“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar.
Debit.az xəbər verir ki, bununla bağlı AZTV bəyanat yayıb.
Bəyanatda bildirilir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq-mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməyi tələb edirik”, – bəyanatda deyilir.