RU

Arterial hipertoniyanın müalicəsi necə aparılır? - Həkim AÇIQLADI - FOTO

"Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir".
 
Bunu Səhiyyə Nazirliyi C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun şöbə müdiri Tofiq Cahangirov deyib. 
 
Moderator.az müsahibəni təqdim edir:
 
- Tofiq müəllim, ilk öncə arterial hipertoniya və xəstəliyin əsas əlamətləri haqqında məlumat verərdiniz...
 
- Arterial hipertoniya (AH) – arterial təzyiqin 140/90 mm civə sütunundan (Hg) yuxarı qalxması halıdır. Xəstəliyin spesifik simptomları yoxdur.
 
Əgər siz özünüzdə güclü baş ağrısı, ümumi zəiflik, qulaqlarda səs-küy, ürəkbulanma, başgicəllənmə, sürətli yorğunluq kimi əlamətləri hiss edirsinizsə, bu zaman qan təzyiqinizi yoxlayın. Çünki bunlar yüksək qan təzyiqinin əlamətləri ola bilər.
 
- Bildiyimiz kimi, mayın 17-si Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günüdür. Beynəlxalq günün mahiyyəti haqqında qısa məlumat verərdiniz....
 
- 2005-ci ildən etibarən hər il mayın 17-si Ümumdünya Hipertoniya ilə Mübarizə Liqası və Beynəlxalq Hipertoniya Cəmiyyətinin təşəbbüsü ilə Ümumdünya Arterial Hipertoniya ilə Mübarizə Günü qeyd edilir.
 
Beynəlxalq günün keçirilməsində əsas məqsəd geniş ictimaiyyət arasında bu xəstəlik haqqında məlumatlılığın artırılmasına dəstək vermək, insanlara qan təzyiqini mütəmadi olaraq ölçməsi, düzgün qidalanma rejiminə riayət edilməsi, aktiv həyat tərzinin və pis vərdişlərdən imtinanın zəruriliyini xatırlatmaqdır.
 
- Arterial hipertoniyanın təsnifatı necə aparılır?
 
- Arterial hipertoniyanın (AH) optimal, normal, yüksək normal, 1-3 dərəcəli AH kimi təsnifatlaşdırılırması tövsiyə edilir.
 
Optimal qan təzyiqi 120/80 mm Hg, normal qan təzyiqi 120-129/80-84 mm Hg, yüksək normal qan təzyiqi isə, 130-139/85-89 mm Hg hesab olunur.
 
Ümumiyyətlə, arterial hipertoniya müxtəlif dərəcələrə görə təsnifatlaşdırılır. I dərəcəli arterial hipertenziya zamanə təzyiq 140-159/90-99 mmHg, II dərəcəli 160-179/100-109 mmHg, III dərəcəlidə 180/110 mmHg-dən çox, təcrid olunan sistolik arterial hipertoniyada 140 mmHg-dən çox, diastolikdə isə 90 mmHg-dən az olur.
 
Sistolik qan təzyiqində artım qeydə alınarsa, təcrid olunan sistolik arterial hipertoniya, diastolik qan təzyiqində artım müşahidə olduğu təqdirdə isə təcrid olunan diastolik arterial hipertoniya müşahidə olunur. Bu hallarda, arterial hipertoniya dərəcəsi ən yüksək təzyiq səviyyəsi ilə müəyyən edilir.
 
- Arterial hipertoniyanın diaqnozu necə müəyyən edilir?
 
- Yüksək qan təzyiqi aşkarlandığı və ya şübhələndiyiniz halda, həkimə müraciət etmək vacibdir. Ən yaxşısı isə həkimə müraciət edərkən, yanınızda son iki həftə üçün qan təzyiqi gündəliyinin olmasıdır. Sorğunun və müayinənin nəticələrinə əsasən həkim əlavə diaqnostik üslub seçəcək. Həkim diaqnozun təsdiqi və ya təkzibi, simptomatik və ya ikincili hipertoniyanın istisna olunması, yəni, başqa bir xəstəliyin səbəb olduğu hipertenziya zamanı əlaqəli risk faktorlarının qiymətləndirilməsini aparır. Bundan əlavə, həkim hədəf orqan zədələnməsinin (yüksək qan təzyiqinin mənfi təsirlərinə həssas olan hədəf orqanlar, məsələn, ürək, böyrəklər, qan damarları və s.), müalicə üslubuna təsir edən xəstəliklərin (məsələn, şəkərli diabet) aşkarlanmasını müəyyənləşdirir və müalicə taktikasını seçir.
 
- Simptomatik arterial hipertoniya haqqında məlumat verərdiniz.
 
- Simptomatik hipertoniya 5-10% hallarda baş verir. Bunun səbəbi yalnız xəstəliklər deyil, həm də xarici amillər ola bilər. Bu amillərə hamilə qadınlarda arterial hipertenziya, böyrək parenximasının və böyrək damarı xəstəlikləri, birincili hiperaldosteronizm, Kuşinq sindromu, aortanın koarktasiyası aiddir.
 
- Doktor, hipertoniya üçün əlaqəli risk faktorları necə qiymətləndirilir?
 
- Arterial hipertoniya zamanı optimal müalicə taktikasını seçmək üçün əlaqəli risk faktorlarını öyrənmək vacibdir. Həkim ilk növbədə yaş faktoruna (55 yaşdan yuxarı kişilər, 65 yaşdan yuxarı qadınlar) diqqət yetirməlidir. Bundan əlavə, ürək-damar xəstəliklərinin (55 yaşa qədər kişilərdə, qadınlarda isə 65 yaşa qədər) irsi faktoru yoxlanılır.
 
Təbii ki, tütünçəkmə və zərərli qidalardan istifadə öz mənfi təsirini göstərir. Həmçinin, dislipidemiya, yəni yüksək xolesterol və ya onun fraksiyalarından biri, məsələn, LDL və abdominal piylənmə mütləq yoxlanılır.
 
- Arterial hipertoniyanın müalicəsi necə aparılır?
 
- Müalicəni təyin edərkən həkim qarşısına qan təzyiqi səviyyəsinin 140/90 mmHg-nə çatdırılması, hədəf orqanının qorunması və dəyişdirilə bilən risk faktorlarının aradan qaldırılması kimi məqsədlər qoyur. Eyni zamanda, başlıca məqsəd ürək-damar xəstəliklərinin uzunmüddətli ümumi riskinin mümkün qədər aradan qaldırılması, bəzi hallarda isə (məsələn, şəkərli diabet zamanı) qan təzyiqi səviyyəsinin daha da azalmasına nail olmaqdır.
 
Dəyişdirilə bilinən risk faktorlarının aradan qaldırılması müalicənin ən vacib komponentidir. Hipertoniya ilə mübarizə aparan şəxs çəkinin normallaşmasına diqqət etməli, duz istifadəsini məhdudlaşdırılmalı, siqaret və spirtli içkilərdən tam imtina etməlidir.

 

Избранный
194
17
moderator.az

10Источники