəfat etmiş­dir. Məndə olan məlumata görə, alimin nəşinin külü, öz istəyinə uyğun olaraq, Bakının köhnə qəbiristanlığında dəfn edilib. Qəbri nurla dolsun, ruhu şad ol­sun.
Firuz MUSTAFA, Əməkdar incəsənət xadimi

Избранный
446
xalqqazeti.az

1Источники